Heydər Əliyevi Atatürkə bərabər tutmaq biabırçılığı

Milli Şuranın sədri, professor Cəmil Həsənli

Son vaxtlar Əliyevin “avtokonfiqbus” müxalitənin (48 partiyanın) Şuşa Bəyənnaməsinə dəstək bəyanatı ilə bağlı xeyli mübahisələr gedir. Bu mübahisələr daha çox həmin dəstək bəyanatında Heydər Əliyevin “Azərbaycan xalqının ümummilli lideri” ifadəsinin yer alması ilə bağlıdır. Bəzən məsələ tamam absurd məcraya yönəldilir. Sanki bu 48 partiya “müxalifət qalası” imiş və son bəyanatda Heydər Əliyevin “Azərbaycan xalqının ümummilli lideri” ifadəsinə biət etmələri onların müxalifliyini batil edilb. Əslində isə, bu “müxaliflik” çoxdan və dəfələrlə batil olmuşdu. Bunu boş vermək lazımdır.

Maraqlı olan məsələnin digər tərəfidir, “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev” ifadəsinin Şuşa Bəyannaməsinə salınmasıdır və ona məxsus olmayan ifadənin onun adından ikitərəfli diplomatik sənəddə əks etdirilməsidir. Bəyənnamənin preambulasında qeyd edilir ki, tərəflər “Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müdrikcəsinə söylədikləri “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” və “Bir millət, iki dövlət” ifadələrinin xalqlarımızın milli-mənəvi sərvəti kimi dəyərləndirildiyini xüsusi vurğulayaraq” bəyan edirlər.

Məsələ burasındadır ki, Bəyənnamədə xalqlarımızın milli-mənəvi sərvəti kimi dəyərləndirilən “Bir millət, iki dövlət” ifadəsi tarixilik baxımından Heydər Əliyevə yox Əbülfəz Elçibəyə məxsusdur. Əbülfəz Elçibəydən sonra bu ifadəni Türkiyənin keçmiş baş naziri (1993-1996) Tansu Çillər səsləndirmişdi. Əgər biz arada Həsən Həsənovun da bu deyimi səsləndirməsini nəzərə alsaq Heydər Əliyev həmin ifadənin 4-cü “müəllifidir”. Bunlar hər şeyi mənimsədikləri kimi, tarixi də mənimsəyirlər. Şübhəsiz ki, türk diplomatiyası Heydər Əliyevə məxsus olmayan ifadənin yoxlanılmadan onun adından sənədə daxil edilməsinə razılıq verməklə ciddi səhlənkarlığa yol verib.

Lakin bu da hamısı deyil. Sənəddə daha həqarətli məsələ Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün parlaq adının Sovetlərin KGB generalı, uzun müddət milli-mənəvi dəyərlərə, elə Türkiyənin özünə, türklük anlayışına qarşı mübarizə aparmış kommunist lideri Heydər Əliyevlə eyniləşdirilməsi, yanaşı qoyulması, ortaq istinad yerinə çevrilməsidir. Onlar fərqli dövrlərdə yaşamış, fərqli ideyalara xidmət etmiş, fərqli missiyaları yerinə yetirmiş siyasi baxımdan fərqli amallara tapınmış fərqli şəxsiyyətlərdir. Əlbəttə, Atatürklə Heydər Əliyevə eyni kontkstdə yanaşılması, Şuşa Bəyənnaməsində onların eyniləşdirilməsi türk diplomatiyasının Mustafa Kamal Paşaya sayğısızlığı, Türkiyə Cümhuriyyəti adından sənədi imzalamış prezident Rəcəb Tayyib Ərdoğanın tarixi səhvi idi. Şübhəsiz ki, söhbət yalnız Bəyənnamənin həmin bəndinə münasibətdən gedir.

P.S. Yaxşı ki, Rusiyanın “ümummilli öndəri” yoxdur. Tarix onların hamısın lox çıxarıb. Yoxsa qeyd edilən bəndi Rusiya ilə imzalanan diplomatik sənədlərə də salardılar.