İqtisadçı Qaşqay İsmayıl
Avropa İttifaqının Belarusiyaya qarşı tətbiq etdiyi sanksiyalar, Lukaşenko rejiminin yaratdığı iqtisadi reallığı tezliklə tam şəkildə hamıya göstərəcək
Azərbaycanda da Lukaşenko rejiminə heyran olanlar, azad bazar iqtisadiyyatının alternativi olmadığına şahidlik edəcəklər. Belarus iqtisadiyyatının bu sanksiyalardan aldığı zərbələri, Rusiyanın kompensasiya etməsi mümkün deyil (əslində bu sanksiyaların məqsədi də elə Rusiyanın Belarusdan imtina etməsine nail olmaqdir).
Belarusiyanin nisbətən inkişaf etmiş sosial müdafiə, təhsil, səhiyyə sistemi heç də ölkənin SSRİ-dən miras qalmış zavodları və aqrar sektoru qoruyub saxlaması sayəsində deyildi. Lukaşenko hər il müxtəlif adlar altında Rusiyadan orta hesabla 5 milyard dollar subsidiyalar əldə edirdi, üstəlik ölkənin götürdüyü xarici kreditlər hesabına sosial müdafiə sistemi funksionallığını saxlayırdı
İstənilən orta səviyyəli dövlətə adambaşına təxminən 500 dollar əlavə subsidiya daxil olarsa, bütün xəstəxanalarını, məktəblərini yeniləmək, minimal səviyyəli pensiya və uşaqpulu vermək üçün çox yaxşı mənbə əldə edilə bilər. Yəni, Belarusiyanin uğurları iqtisadi sistemin və ya Lukaşenkonun “uğurlu daxili və xarici siyasətinin” məhsulu olmaqdan daha çox, subsidiya və kreditlərin hesabına baş tutub. Xarici maliyyə resursları hesabına sosial müdafiə sistemi SSRİ-dəki səviyyəyə yaxın qorunub saxlanılıb, amma bu uğur iqtisadi inkişaf hesabına deyil, xarici mənbələr hesabına baş tutduğundan, maliyyə kranı bağlanan kimi, azərbaycanlıların çox sevdiyi Belarus möcüzəsi də sakitcə süqut edəcək
Azərbaycanı da eyni aqibət gözləyir. Belə ki, neft pulları azalmağa başladıqca, əhalinin loyallığına hesablanmış mövcud sosial sistem sıradan çıxır; kommunal və enerji qiymətləri bahalaşır, saxta pensiya alanlar ifşa edilərək ləğv edilir. Hadisələrin gedişi göstərir ki, payızda nəqliyyat və ərzağın qiymətində növbəti artımın qarşısını almaq da mümkün olmayacaq. Dövlət isə əhalinin sosial müdafiəsini təmin etməkdə tamamilə acizdir, çünki sistem iqtisadi inkişafa deyil, havayı pullara əsaslanırdı