Bu modelin aqoniyasına az qalıb

Qaşqay İsmayıl

Keçən ilin müvafiq dövrü ilə müqayisədə, bu ilin yanvar-iyun aylarında Azərbaycanda neft hasilatında 3.4 faiz azalma müşahidə olunub. Hasilatda xüsusilə azalma AÇG yatağında baş verir, belə ki, bu blokdan 11.4 milyon ton (6.6 faiz az) neft çıxarılıb. Təxmin etmək olar ki, bu il Azərbaycanda neft hasilatı 2 milyon tona qədər azalacaq

Düzdür, son 7 ay ərzində, yəni yanvar-iyul aylarında AÇG blokundan Neft Fonduna olan ödənişlərin həcmi keçən illə müqayisədə 10 faiz artaraq, 3 milyrd dollara yaxınlaşıb. Bu da dünya bazarlarında neftin yüksək qiymətləri hesabına baş tutub. Lakin nəzərə almalıyıq ki, neftin indiki qiymətlərinə nəinki uzunmüddətli perspektivdə əsaslanamaq olmaz, yaxın aylarda da qymətlərin enməsinə təsir edə biləcək xeyli faktorlar mövcuddur. Məsələn, ABŞ Federal Ehtiyatlar Sisteminin dollar emissiyasını məhdudlaşdırmasından tutmuş İranla bağlı yeni nüvə sazişinin imzalanmasına qədər, bir çox hadisələr neftin yenidən ucuzlaşmasına gətirib çıxara bilər. Belə bir ucuzlaşmaya isə, artıq Azərbaycanın immuniteti qalmayıb

Hələlik hökumət özünün əsas vəzifəsini, büdcəni icra etməyi “uğurla” həyata keçirir. Hazırki mövcud iqtisadi strukturda büdcənin icrası naminə iqtisadi inkişaf, azad biznes, sənaye və kənd təsərrüfatının sonuncu qalıqları da qurban verilir, çünki Neft Fondunun gəlirləri hələ də minimum ehtiyacları ödəməyə imkan verir. Amma neft qiymətlərinin növbəti kəskin ucuzlaşması baş verərsə, bu modelin aqoniyasına qısa müddətdə son qoyulacaq. Getdikcə azalan hasilat və qeyri-sabit qiymətlər fonunda, neftə əsaslanan büdcə böyük risk deməkdir.