
Qənimət Zahid
Azərbaycan azadlıqların əldə edilmədiyi ölkədir, gündən- günə azadlıqların daha çox itirildiyi ölkədir. Azərbaycan insanlarla manipulyasiya edilən ölkədir. İnsanların duyğuları – vətənpərvərlik duyğuları üzərindən siyasi möhtəkirliyin yapıldığı ölkədir.
Azərbaycanda insanın dəyəri hər hansı bir dövlət idarəsinin astanasına qədərdir, daha bir addım irəlidə onu fərdi psixoloji keyfiyyətləri, sosial tələbatı, emosional qatları, istəkləri, arzuları olan bir nəsnə kimi qavramazlar, qəbul etməzlər.
Azərbaycan insanlar üçün idarə edilməyən ölkədir, çünki Respublika idarəçiliyindən imtina edilib.
Azərbaycanlılar Respublikanı 103 il əvvəl qurdular, cəmi iki il yaşada bildilər. Sonra Respublika ideyaları, milli və fərdi azadlıqlar üçün uzun həsrət illəri başladı. Sonra isə onu bərpa etdilər. Sonra yenə də əldən verdilər, sonra yenə də Respublika üçün uzun həsrət və ağır mübarizə illəri başladı və davam edir.
50 ildən artıqdır ki, bir nəsil, bir ailə özündən bir sülalə düzəldərək azərbaycanlıların fiziki varlığını da girov götürüb, siyasi- mənəvi mənliyini də. Respublikanın bərpası uğrunda qeyri- bərabər mübarizə gedir, bunu qanlı mübarizə də adlandıra bilərsiz, çünki, bu savaşın gedişində nə qədər insanın öldürüldüyünü, nə qədər arzuların- talelərin məhv edildiyini dəqiqləşdirmək imkanımız yoxdur.
Amma hər halda o mübarizə davam edir. Ölkənin işıqlı insanları bu mübarizənin nəticəsinə inanır. Ölkənin boz insanları bu mübarizənin arxa cəbhəsində- səngərlərində alver edir. Ölkənin qaranlıq insanları bu mübarizəni boğmaq, bir dəfəlik bitirmək üçün əlində olan bütün imkanlardan istifadə edir. Amma bu mübarizə bitmir və bitməyəcək : o, Respublika bərpa edilənə qədər bitməyəcək ! Bu, insanlıq və azadlıq uğrunda mübarizə olduğu üçün bitməyəcək :
«Kim ki, insanı sevər,-aşiqi-hürriyət olur,
Bəli, hürriyyət olan yerdə də insanlıq olur»!
İndi Azərbaycanda insanlıq və azadlıq düşməni olan bir ailənin hökmranlığı davam edir. Amma Respublika mütləq bərpa ediləcək !
Respublika gününüz mübarək olsun !