
Qənimət Zahid
Dəfərlərlə demişəm ki, işğaldan azad edilmiş ərazilərin abadlaşdırılması və quruculuq işləri üçün yüksək vəzifəli dövlət məmurlarından və «babat» iş adamlarından kontribusiya toplanır. Əlbəttə adamlarımız da korrupsiya yolu ilə şişmiş- piylənmiş dövlət məmurlarından yığılan xəracı qisas faktı kimi dəyərləndirərək sevinirlər : yediklərini qusurlar axı.
Amma bu işin bir başqa tərəfi var. Bütün rayonlarda infrastrukun qurulması, əsasən yol, su, qaz, işıq, məktəblər, yaşayış binaları dövlət hesabına tikilib qurulur. Həyat isə yalnız bunlardan ibarət deyil. Sosial obyektlər də var. Məsələn, ticarət obyektləri, otellər, əyləncə mərkəzləri,.. qərəz istifadəsi konkret gəlir gətirən obyektlər. Məhz, bu obyektlərin tikintisi üçün bahalı məmurlardan və iş adamlarından pul yığılır. Bu obyektlərin smetalaşdırılması və siyahılaşdırılması (hansı rayonda hansı obyektlərin tikiləcəyi) həvalə edilib Yaqub Eyyubova. Baş nazirin balaca müavininə. Dövlət məmurlarından pul toplanması onun dəftərxanasında, iş adamlarından pul yığılması isə DTX-da və « Bandotdel »də mərkəzləşdirlir.
Burası da yaxşı. Amma istifadəsi gəlir gətirən obyektlərin hamısı Paşa Holdinqin sərəncamına verilmək üçün tikilir. Ölkəmizin bütün korrupsionerlərinin səyləri birləşdirilir və bir korrupsiya mərkəzində cəmləşdilir. Kimsə, məsələn, Zəngilanda univermaq və ya restoran (yaxud buna bənzər hər hansı obyekt) tikmək istəsə, bəri başdan bilsin ki, hazır olan kimi onu Paşa Holdinqə verəcəklər. Əksər hallarda isə belə « özbaşınalığa » icazə verilmir : pulunu ver Yaqub müəllimə, o özü bilər harda nə tikmək lazımdır.
Paşa Holdinq üçün sosial (gəlir gətirən) obyektlərin tikilməsi planlarına uyğun olaraq bəzi rayonların «hamiləri » haqqında da məlumatım var. Məsələn,
-Ağdam rayonu Daxili İşlər naziri Vilayət Eyvazova,
-Cəbrayıl rayonu Mərkəzi Bankın sədri Elman Rüstəmova,
-Kəlbəcər rayonu Cavid Qurbanova və nə qədər qəribə də olsa Müdafiə naziri Zakir Həsənova tapşırılıb.
Başqa rayonlar haqqında hələlik, məlumatım yoxdur. Məhdudiyyətlər də var. Məsələn, Ağdamda nəzərdə tutulan oteli tikmək üçün Vilayət Eyvazov öz müavinlərindən, yaxud Yol Polisindən pul müsadirə edə bilməz. Yaqub Eyyubovun vasitəsilə çatdırılan tələblər sərtdir : sən öz müavinlərini, bahalı idarə rəislərini görürsənsə, onları biz də görürük. Bu o deməkdir ki, öz şəxsi vəsaitlərini xərcləməlisən.
Paşa Holdinq işğaldan azad edilmiş ərazilər hesabına da uğurlu biznes layihələrini genişləndirir və dediyim kimi, bütün dövlət aparatı bu müqəddəs layihələrin icrasına cəlb edilib.