Bu səlahiyyəti onlara İlham Əliyev verib

Milli Şuranın sədri, professor Cəmil Həsənli

Tovuz polisində vətəndaşı döyüb öldürüblər və adını da qoyublar halı qəfildən pisləşib və həyatını xilas etmək mümkün olmayıb. Necə xilas edəcəksiniz həyatını? Onun bədənində salamat bir yer yoxdur. Ayaq dırnağından elektrik cərəyanı buraxıb bədənini partlaq-partlaq etmisiniz. Döyüb dişlərini tökmüsünüz. Bədəni döyülməkdən göm-göy qanlı qançırlar bağlayıb. Meyitin hər tərəfindən qan damır. Və utanıb qızarmadan dinsiz DİN-in adından açıqlama verirlər ki, mərhuma heç kəs barmağının ucu ilə də toxunmayıb.

Bədəninə eləktrik cərəyanı buraxıb bütün vücudunu partlaq-partlaq edirsinizsə, barmaq toxundurmağa nə ehtiyac. İndi bütün ölkə bilir ki, polis və istintaq idarələrində döyülüb öldürülən, Nardaran, Gəncə, dəhşətli Tərtər əməliyyatlarında məhv edilmiş insan talelərində nəinki barmağınız, birbaşa əliniz vardır.

Siz xilaskarlıq rolunu çoxdan itirmisiniz, konstitusyon nəzarətdən çıxdığınız vaxtdan. Vətəndaşı döyüb öldürmək səlahiyyətini sizə İlham Əliyev verib. Hökm onun hökmü, fərman onun fərmanıdır. Ona görə də nə qanun tanıyırsınız, nə də içinizdə Allah qorxusu var. Rusiyada polis güllələyir Azərbaycan vətəndaşını, ölkədə də siz döyüb öldürürsünüz. Bütün ölkə İlham Əliyevin dizaynını verdiyi işgəncə labaratoriyasına çevriləndə belə də olacaq.