İlham Əliyev dünyada “mətbuat düşmənləri” siyahısında ön yerdə

Milli Şuranın sədri, professor Cəmil Həsənli

Nüfuzlu beynəlxalq “Sərhədsiz reportyorlar” təşkilatı 2021-ci ilin “Mətbuat yırtıcısı” nominasiyası üzrə “qalibləri” elan edib. Bu dəfə “qaliblərin” sayı çoxdur. 37 ölkənin prezident və baş nazirləri bu il üçün “mətbuat yırtıcısı” elan edilib. Bu ilki “qaliblərin” içində 2 qadın (Carrie Lam – Çinin Honkonq administrasiyasının başçısı və 2009-cu ildən Banqladeşin baş naziri olan Sheikh Hasina) idarəçi də var. Maraqlıdır ki, yeni “qaliblər” içində Avropa İttifaqının üzvü olan Macarıstan da var və Baş Nazir Viktor Orban azad mətbuatı boğduğu üçün bu siyahıya düşüb.

“Qaliblərin” orta yaş həddi 66-dır. Onların bir çoxu 20 ilə yaxındır ölkələrini idarə edirlər. Vladimir Putin və Aleksandr Lukaşenko daxil olmaqla yeddi ölkənin başçısı 20 ildir bu siyahıda öz yerlərini möhkəmlədiblər. İlham Əliyev də onlardan geri qalmır. Azad mətbuatın axırına çıxdığına görə İlham Əliyev ardıcıl olaraq “Mətbuat yırtıcısı” siyahısında öz yerini tutur. Bizim müzəffər 2021-ci ilin ümumdünya “Mətbuat yırtıcısı” nominasiyasının “qalibləri” olan Kim Jong-un (Şimali Koreya), İssaias Afverki (Eriteriya), Mohammad Bin Salman (Səudi Ərəbistan), Nikolas Maduro (Venesuela), Paul Bia (Kamerun), Salva Kiir (Cənubi Sudan), Teodor Mbasogo (Ekvatorial Qvineya), Yuveri Museveni (Uganda), Bəşər Əsəd (Suriya), Daniel Orteqa (Nikaraqua), Hun Sen (Kamboca), İsmail Ömer Guelleh (Cibuti) və digərləri ilə bir sırada dayanır.

Ən maraqlısı odur ki, bu illər ərzində İlham Əliyev hər il mətbuata böyük həcmdə maliyyə yardımı ayırır, jurnalistlərə ev verir, ayrı-ayrı qələm əhlilərinə prezident təqaüdü verir, amma bu qədər “qayğıdan” sonra özü də “Mətbuat yırtıcısı” siyahısına düşür. Çünki o böyük pullar mətbuatın olmasına görə yox, olmamasına görə verilir, ruznamələrin nəyisə yazması üçün deyil, susması üçün verilir, vizual medianın ölkəni bürüyən problemlər haqqında danışmasına görə deyil, danışmamasına görə ayrılır. Onun yardımları mətbuatı diri saxlamaq üçün deyil, mətbuat adına nə varsa hamısını dəfn etdikdən sonra təm-təraqlı ehsan süfrəsi açmaq üçündür. Ona görə də adam hər il “Mətbuat yırtıcısı” nominasiyasının “qalibləri” sırasında ön yerlərdən birini tutur.