
Milli Şuranın sədri, professor Cəmil Həsənli
Heydər Əliyevin doğum günü yaxınlaşdıqca sözün tam mənasında yalan ayaq tutub yeriyir. 10 may aşağı-yuxarı milli yltaqlıq gününə çevrilir. Ən yuxarıda dayanan yüksək vəzifə sahibləri (Əli Əsədov, Sahibə Qafqarova və sair) daxil olmaqla deputatlar, nazirlər, komitə sədrləri və müxtəlif sahələrdə külüng çalan “ziyalılar” 10 may ərəfəsində bu yalanları danışmaqdan usanmırlar.
Bu il həmin kampaniyada mənim diqqətimi çəkən “Heydər Əliyev və kitabxana işi” adlı konfransın keçirilməsi və “Azərbaycan” qəzetində may ayının 9-da “Müstəqil Azərbaycanda kitabxana işinin banisi” adlı yazı oldu. Orada göstərilir ki, sanki 1993-cü ilə qədər ölkənin kitabxana fondu, kitabxana mülkiyyəti dağıdılırmış, sən demə bunun qarşısını “ulu öndər” alıb.
Heydər Əliyev haqqında yazı yazanlar hərə öz sahəsində miflər uydurur. Kitabxanalarla bağlı uydurulan mif isə bir kitaba sığmaz. Kitab – kitabxana – oxucu üçbucağından ibarət olan şəbəkənin beli məhz Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə qırıldı. Respublikanın kitabxana fondunun, kitab təşkilatlarının mülkiyyəti məhz onun dövründə “özəlləşməyə” çıxarılıb vəzifəli şəxslər tərəfindən qəsb edildi. Məlum olduğu kimi kitabın taleyi, mütaliənin dairəsi yalnız kitabxanalarla bağlı deyil, eyni zamanda kitab ticarəti, kitab yayım şəbəkəsi ilə də bağlıdır.
Kitab müəssisələrinin təyinatının dəyişdirilməsinə ilk cəhdlər 1990-1992-ci illərdə olsa da, ölkədə milli hökumət qurulduqdan sonra bu cəhdlərin qarşısı alınmışdı. Kitab şəbəkəsinin, kitabxana mülkiyyətinin, kitab ticarətinin beli 1995-cı ildə Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan və imzalanan “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin Dövlət proqramı” ilə qırıldı. Bu proqram respublikada geniş şəbəkəsi olan “Azərkitab” və “Kəndkitabdan” yan keçmədi. 1997-1998-ci illərdə ilk növbödə kitab mağazaları, sonrakı mərhələ də bir sıra kitabxanalar özəllişdirildi, müxtəlif qanunsuz yollarla mərkəzdən ucqarlara köçürülən kitabxanaların binaları mənimsənildi. Halbuki, 1994-cü ildə qəbul edilmiş Dövlət proqramında kitab mağazalarının, kitabxanaların və kitab müəssisələrinin özəlləşdirilməsi nəzərdə tutulmamışdı.
İştah diş altındadır. Heydər Əliyevin imzaladığı 10 avqust 2000-ci il tarixli əlavə özəlləşdirmə proqramı ilə kitab müəssisələrinin axırına çıxılması prosesi tamamlandı. Bu proqrama uyğun olaraq 2001-ci ilin 29 mart tarixində “Azərkitab”, az sonra isə “Kəndkitab”, ardınca “Kitab kollektoru” ləğv olundu, onların müəssisə və obyektlərinin özəlləşdirilməsi haqqında sərəncam verildi, kitab fondları dağıdıldı. Halbuki, bu müəssisələr Bakı şəhərində, respublikanın digər şəhər, rayon və kəndlərindəki kitabxanaları yeni çıxan kitablarla təchiz edirdilər, Respublika kitab fondunu yaradırdılar.
Ölkənin ən intellectual kitab şəbəkəsi olan “Azərkitab” İstiqlal küçəsi və Neftçilər prospektindəki geniş dükanları mənimsənildi. “Azərnəşr”lə üzbəüz olan Elmi kitabxana şəhər kənarına köçürülüb binası mənimsənildi. Bir çox kitabxanalar isə yerli-dibli yoxa çıxdı. Hələ kəndləri demirəm, indi rayon mərkəəzlərində kim kitabxanaların yerini bilir?
Nəticə nə oldu? Bakının mərkəzində fəvvarələr bağında 1906-cı ildən “Kitab passajı” adı ilə fəaliyyət göstərən Orucov qardaşları tərəfindən açılmış tarixi kitab ocağı Heyədr Əliyevin mədəniyyət müəssisələrini dağıtmaq strategiyasında sağ əli olan Əli Həsənov tərəfindən qohumlarının adına özəlləşdirilib cır-cındır mağazasına çevrildi. 1980-ci ildə Fikrət Əmirov küçəsi 1-də açılmış “Kitab evi” keçmiş SSRİ-də öz sahəsinə görə 2-ci yerdə idi. Oranın ümumi sahəsi 2400 kv metr, ticarət sahəsi isə 1670 kv metr idi. Hazırda oranın yalnız 50 kv.metrində kitab satılır. Qalan 2350 kv.metri bilirsiniz neçəyə özəlləşdirilib? 1 kv.metri 1 manata! Hökumət evinin 100 metrliyində ötən əsrin 80-ci illərində istifadəyə verilmiş “Kitab evi”nin 1kv.metri 1 manata mənimsənilib. Kimlər tərəfindən? Heydər Əliyevin yaxın ətrafında olan Əli Həsənov və digər vəzifəli şəxslər tərəfindən. Neçənci ildə? 2001-ci ildə Heydər Əliyevin prezidentliyi dövründə. Ümumilikdə “Azərkitab”ın tabeçiliyində olan 124 kitab mağazası (onların 78-i Bakı şəhərində idi) Heydər Əliyevin yuxarıda qeyd etdiyimiz özəlləşdirmə haqqında “Dövlət Proqramlarının” zavalına gəldi və bununla da 2001-ci ilə qədər müstəqil Azərbaycan kitabsızlaşdırıldı, kitabın da, kitabxananın da, oxucunun da kitabı bağlandı.