Azərbaycanı bu günə salan Əliyevin korrupsioner sistemidir

AXCP sədri Əli Kərimli

İkinci Qarabağ savaşından sonra hakimiyyət təbliğatçıları belə bir savadsız və zərərli təbliğat başlatdılar ki, guya Qarabağ problemi artıq həll olunub və ona görə də “Azərbaycanda daha müxalifətçiliyə yer qalmayıb.”

MeydanTV-nin əməkdaşının verdiyi sualdan təəssüflə öyrəndim ki, məlum fikir bu dəfə də Flora xanım Kərimova tərəfindən ictimai müzakirəyə çıxarılıb. Flora xanımın adını çəkmədən, onu hədəf almadan hakimiyyətin hər fürsətdə tirajladığı “Azərbaycanda daha müxalifətçiliyə yer qalmayıb” fikrinə münasibət bildirdim. Bir daha vurğulamaq istəyirəm ki, bu fikir əsassızdır və zərərlidir.

Əvvəla, Qarabağ problemi həll olunmayıb, Qarabağ torpaqları indi daha güclü ordu tərəfindən işğal olunub. İkincisi, Azərbaycanda Qarabağdan başqa da çoxsaylı həllini gözləyən problemlər var. Üçüncüsü, hətta Azərbaycan ən az problemli ölkə olsa belə, yenə də müxalifətə ehtiyac var. Necə ki, dünyanın ən güclü və inkişaf etmiş ölkələrinin hamısında müxalifət var. “Azərbaycanda daha müxalifətçiliyə yer qalmayıb” demək isə kimin deməsindən asılı olmayaraq, indiki ailə hakimiyyəti daimi qalsın mənasını verir. Ona görə Flora xanımın adını çəkmədən irəli sürülmüş təbliğat tezisinə tənqidi münasibət bildirmişəm.

Flora xanım həqiqətən də uzun illər indiki hakimiyyətlə mübarizə aparan şəxslərdən biri olub. 10 illər ərzində hüquqları pozulub. Hətta uzun illər ərzində Əliyevlər rejimi Flora xanıma sənəti ilə məşğul olmağa belə imkan verməyib. Həm də bütün bunlara görə Flora xanımın indi hakimiyyəti məmnun edən mövqe sərgiləməsinə təəssüflənirəm. Ancaq onu da qəbul edirəm ki, nə qədər, hansı həddə fədakarlıq etmək hər bir şəxsin özünün verəcəyi qərardır. Cəmiyyət olaraq biz heç kimin üzərinə daşıya bilməyəcəyi yükü qoymalı deyilik. Mən heç daima hökumətin yanında olan mədəniyyət, incəsənət xadimlərini, məmurları belə özümə hədəf seçmirəm. Təbii ki, Flora xanımın hədəf seçilməsindən də söhbət gedə bilməz. Onu da qeyd etməliyəm ki, Flora xanımın sənətini yüksək qiymətləndirirəm. Flora xanım haqda yazılan etikadan kənar yazıları qınayıram.

Dostlar, rejimin bizi hədəfdən yayındırmasına imkan verməməliyik. Ayrı-ayrı şəxslər bizim üçün hədəf ola bilməz. Azərbaycanı bu günə salan İlham Əliyevin rəhbərlik etdiyi korrupsioner, kriminal avtoritar sistemdir. Hədəfimiz İlham Əliyevin rəhbərlik etdiyi avtoritar idarəetmə sisteminin köklü dəyişikliyinə nail olmaqdır.