ali kerimli3

Qalib xalq bu qədər ədalətsizliyə dözə bilməz

AXCP sədri Əli Kərimli

Dünən dostlardan biri ilə görüşdüm. Dərhal hiss etdim ki, çox məyusdur. Dərdli adama oxşayır. İlk ağlıma gələn o oldu ki, yəqin hakimiyyət dostumun ailəsinə, doğmalarına təzyiq edir. Özünün heç bir təzyiqdən qorxmadığını yaxşı bilirəm. Həyatın hər üzünü görüb, bütün sınaqlardan çıxmış insandır.
Dostumu çəkdim sorğu-suala. Heç bir problemi olmadığını dedi. Mən də israr etdim ki, sənin məyusluğun, naraharlığın kənardan görünür. Gizlədə bilmirsən. Məcbur olub, onu məyus edən o hadisəni danışdı mənə.
Dostum deyir ki, 26 iyun ordu günü şəhərə çıxıbmış. Şəhərdə çoxlu sayda hərbi geyimli qazilər, veteran hərbçilər varmış. Mən də sözünə qüvvət verirəm ki, lap yaxşı. Axı builki Silahlı Qüvvələr günü əvvəlki illərin bayramından fərqlənir. Qazilərimiz, hərbçilərimiz bayramı fəxrlə qeyd edirlər ki, Qarabağ ətrafındakı 7 rayonumuzu, üstəlik Şuşanı azad ediblər.
Dostum davam edir: “Elə olmağına elədir. Üstəlik, xalqımız, sadə adamlar qazilərimizə, müharibə veteranlarına o qədər doğma yanaşırdılar ki, adamı mütəəssir edirdi bu doğmalıq…”. Dostumdan soruşuram ki, o zaman bəs problem nədir, səni nə belə məyus edib.
Dostum danışır ki, dünən şəhərdə adamlar qarşılarına çıxan qazilərə, veteranlara tez – tez nələrsə təklif edirlərmiş. Kimsə rastlaşdığı qaziləri, hərbçiləri restorana, kafeyə dəvət edirmiş, kimsə, onlara taksi çağırmağı, kimsə birbaşa pul verməyi təklif edirmiş. Əlbəttə, xalqımızın qazisinə, hərbçisinə bu qədər can yandırması, onu doğma bilməsi, bağrına basması, ona necəsə yardım etməyə çalışması əladır. Xalqımızın ən nəcib xüsusiyyətlərini nümayiş etdirir. Dostum deyir, ilk baxışda xoş görünən bu səhnələrdən ona görə sarsılıb, məyus olub ki, artıq insanlarda belə təəssürat var ki, soydaşımız qazidirsə, savaş iştirakçısıdırsa, deməli kasıbdır, ehtiyac içində yaşayır.
Savaşdan keçmiş 7-8 ayda insanlarımız hər yerdə qazilərimizin ehtiyac içində, diqqətsiz yaşadığını görür. Adamlar görür ki, şəhidlərin də, qazilərin də tam əksəriyyəti kasıb daxmalarından çıxıb. Hakimiyyət qazilərin çoxuna müxtəlif bəhanələrlə əlillik dərəcəsi vermir ki, onlara aylıq müavinət vermək məcburiyyətində qalmasın. Çox az sayda qazimiz xaricdə müalicə olunmağa göndərilir. Mütləq əksəriyyət qazilər isə heç yerli müalicə ilə də əhatə olunmurlar. Dərmanlarını belə çox vaxt özləri almalı olurlar. Bir həftədə 50-100 min nəfər gənci orduya səfərbər edən hakimiyyət 8 ayda hələ kimlərin veteran olduğunu müəyyənləşdirməyib ki, onlara 80 manat müavinat verməsin.
Adamlar bütün bunları görür və ona görə də istənilən qaziyə, veterana arzuladığı yeməyi ala bilməyən, hətta taksi xidmətindən istifadə edə bilməyən yoxsul adam kimi baxır.
Məlum oldu ki, dostumu bu dəfə də məyus edən ictimai problemlər imiş, qazilərimizin, savaş qəhrəmanı olan hərbçilərimizin acınacaqlı durumu imiş.
Dostum dərdini mənimlə paylaşdı və hiss etdim ki, azacıq yüngülləşdi. Bu dəfə artıq mən məyus olmuşdum. Öz-özümə deyirdim: Yox, qalib xalq bu qədər ədalətsizliyə dözməyəcək. Qalib xalq qazisinə, veteranına, təqaüdçüsünə, körpəsinə, gəncinə, bütövlükdə özünə bu qədər saymazyana, ədalətsiz münasibətə dözməyəcək. Bütün bu ədalətsizliklərin, hüquqsuzluğun mütləq bir sonu olacaq!

Qalib xalq bu qədər ədalətsizliyə dözə bilməz