
İqtisadçı Qaşqay İsmayıl
Operativ Qərargahın toylarla bağlı verdiyi qərarda vaksinasiya ilə bağlı bəndi bir çoxları absurd və ya korrupsiya mənbəyi kimi şərh etsələr də, məsələnin başqa tərəfi də var
Hökumət Covid-19 pasportu almağı gündəlik həyatın zərurətinə çevirərək, daha çox insanın vaksinasiya olunmasını təşviq etməkdədir. Vaksinasiyada belə təkid edilməsində xarici və daxili amilləri, konspiroloji yanaşmaları bir kənara qoyub, mühüm bir amilə toxunmaq istərdik.
Zənnimizcə, əvvəlcədən nəzərə alınmayan bir problem, gec-tez hökumətin vaksinasiya planlarını çətinə salacaq və məsələnin mahiyyətinə varıb, ənənəvi saxta rəqəmlər təqdim edənə qədər sadə insanlar xeyli əziyyət çəkəcəklər
Məsələ burasındadır ki, kütləvi immunitet yaranması üçün əhalinin təqribən 70 faizinin peyvənd olunması, rəsmi statistika ilə heç cür uyğun gəlmir. Bunun da olduqca sadə səbəbi var-Azərbaycanda 10 milyon nəfər əhali yaşamır
Müstəqil ekspertlər bir neçə il əvvəl bu rəqəmin, 7 milyon civarında olmasını hesablamışdılar.
18 yaşına çatmayanları çıxsaq, indiki halda əhalinin minimum 5 milyon nəfəri vaksinasiya olunmalıdır. Amma əhalinin real sayını nəzərə aldıqda, 3 milyon nəfərdən bir qədər artıq insana vaksin vurulması kifayətdir. Bu səbəbdən də, qarşıda aylarda hökumət planı doldurmaq üçün absurd və repressv qərarlar verə bilər, amma real vəziyyəti nəzərə aldıqdan sonra, son nəticədə ya vaksinasiya ilə bağlı statistik məlumatların saxtalaşdırılması yolunu seçməli, ya da ölkə əhalisinin real sayını açıqlamalı olacaqlar. Bu seçim qarşısında üstünlüyün birinciyə veriləcəyi şübhə doğurmur. Lakin həmin vaxta qədər, bacardıqca daha çox admaı vaksinasiya etmək, 5-6 milyon həddinə yaxınlaşmaq üçün, vaksinasiya ilə bağlı repressiyalara hazır olmalıyıq.