Uşaqpulu tələbləri niyə hakim rejimin iflasının növbəti mərhələsidir?

Qaşqay İsmayıl

Uşaqpulu tələblərinin aktuallaşmasıyla cəmiyyətin strukturundakı ciddi dəyişikliklər olması arasında əlaqə yoxdur. Ölkə ictimaiyyətinin hadisələrə baxışı və dəyərləri 10 il əvvəlkindən ciddi şəkildə fərqlənmir. Sadəcə olaraq, baş verən iqtisadi tənəzzül çıxılmaz vəziyyətə səbəb olub

Son 15-20 ildə ölkədə çox sadə və çoxluğun latent formada da olsa razı qaldığı sistem formalaşmışdı. Əhalinin əhəmiyyətli hissəsi büdcədən maaş və pensiya alırdı, nəhəng infrastruktur layihıləri büdcədən formalaşaraq yüz minlərlə insanı işlə təmin edirdi. Üstəlik Rusiyadan gələn pullar da bura əlavə olunduqda, ölkədə rifah halı yüksəlirdi, repetitorlardan tutmuş şadlıq evlərinin personalına qədər rəsmi qeydiyyata düşməyən, lakin nisbətən normal gəlir əldə edən böyük təbəqə yaranmışdı

Lakin yuxarıda da qeyd edildiyi kimi, bu gəlirin əsas mənbəyi büdcə, yəni neft pulları idi. Bu vəziyyət cəmiyyətin bütün təbəqələrini qane etdiyindən, siyasi hakimiyyətin şərtləri qəbul edilirdi. Ölkədəki bütün mənfi halların baiskarının rüşvətxor məmurlar olması faktıyla hamı, elə həmin məmurların özləri də həvəslə razılaşırdılar.
Son illərdə iqtisadi balans dəyişdiyindən, cəmiyyət narazılığını büruzə verməyə başlayır. Insanlar siyasi hakimiyyətin bütün gedişlərini qəbul etməyin əvəzində olduqca sadə bir tələb irəli sürürlər: dolanışıq

Uşaqpulu tələb edən siravi vətəndaş, əslində “get nə istəyirsən elə, kimi istəyirsən tut, amma mənə pul ver, ailəmi saxlayım” demək istəyir. Öz loyallığının əvəzində hakimiyyətin nə etməli olduğunu göstərir. İndiyə qədər bu razılaşmaya əməl edən hakimiyyət isə özünü eşitməməzliyə vurub problemin öz-özünə həll olunacağına ümid edir. Digər tərəfdən əvvəlki təbliğatdan əl çəkməyərək, iqtisadi inkişafdan, liderlikdən, 50 milyardlıq valyuta ehtiyatından danışır və səfalət həddinə yaxınlaşmaqda olan insanlar təbii olaraq, həmin 50 milyarda tamah salırlar. Valyuta ehtiyatlarının başına nə gəldiyini isə, hakimiyyət neinki xalqa, heç özünə də etiraf etmək istəmir

Bir sözlə, uşaqpulu vermək üçün hakimiyyətin resursları tükənib. Eyni zamanda, hansısa güzəşətə getmək, iqtisadi azadlıqlar vermək fikrində də deyil. Pandemiya və iqtisadi tənəzzülün məngənəsinə düşən, kəskin yoxsullaşmaqda olan cəmiyyətin bütün təbəqələri, o cümlədən bürokratik aparat da hələlik gözləmə vəziyyətindədir. Tufanqabağı sakitlik hökm sürür və bu vəziyyət bir həftə, yaxud bir neçə il davam edə bilər. Amma mahiyyət etibarilə vacib bir dəyişiklik baş verib: indiyə qədər siyasi rejimlə cəmiyyət arasında mövcud olan konsensus, yəni hakimiyyətin üzrində dayandığı balans pozulub. Hakimiyyət həmişəki qaydada idarə etmək həvəsindədir, amma əvvəlki kimi əhalini büdcədən qidalandırmaq istəmir. Bu isə iri məmurlardan tutmuş siravi vətəndaşa qədər heç kimə sərf etmir