
AXCP sədri Əli Kərimli
İlham Əliyev Rusiya “sülhməramlılarına” yenədəmi təşəkkür edəcək?
“Sülhməramlıların” səlahiyyət həddini aşdığı, regionda sülhü yox, savaşın davam etməsini dəstəklədikləri ortaya çıxdı. Bakıda erməni diversantları üzərində davam edən məhkəmədə sübut olunur ki, atəşkəsdən sonra Ermənistandan Qarabağa silahlı diversantların keçidini Rusiya “sülhməramlıları” özləri təşkil edibmiş.
Məhkəmədə ifadə verən erməni diversantları təsdiq ediblər ki, “sülhməramlılar” onların böyük qruplarla, silahları ilə birlikdə Laçın koridorundan Qarabağa keçidini təmin ediblər.
Belə də sülhməramlı olar? Laçın koridoru humanitar məqsədlə açılıb, yoxsa Ermənistandan diversantların Qarabağa keçidini təmin etmək üçün? Silahlı diversantların xarici ölkədən ərazimizə keçidini təmin etmək “sülhramlı” mandatının kobud şəkildə pozulması deyilmi?
Bir anlıq təsəvvür edək ki, Laçın koridoruna Rusiya yox, məsələn Almaniya, İsveç və digər Avropa ölkələrin hərbçiləri nəzarət etsəydi, həmin yaraqlıları da ölkəmizə onlar buraxmış olsaydı, Azərbaycan hakimiyyəti onda da belə susqun qalardımı? Əlbəttə, o halda dövlət rəhbərliyinin yadına mütləq düşərdi ki, sülhməramlılar diversantları ərazimizə buraxmaqla sülhü yox, savaşı dəstəkləyiblər. Ancaq indi bütün dövlət rəhbərliyi susub. Heç birindən bir etiraz yoxdur.
Rusiya gündə bir ölkə ilə, beynəlxalq qurumla Qarabağı müzakirə edir, Qarabağın məxsus olduğu dövlətin reaksiyası sıfır. Sərhəddimizin 5 kilometrlik ərazisini Laçın koridoru adı ilə düşmənin istifadəsinə verirlər, daşdan səs çıxır, bunlardan yox. 10 noyabr razılaşmasını pozaraq erməni silhalı qüvvələrini Qarabağdan çıxarmırlar, ancaq Azərbaycanın dövlət rəhbərliyi hər fürsətdə Rusiya “sülhməramlılarına” təşəkkür edir. Xalqımız bilməlidir ki, rejimin öz hakimiyyətini qorumaq naminə Rusiyaya sığınmaq siyasəti nəinki Qarabağın üzərində çox ciddi təhlükə yaradır, hətta bütövlükdə Azərbaycanın suverenliyini məhdudlaşdırır.