pul-korrupsiya

Korrupsionerlərin xərcləri xalqa yüklənir

AXCP sədri Əli Kərimli

İlham Əliyev hökumətinin qazın və elektrik enerjisinin qiymətini yenə qaldırması onun xalqla bağlarını tamam qopardığını nümayiş etdirdi. Göstərdi ki, hakimiyyət insanların ilyarımdır davam edən pandemiya, kütləvi işsizlik şəraitində nə qədər yoxsul vəziyyətə düşdüyünü dərk edə bilmir, xalqın yaşadığı sosial çətinliklərə biganədir. İlham Əliyev özü də etiraf etmişdi ki, dövlət şirkətləri korrupsiya yuvasıdır. Bugünkü qərarı ilə isə o, həmin korrupsiya yuvalarında təmizləmə aparmaqdansa, milyonların, milyardların korrupsiya vasitəsilə sovrulmasının qarşısını almaqdansa, korrupsionerlərin xərclərini tam olaraq xalqın üzərinə qoydu. Dövlət şirkətlərinin zərərlə işləməsinin səbəbi məhz həmin korrupsionerlərin oğurluqlarıdır. Onların tamahı onsuz da azalmayacaq və belə çıxır ki, bu hökumət də sona qədər korrupsionerlərin xərclərini xalqın üzərinə yükləməyə qərarlıdır.
Bu gün qəbul edilən qərarlarda xalq olaraq bizim də məsuliyyət payımız var. Əgər son aylarda suyun, kanalizasiya xidmətinin, yanacağın qiymətlərinin qalxmasına xalq olaraq kütləvi narazılığımızı ifadə etsəydik, hakimiyyətdən öz hüquqlarımızı, o cümlədən sosial hüquqlarımızı kütləvi şəkildə tələb etsəydik, o da bugünkü antixalq qərarları verməyə cəsarət etməzdi. Hakimiyyəti belə antixalq qərarlar verməyə bizim susqunluğumuz, hüquqlarımızın əlimizdən alınması ilə barışmağımız sövq edir.