5 milyard bahalaşma pulu kimlərin cibinə gedib?

4 aylıq bahalaşmadan 5 milyarda yaxın qazanc götürülüb. Pullar kimlərin cibinə axıb?

Bu barədə İqtisadçı alım, AXCP Rəyasət Heyətinin üzvü Nemət Əliyev özünün feysbuk səhifəsində qeyd paylaşıb. Qeydi olduğu kimi təqdim edirik..

Azərbaycan bu ilin yanvar-aprel dövründə ixrac etdiyi malları 36,4 faiz bahasına satıb (öiedn). Bu haqda məlumatı Dövlət Statistika Komitəsi yayıb. Dövlət Komitəsi həm də məlumat açıqlayıb ki, yanvar-aprel aylarında xaricə 6 milyard dollarlıq mal satılıb. Odur ki, 4 aylıq bahalaşmadan 1,6 milyard dollar qazanc götürülüb (6 – 6 ∶ 1,364 ≈ 1,6). Bu qədər qazancın 94 faizdən çoxu neft sektorunun hesabınadır.

Ölkədaxili məhsul bazarlarında ümumi qiymətlərin 20 faiz bahalaşmasını da nəzərə alıb sadə hesablamanı davam etdirsək, o zaman daxili ticarətdən də bahalaşma hesabına daha 2,0 milyard manat və ya 1,2 milyard dollar qazanc əldə olunması üzə çıxar (12 – 12 ∶ 1,2 ≈ 2,0; burada 12-milyard manatla pərakəndə ticarət dövriyyəsinin həcmidir).
(bax: https://www.facebook.com/nemat.aliyev.18/posts/4596026820413526)

Beləliklə, 4 aylıq ixracın və daxili ticarətin bahalaşmasından üst-üstə 2,8 milyard dollar və ya 4,8 milyard manat gəlir əldə olunub.

İmkanların bu dərəcədə artmasına baxmayaraq ölkədə orta aylıq əməkhaqqının nominal ölçüsü qeyd olunan dövrdə 2 faizə yaxın azalıb. Əsas kapitala yatırımlar isə 9 faizə yaxın düşüb. Bəs bahalaşmadan 5 milyarda yaxın gəlir götürüldüyü halda orta aylıq əməkhaqqı nə üçün azalıb? Əldə olunan qazanclar hansı səbəblərdən ölkə iqtisadiyyatına investisiya edilməyib? Əhali gəlirləri düşübsə, pullar haraya, kimlərin cibinə axıb? Bahalaşmadan qaz vurub, qazan dolduranlar nə üçün əhalini, iqtisadiyyatı düşünməyib? Bu ziddiyyətli, çalın-çarpaz vəziyyətə aydınlıq gətirmək, izahat vermək hökumətin boynunun borcudur.