Azərbaycan cərimə dövlətinə çevrilir

Milli Şuranın sədri professor Cəmil Həsənli

Bizim dövlət (əgər buna dövlət demək olarasa) getdikcə cərimə dövlətinə çevrilir. İlham Əliyevin idarəçiliyi dövründə elə cərimə və hakimiyyət rüsumları (dövlət yox, hakimiyyət rüsumları) var ki, 30, 50, 100 və 150 dəfə qaldırılıb. İndi də İlham Əliyevin 2019-cu ilin aprel ayının 3-də imzaladığı “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” fərmana istinadən məhkəməyə sübutların təqdim edilməməsinə görə cərimənin məbləğinin 40 dəfə artırırlar. Adam modul tipli cərimə hökuməti yaradıb. Vəzifəli şəxslər millətin qursağından yağ çəkir. Çəkdikcə də yağlanırlar.

Bəs bu cərimə və rüslumarın artırılması yolu xalqdan soyulub talanan vəsaitlərin əhəmiyyətli hissəsi hara gedir? Şəhid ailələrinəmi? Xeyr!? Qəhrəman qazilərəmi? Xeyr!? Kimsəsiz uşaqlarama? Xeyr!?, Bivə övrətlərəmi? Xeyr!? Xalqdan cərimə və rüsum adı ilə talanan bu vəsaitlər yüksək əmək haqqı alan, rüvət şəbəkəsinin başında dayanan, paket adı altında icazəli rüşvət alan yüksək məmur təbəqəsinin rifahının və güzaranın daha da yaxşılaşdırılmasına yönəldilir. Məsələn, Prezident aparatı, DİN, Məhkəmə, Vergi, Kömrük orqanlarında çalışanlar az “qazanır” deyə onlara cərimələr hesabına əlavə yardım da edirlər. Yəni cərimə edən, cərimə yığan cərimənin faizinə oturub.

Vaxtıyla Rusiya imperiyası Cənubi Qafqazı (Azərbaycan daxil) işğal edəndə yerlərə göndərilən rus məmurlarına dövlət tərəfindən donluq (əmək haqqı) vermirdilər. Onlar xalqı soymaq hesabına özlərini dolandırmalı idilər. Səhv etmirəmsə buna doyuzdurma sistemi deyirdilər. İndi özümüzün yüksək məmur təbəqəmiz həm yüksək maaş alır, həm rüşvəti şəbəkələşdirir, həm paket alır, həm də korrupsiyanın tör-töküntüsündən bir şeylər daldalayır. Bunla azmış kimi xalqın cibindən, balasının boğazından kəsilən cərimlərin bir hissəsi də yüksək vəzifə sahiblərinin güzaranının yaxşılaşdırılmasına sərf edilir.Təsəvvür edin baş qabırğa funksiyasını yerinə yetirən prezident aparatından başqa, DİN əməkdaşları dövlət yol polisinin topladığı cərimələrə ortaqdır. Kömrüyü, Vergisi, digər dövlət nəzarətçiləri də belə. Çünki, İlham Əliyev demiş Azərbaycan “sosial dövlətdir” və onun “sosial yönümlü büdcəsi” var. Büdcənin sosial yönümünü də cərimə və rüsumları artırmaqla xalqın talanmasından keçir.

Əsaslandırılmamış vəsatətə görə vəkilləri daha 500 manat cəriləmək istəyirlər. Məqsəd “səliqəli məhkəmə” keçirmək, onsuzda Əliyevin əlində cəza aparatına çevrilmiş məhkəmələri panomim teatrına çevirmək, vəkillik sistemin “qanuni” yolla susdurmaqdir. Yəqin bu cərimlər də məhkəmə hüquq sistemində islahatların dərinləşdirilməsinın əməli nəticəsi kimi hakimlərin rifah halının yaxşılaşdırılmasına yonəldiləcək. Biri yazır ki, Amerika, ya nə bilim hansısa Qərb ölkəsində də belə bir təcrübə var. Ola bilər. Amma axı Amerika və Qərbdə prezidenti, baş naziri, ayrı-ayrı vəzifəli şəxsləri sorğulaya bilən müstəqil məhkəmə var. Vəkillik institutu hüququn aliliyinin əsas atributlarından biridir.

Kim müəyyən edəcək vəsatətin əsaslı və əsassız olduğunu? Sifarişlə işləyən hakimlər? Bu gün tanınmış vəkil Əsabəli Mustafayev yazır ki, onun 204 işi Avropa İnsan Haqları Məhkəməsində uğur qazanıb. Təkcə bir vəkilin apardığı 204 iş yerli istintaq və məhkəmə prosesində yol verilmiş nöqsan və saxtakarlığa görə Avropa Məhkəməsində bəraət alıb və hökumət buna görə cərimə ödəməli olub. Bu 204 işi aparan hakimlərdən kimsə cərimələnibmi? Eyni nömrəli silahın, eyni narkotika torbasının müxtəlif işlərdən çıxmasına görə hansı sapolis işçisi cəzalanıbmı? Əlbəttə ki, yox. Çünki küllü miqdarda dövlət vəsaitinin cərimə kimi ödənildiyi bu işlər hakimlərin savadsızlığı, səhlənkarlığı, peşə hazırlığının aşağı olması ilə bağlı deyil, yuxarıdan – prezident aparatı və digər dövlət orqanlarından verilən göstərişlərlə bağlıdır. Qəribədir, saxta işlərə görə dövlət büdcəsindən bu qədər vəasait ödənilir, amma xalqdan yığılan cərimlər də o saxta məhkəmə hökmlərinə tapşırıq verənlərin və bu tapşırıqları icra edənlərin “rifah halının” daha da yaxşılaşdırılmasına yönəldilir.