Belə işlərin axırı kütləvi işsizlik və safalət olur

Qaşqay İsmayıl

Vergi və gömrük orqanlarının altı ay ərzində nəzərdə tutulduğundan bir milyard manat artıq vəsait toplaması ictimaiyyətin haqlı təəccübünə səbəb olub

Ölkə iqtisadiyyatının gerilədiyi bir zamanda, bu əlavə məbləğin necə toplanması insanları düşündürür. Amma burada əsas sual “necə” yox, “nəyin bahasına” və ya “nə vaxta qədər” olmalıdır. 70-ci illərin keçici bayraqları ruhunda verilən bu açıqlamaların arxasında iqtisadiyyatın şirəsinin sovrulub çıxarılması dayanır

Rəsmi açıqlamalardan fərqli olaraq, əlavə məbləğin heç də islahatların hesabına toplanmadığı hamıya gün kimi məlumdur. Rəsmi orqanlar öz səlahiyyətlərindən istifadə edərək, bütün mümkün qanuni və qeyri-qanuni vasitələrlə, sanksiyalarla, müsadirələrlə, eyni zamanda hakimiyyətin yalnız özünə məlum olan mənbələri cəlb etməklə bir milyard manat əlavə pul vəsaiti toplaya bilərlər. Burada qeyri-adi heç nə yoxdur, amma nədənsə biz başqa ölkələrin bu yola əl atdıqlarını görmürük. Çünki vergitutma bazasının bu qədər insafsızcasına, planlı olaraq məhvindən sonra ölkədə biznes strukturlarının çökməsi, xarici və yerli investisiyaların yoxa çıxması, kütləvi işsizlik və səfalət başlayır

Hazırda ölkədə sosial partlayışı və kəskin yoxsullaşmanın sürətini tormozlayan başlıca amil dövlət büdcəsindən və dövlət sektorundan maaş alanlarla, pensiya və müavinət alanların cüzi, amma stabil gəlirləridir. Yeni ixtisar dalğası isə bu təbəqənin də əhəmiyyətli hissəsini gəlir mənbələrindən məhrum etməklə, vəziyyəti daha da gərginləşdirəcək. Azərbaycan iqtisadiyyatı 2010-cu illərin Eurovision eyforiyasından 90-cı illərin “nisyə dəftərlərinə” tərəf meyilləndiyi bir vaxtda, büdcəyə toplanan hər əlavə milyard, qarşıdan gələn fəlakətin sürətini artırmaqdan başqa heç nəyə xidmət etmir