Hökumət saxta raportlar təcrübəsini davam etdirir

Qaşqay İsmayıl

Vergi ödəyicilərinin sayının 4 faiz artması ilə bağlı İqtisadiyyat nazirinin verdiyi məlumatın, cəmiyyətin bütün təbəqələrində aşkar etirazla qarşılanması, iqtisadi tənəzzülü gizlətməyin artıq mümkün olmamasının göstəricisidir. Insanları müxtəlif yollarla vergi ödəcəyicisinə çevirmək, kiçik və əhəmiyyətsiz fəaliyyət sahələrini, günəmuzd işçiləri VÖEN almağa məcbur etmək üçün dövlətin inzibati imkanları kifayət qədərdir. Amma bu dövlətin gücünün yox, zəifliyinin, indiki halda isə, mövcud iqtisadi modelin tamamilə sıradan çıxmasının əlamətidir

Kəskin iqtisadi tənəzzül, yoxsulluq və işsizlik periodlarında statistik məlumatlar düzgün olsa belə, əhali üçün əhəmiyyət kəsb etmir. Indi isə, 70-ci illərin keçici bayraqları ruhunda verilən bu raportlar, bütün sferalarda çalışan insanlara sadə bir həqiqəti göstərdi: hökumətin gələcəklə bağlı hər hansı strategiyası yoxdur. Hər nazirlik yalnız öz “uğurları” barədə raport vermək, sovet dövründə olduğu kimi, planı doldurmaqla məşğuldur. Bu planların icrası adətən iqtisadi inkişafdan daha çox sadə insanların vəziyyətinin daha da pisləşməsinə gətirib çıxarır

Bir sözlə, mövcud iqtisadi model işləmir. Dövlətin maliyyə resursları tükənməyə doğru gedir. Hökumət inersiya üzrə hərəkət edir və hər hansı plana malik deyil. İstənilən kəskin dəyişiklik ölkəni çıxılmaz vəziyyətə sala bilər. Dünya növbəti iqtisadi mərhələyə keçdiyi, böyük transformasiyalaırn baş verdiyi bir dövrdə, ölkədəki ağır iqtisadi böhranla bağlı tədbir görmək əvəzinə 70-ci illər ənənəsində raportlar vermək fəlakətə aparan yoldur.