Azərbaycan iqtisadi cəhətdən arxaik ölkəyə çevrilir

Qaşqay İsmayıl

2015-ci ildə OPEK-in hazırladığı proqnozlarda bildirirdi ki, 2040-cı ildə dünyada 4.7 milyon ədəd elektromobil mövcud olacaq. Artıq 2021-ci ilin birinci yarısında dünyada 8 milyondan çox elektromobil istifadə edilir. Həm də bu rəqəm hər gün artmaqdadır

Elektromobillərin sayı ilə yanaşı istehsalı da təkmilləşir, daha az xammal hesabına akkumulyatorlar yaradılır. OPEK-in proqnozu Karl Marksın “həqiqətin kriteriyası praktikadır” fikrinin doğruluğunu bir daha təsdiqləyir. Dünyanın böyük sürətlə dəyişdiyi bir dövrdə, neft-qaz ixrac edən dövlətlərin özlərinə sərf edən proqnozlarına inanmaq olmaz, çünki bu tip dövlətlər proqnozlardan daha çoz öz arzularını ifadə edirlər

ABŞ öz infrastruktur proyektlərinə trilyonlarla dollar ayıraraq, növbəti texnoloji inqilab etməyi planlaşdırır. Hətta bizim qonşumuz Gürcüstan belə, yeni texnologiyalara keçid edir və elektrik avtomobilləri zavodu tikir

Azərbaycan isə Neftçaladakı sexdə, 80-ci illərdə işlənib hazırlanmış Pejo avotomobillərinin İran versiyasının istismara hazırlanmasına avtomobil sənayesi adı qoymaqla yalnız özünü aldadır. İndiyə qədər neft pulları hesabına Azərbaycan nisbətən də olsa, Qərb texnologiyalarını idxal etməklə özünü inkişaf etmiş dövlətlərə yaxınlaşdırırdısa, yeni texnoloji erada artıq bu da mümkün olmayacaq. Beynəlxalq təşkilatların hesabatında Əfqanıstan və Tacikistanın yanında daha bir arxaik dövlətin adının peyda olmasına az qalır.