
Qaşqay İsmayıl
Bir sıra araşdırmalar göstərir ki, yaxın aylarda ABŞ-da inflyasiya 8 faiz təşkil edə bilər.
Bu ölkə üçün 8 faizlik göstərici görünməmiş miqyasdır. Daha təhlükəlisi isə odur ki, ABŞ-da baş verənlər fond birjalarında, xammal qiymətlərində dərhal özünü göstərir.
Sadə dildə desək, qida, metal, elektronika, tikinti materiallarındakı bahalaşma dalğası daha da güclənə bilər.
İnkişaf etmiş dövlətlərdən fərqli olaraq, Azərbaycan ikiqat zərbə altındadır.
Məsələ burasındadır ki, ölkədə qiymətlərin kəskin artımı dəfələrlə qeyd edilsə də, vacib bir məqam nədənsə yaddan çıxır. Son bir ildə heç də adi inflyasiya baş vermir. İqtisadi tənəzzülün və işsizliyin artmasının fonunda inflyasiya şiddətlənir və staqflyasiya baş verir, bu isə əhalinin sosial-iqtisadi vəziyyətini səfalət həddinə çatdırır.
Adi inflyasiyadan fərqli olaraq, bu zaman qiymətlər artsa da, pul gəlirləri əvvəlki səviyyədə də qalmır, tədricən azalır. Bahalaşma fonunda gəlirlərin azalması və ya tamamilə kəsilməsi əhalinin yoxsul təbəqəsi üçün çıxılmaz vəziyyət yaradır. İnflyasiyanın gəlirləri stabil qalan vətəndaşla, gəlirləri azalan vətəndaşa vurduğu zərbənin effekti tamamilə fərqlidir.
Hazırda biz Azərbaycanda bu prosesi müşahidə edirik
Ölkədə dərin iqtisadi böhran yaşanır, pandemiyanın, müharibənin, yarıtmaz idarəetmənin və sırf bir ələ cəmlənmiş monopoliyanın nəticələri tədricən toplanmaqdadır. Hazırki dərin depressiyanin əsas iki səbəbi olan siyasi-iqtisadi stabilliyi qoruyub saxlamaq və iqtisadiyyatı bir holdinqin monopoliyasına vermək kursu, mövcud iqtisadi strukturun öz-özünü məhv etməsinə səbəb olacaq