Kənd təsərrüfatı sıradan çıxmaq təklükəsi ilə üz-üzə

Qaşqay İsmayıl

Rusiyaya meyvə-tərəvəz ixracında yaranmış problem, yalnız gömrükdəki monopoliya və ya qarşı tərəfin yaratdığı maneələrlə izah oluna bilməz. Artıq bir neçə ildir ki, Rusiya özünün nəhəng enerji, su və torpaq resursları hesabına ərzaq idxalından asılılığını aradan qaldırmaqdadır, xarici, o cümlədən azərbaycanlı oliqarxlar da Rusiya ərazilərində böyük parniklər, kənd təsərrüfatı istehsalı müəssisələri yaradırlar. Rusiya artıq dünyanın ən böyük qida ixracatçılarından birinə çevrilir

Azərbaycanın “pomidor diversifikasiyası” təbii şəkildə sıradan çıxmaqdadır. Sovet İttifaqı dövründə formalaşmış rollardan imtina edilir. Azərbaycan pomidoru şimal bazarında əvvəlki həmiyyətini itirməkdədir. Eləcə də qlobal dəyişikliklər fermerləri vurmaqdadır. Artıq qlobal istiləşmə ilə mübarizədə əti, balığı bioreaktorlarda hazırlamaq planlarına start verilib. Bütün bunlar hələ də kustar üsulla, kredit resurslarından məhrum şəkildə, yalnız əlverişli təbii şərtlərə əsaslanaraq yaşayan yerli fermerlər üçün ağır nəticələrə gətirib çıxaracaq

Azərbaycanın kənd təsərrüfatını xilas etmək üçün ilk növbədə daxili bazar inkişaf etməlidir. Əhali daha çox meyvə-tərəvəz istehlak etmək üçün maddi imkanlara malik olmalıdır, həmçinin fermerlər müasir texnologiyalardan və kredit resurslarından istifadə edə bilməlidirlər. Əks təqdirdə, qısa müddətdən sonra, yerli kənd təsərrüfatı birdəfəlik sıradan çıxmalı olacaq.