Hərbi prokuror “Tərtər işi” ilə bağlı yalan danışır

Hərbi prokuror Xanlar Vəliyev  “Tərtər işi”nə görə saxlanılan hərbçilərə və mülki şəxslərə işgəncə verildiyinə dair iddiaları qəbul etmədiyini bildirib.

“Mən bu iddiaları eşitmişəm. Amma yalandır. Ümumiyyətlə, hesab edirəm ki, bu, nağıldır və kim danışırsa, nağıl söyləyir”, ‒ deyə Xanlar Vəliyev vurğulayıb.

“Fakt Yoxla” Xanlar Vəliyevin bu iddiasının doğru olub-olmadığını araşdırıb.

Şərti adı “Tərtər işi” olan cinayət işi 2017-ci ildə başlayıb. Baş ProkurorluqDövlət Təhlükəsizliyi XidmətiMüdafiə Nazirliyi və Daxili İşlər Nazirliyinin mayın 7-də birgə verdiyi bəyanatda hərbçilərin və mülki şəxslərin Ermənistan xüsusi xidmət orqanlarının xeyrinə casusluq ittihamı ilə həbs edildiyini bildirmişdi

Bu cinayət işi çərçivəsində yüzlərlə hərbçi və az sayda mülki şəxs istintaqa cəlb edilib. Məhkəmələrin hökmü ilə 25 nəfər Cinayət Məcəlləsinin dövlətə xəyanət və hərbi xidmət əleyhinə cinayətlər törətməkdə təqsirli bilinərək 7 ildən 20 ilədək müddətə azadlıqdan məhrum edilib.

“Tərtər işi”ndə işgəncə halları ilə bağlı ən son açıqlama verən rəsmi şəxslərdən biri Tərtər rayon hərbi prokuroru Hümmət Məmmədov olub. 

O bildirib ki, istintaq zamanı 109 hərbi qulluqçu Ermənistanla məxfi əməkdaşlıqda şübhəli bilinərək fiziki təsirlərə və qanunsuz sorğuya məruz qalıb.

“Yüksək təəssüf hissi ilə qeyd edirəm ki, hadisənin aşkar edilməsinin ilk günlərində fiziki təsirlərə məruz qalmış hərbi qulluqçuların bir neçəsinin həyatını bütün cəhdlərə baxmayaraq xilas etmək mümkün olmayıb. Əlbəttə ki, bir nəfərə qarşı olsa belə, qanunsuz hərəkətlər edilməklə həyatdan məhrum edilməsi yolverilməzdir”, ‒ deyə Məmmədov bildirib.

İşgəncələr Əleyhinə Ümumdünya Təşkilatı bu il aprelin 12-də verdiyi bəyanatda “Tərtər işi”nin istintaqı zamanı işgəncələr nəticəsində həyatını itirən şəxslərin adlarını açıqlayıb.

Bu hesabata görə, istintaq zamanı ölənlərin sayı 11 nəfər olub. 

Qeyd edək ki, hərbi prokuror “Tərtər işi”ndə işəncə faktının olmadığına dair açıqlamanı aprelin 16-da verib. Halbuki, bu ilin aprelinədək Tərtər rayon hərbi məhkəməsinin verdiyi qərarlarda “Tərtər işi” çərçivəsində istintaqa cəlb edilən hərbçilərə işgəncə verilməsi və onların öldürülməsi faktlarını təsdiq edən məhkəmə hökmləri var. Belə ki, işgəncə və digər pis rəftara, o cümlədən başqa qanunsuzluqlara yol vermiş 15 hərbçi müxtəlif müddətlərə azadlıqdan məhrum edilib.

Tərtər Hərbi Məhkəməsinin 28 dekabr 2018-ci il tarixli hökmü

Bu hökmdə 7 şəxs işgəncə faktına görə 3 ildən 7 il 3 ay müddətinədək həbs ediliblər. Onlar Niftalıyev Nicat Hümbət oğlu, Poladov Nemət Əlizamin oğlu,  Paşayev Nicat Rafil oğlu, Məmmədəliyev Zaməddin Novruz oğlu, Məmmədəliyev Allahyar Vidadi oğlu, Vəliyev Elvin Elbrus oğlu, Əkbərov Gündüz Famil oğludur.

İş üzrə 31 nəfər zərərçəkənin və öldürülmüş Ruslan Ocaqverdiyevin hüquqi varisinin iştirakı ilə keçirilən prosesdə təqsirləndirilən Niftalıyev Nicat Hümbət oğlu Cinayət Məcəlləsinin 126.3 (Qəsdən sağlamlığa ağır zərər vurma – xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə), 133.2.1 (Əzab vermə – iki və ya daha çox şəxsə qarşı və ya girov götürülən yaxud oğurlanmış şəxsə qarşı və ya sifarişlə törədildikdə), 133.2.3 (Əzab vermə – bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən törədildikdə), 133.2.4 (Əzab vermə – təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə), 133.2.6 (Əzab vermə – işgəncə verməklə törədildikdə) və 341.2.1, 341.2.3 (Vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma – bir qrup şəxs tərəfindən törədildikdə və ağır nəticələrə səbəb olduqda) təqsirli bilinib, 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. 

Digər təqsirləndirilənlər – Poladov Nemət Əlizamin oğlu yuxarıda qeyd edilən maddələr və 32.5 (İştirakçılığın növləri – köməkçi) əlavə olunmaqla 7 il 3 ay, Paşayev Nicat Rafil oğlu eyni maddələrlə 7 il 3 ay, Məmmədəliyev Zaməddin Novruz oğlu 126.3-cü maddədən başqa digərləri ilə 3 il 6 ay, Məmmədəliyev Allahyar Vidadi oğlu 126.3-cü maddədən başqa digərləri ilə 3 il 6 ay, Vəliyev Elvin Elbrus oğlu 126.3-cü maddə istisna olmaqla digər maddələrlə 3 il 6 ay, Əkbərov Gündüz Famil oğlu isə 126.3-cü və 32.5-ci maddələrdən başqa digərləri tətbiq olunaraq 3 il müddətinə azadlıqdan məhrum edilib.

Tərtər Hərbi Məhkəməsinin 31 yanvar 2019-cu il tarixli hökmü

İş üzrə 77 nəfər zərərçəkən və öldürülən şəxslərdən Elçin Mirzəyev, Elxan Ağayev, Mehman Hüseynovun hüquqi varislərinin iştirakı ilə keçirilən prosesdə hərbçilər Ağayev Fuad Ramiz oğlu CM-in 125 (Özünü öldürmə həddinə çatdırma), 126.2.1, 126.2.3, 126.3 (Qəsdən sağlamlığa ağır zərər vurma cinayətinin müxtəlif ağırlaşdırıcı bəndləri), 127.2.2 (Qəsdən sağlamlığa az ağır zərər vurma – xüsusi amansızlıqla, o cümlədən zərərçəkənə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxs barəsində törədildikdə), 133.2.1, 133.2.3, 133.2.4, 133.2.6 (Əzab vermə cinayətinin müxtəlif ağırlaşdırıcı bəndləri), 134-cü (Öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə), 341.2.1, 341.2.2 və 341.2.3-cü (Vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) maddələri ilə 10 il, Cümşüdov Qurban Qədim oğlu və Ağadadaşov Cavid Zahid oğlu isə 134-cü maddə istisna olmaqla digər maddələrlə 6 il müddətinə məhkum edilib.

Bu hökmdən məhkum olunmuş şəxsələr apellyasiya şikayəti veriblər. Onlar   əksər maddələr üzrə bəraət yox, cəzalarının yüngülləşməsini xahiş ediblər. Gəncə Apellyasiya Məhkəməsi  Qurban Cümşüdov və Cavid Ağadadaşovun cəzası yüngülləşdirilib 6 ildən 5 ilə endirsə də, bu qərardan zərərçəkmiş şəxslərin hüququ varisləri və zərərəçəkmiş şəxslər tərəfindən verilən kassasiya şikayətləri Ali Məhkəmənin 20 mart 2021-ci il tarixli qərarı ilə təmin edilib və iş yeni apelyasiya baxışına qaytarılıb.

Tərtər Hərbi Məhkəməsinin 13 mart 2019-cu il tarixli hökmü

2019-cu il martın 13-da Tərtər Hərbi Məhkəməsində 35 nəfər zərəçəkənin, öldürülən şəxslərdən Saleh Qafarov, Süleyman Kazımov, Elxan Ağayev, Mehman Hüseynovun hüquqi varislərinin iştirakı ilə keçirilən prosesdə hərbçilər Mikayılov Ruslan Məhəmmədəli oğlu 6 il, Maşıyev Sənan Səxavət oğlu 6 il, Əzizov Polad Seyfəddin oğlu 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Bu şəxslər CM-nin 125-ci (Özünü öldürmə həddinə çatdırma), 126.2.1, 126.2.3, 126.3-cü (Qəsdən sağlamlığa ağır zərər vurma – iki və ya daha çox şəxsə qarşı, habelə təkrar və ya bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən törədildikdə, xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə və CM-in 126.1 və 126.2-ci maddələrində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda), 127.2.2-ci (Qəsdən sağlamlığa az ağır zərər vurma – xüsusi amansızlıqla, o cümlədən zərərçəkənə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxs barəsində törədildikdə), 133.2.1, 133.2.3, 133.2.4, 133.2.6-cı (Əzab vermə cinayətinin müxtəlif ağırlaşdırıcı bəndləri), 341.2.1, 341.2.3-cü (Vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) maddələri ilə məhkum edilib. Təqsirləndirilən Qəhrəmanov Cabir Babaxan oğlu və Əliyev Elçin Kəlam oğlu isə hər biri 6 il müddətə azadlıqdan məhrum edilib. Bu iki şəxs CM-nin 125-ci maddəsi istisna olmaqla digər maddələrlə təqsirli bilinib.

Tərtər Hərbi Məhkəməsinin 29 yanvar 2020-cu il tarixli hökmü

Tərtər Hərbi Məhkəməsində 18 nəfər zərərçəkənin iştirakı ilə keçirilən prosesdə hərbçi Ələsgərov Vüsal Əziz oğlu CM-nin 331.2, 331.3 (Hərbi qulluqçunu təhqir etmə, döymə və ya işgəncə vermə – Hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və ya belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar rəisin öz tabeliyində olan şəxsi, habelə tabelikdə olan şəxsin öz rəisini təhqir etməsi və hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və ya belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar rəisin öz tabeliyində olan şəxsi döyməsi və ya ona işgəncə verməsi), 341.1-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) madəsilə  təqsirli bilinərək 1000 manat cərimə və 5 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

Beləlikə, “Tərtər işi”ndə saxlanılan şəxslərə işgəncə verilməsi ilə bağlı faktlar məhkəmə hökmü ilə təqdiqlənib. Bu faktlara görə 15-dək şəxs 3 ildən 7 il 3 ayadək azadlıqdan məhrum ediliblər.

“Fakt Yoxla”nın yuxarıda qeyd olunanlara əsasən gəldiyi nəticəyə görə, Xanlar Vəliyevin iddiası yalandır.

Faktyoxla.info