İşsizlər 5 aya 55,2 min nəfər çoxalıb

Nemət Əliyev, iqtisadçı ekspert, AXCP iqtisadi siyasət komissiyasının sədri

İşsizlər ordusunun sıraları 5 aya 55,2 min nəfər genişlənib. İşsizlik səviyyəsi daha 18% artıb. Bunun tək adı var: Rəzalət!

Bu il iyun ayının 1-nə olan vəziyyətə görə ölkədə iqtisadi fəal əhali 62,1 min nəfər, məşğul əhali isə 6,9 min nəfər artıb (bax: https://www.stat.gov.az/news/macroeconomy.php?page=1).

Yəni, bu ilin 5 ayında iqtisadi fəal əhalinin sıralarına qoşulan əlavə 62,1 min nəfər işçi qüvvəsinin vur-tut 6,9 min nəfərini məşğulluq işlərinə cəlb etmək mümkün olub. Qalan 55,2 min nəfərin hamısı da (62,1-6,9=55,2) bir nəfər kimi işsizlər ordusunun sıralarına qoşulmaq məcburiyyətində qalıb. Bu hal rəsmi işsizlik səviyyəsinin 18 faizdən çox artıması deməkdir. Reallıqda isə bu göstərici daha yüksəkdir. Çünki 5 aya iş yerlərini itirən 55,2 min nəfər deyil, 55,2 min ailədir. Tendensiya qalıcı olarsa, işsizlərin sıralarına əlavə qoşulanların sayı cari ilin sonunadək 132 min nəfəri üstələyəcək.

Yola saldığımız 2020-ci il ərzində işsizlik səviyyəsinin 49,4% artmasını da unutmamalıyıq (bax: https://www.facebook.com/nemat.aliyev.18/posts/4198095370206675).

Ötən il 49,4%, bu il isə əlavə 18%! Birmənalı şəkildə rəzalətdir, ona görə ki, ötən illə müqayisədə bu il ölkənin maliyyə imkanları yüksək bahalaşma hesabına xeyli dərəcədə yaxşılaşıb. Bu ilin yanvar-may dövründə xaricə ixrac etdiyimiz mallar ötən ilə nəzərən 44 faiz bahasına satılıb. Ölkədaxilində isə enerji daşıyıcılarından tutmuş ərzağa, pal-paltara, dava-dərmanlara qədər hər şey təsirli dərəcədə bahalaşıb. Yüksək bahalaşma bir yandan əhalinin var-yoxdan çıxarılmasına xidmət etsə də, o biri yandan dövlət və qeyri-dövlət sektorunda fəaliyyət göstərən sahibkarların gəlirlərinin əhəmiyyətli dərəcədə artmasına, elə həm də dövlət gəlirlərinin artmasına şərait yaradıb. Dövlət Gömrük Komitəsinin qaz vurub qazan doldurmasını yaddan çıxarmaq olmaz. Karantin şərtlərinin yumşaldılması da öz yerində. Erməni əsarətindən azad olunmuş ərazilər hesabına kənd təsərrüfatına yararlı torpaq sahələri isə potensial imkanlarımızı başqa cür genişləndirib. Bütün bu saydığımız və saymadığımız əlavə iqtisadi imkanlar iş yerlərinin qapadılmasını deyil, yeni iş yerlərinin yaradılmasını təşviq etməli, on minlərlə işçi qüvvəsinin bayıra atılmasına deyil, yeni iş yerlərinə yönəldilməsinə xidmət etməliydi. Lakin belə məlum olur ki, əlavə imkanlar tərsinə yönəldilib, əksinə istifadə olunub. Sanki ümumi idarəçilik məqsədyönlü şəkildə iqtisadi sabotaja xidmət edib. Bu şərtlər altında davamiyyətin heç bir perspektivi yoxdur və ola da bilməz. Həm iqtisadi, həm də sosial siyasət sahəsində yaşanan bu ardı-arası kəsilməyən biabırçılıqlar ciddi mesaj kimi qəbul olunmalıdır.

Qeyd:
İqtisadi fəal əhali sayı: 01.06.2020-ci il tarixə 5206,7 min nəfər, 01.06.2021-ci il tarixə 5268,8 min nəfər;
Məşğul əhali sayı: 01.06.2020-ci il tarixə 4901,3 min nəfər, 01.06.2021-ci il tarixə 4908,2 min nəfər.