İlham Əliyev ölkəni görün nə gunə salıb

AXCP sədri Əli Kərimli

“Hər şeyi bilən, nəyi, necə və nə vaxt etməyi də hamıdan yaxşı bilən” İlham Əliyevin 18 illik hakimiyyəti görün ölkəni hansı günə salıb. Gündəmimizə baxın:

Sevinc Məhərrəmova bir neçə ay əvvəl həyat yoldaşı tərəfindən ağır işgəncələrə məruz qalır. Nəinki cinayətkar cəzalandırılmır, əksinə uşaqlar həmin qəddar insan qatilində qalır. Cinayətin qurbanının müdafiəsi üçün tədbir görülmür. Nəticədə həmin cəzasızlıqdan ruhlanmış Füzuli Qarayev öz həyat yoldaşını amansızlıqla qətlə yetirir. Bir qrup ictimai fəal polisin bu cinayətkarcasına səhlənkarlığına etiraz edəndə isə həmin fəallar polis idarəsində özləri ağır işgəncələrə məruz qalıb.

Müsəlman Birliyi Hərəkatının fəalı, real və virtual həyatda ardıcıl olaraq narkomaniyanın əleyhinə kampaniya aparan Razi Hümbətov özü narkotiklə şərlənib, polis tərəfindən ağır işgəncələrə məruz qalıb. İşgəncə cinayəti isə təbii ki, ört-basdır edilib.

Bakıdakı etiraz aksiyasında vəhşicəsinə həbs olunub, polis tərəfindən ağır işgəncələrə məruz qalmış, sonra da ölkəni tərk etmiş müxalif mövqeli fəal Hüseyn Bakıxanov Tiflisin mərkəzində bir qrup adam tərəfindən vəhşicəsinə döyülüb. Aldığı xəsarətlər nəticəsində 2 gün sonra yaşadığı mənzildə ölü tapılıb. Təbii ki, Hüseyn Bakıxanovun da qanının batırılması üçün tədbirlər görüləcək.

Həmyerlisi olan kimsəsiz qadını polis azğınlığından qorumağa çalışdığı üçün
şərlənərək həbs olunmuş AXCP fəalı Əlizamin Salayev cəzasının çoxunu çəkdiyi üçün buna hüququ olsa da, nəinki azad edilmir, üstəlik tibbi xidmətdən də məhrum edilir. Hər gün 3-5 dəfə ürəktutmasından əziyyət çəkən Əlizamin bəy isə çarəsizlikdən bu yayın istisində quru aclıq elan edib, faktiki həyatına qəsd edir.

Tərtər caniləri, eləcə də saysız-hesabsız işgəncə və korrupsiya cinayətləri törətmiş vəzifəli şəxslər də heç nə olmamış kimi yenə də korrupsiya ilə və işgəncə verməklə məşğul olurlar.

Bütün bunların baş verdiyi günlərdə isə bir qrup ictimai dələduz polisi döydüyü üçün deputatın həbs olunmasını xalqa hüququn, qanunçuluğun təntənəsi kimi sırımağa çalışır. Xalqımız ayıq olmalı, haqqını tələb etməkdən qorxmamalı, onun sözünü dediyi, hüququnu qoruduğu üçün şərlənən, həbs və işgəncələrə məruz qalan həmvətənlərinə cəsarətlə sahib çıxmalıdır. Ən əsası isə saxtakar və yalançılar tərəfindən aldadılmasına imkan verməməlidir.