
Natiq Ədilov
Hər dəfə Əli bəyin ad günü olanda qeyri-ixtiyarı də olsa bu əlamətdar hadisəyə görə Aztv-yə də təşəkkürümü göndərirəm. Nə qədər təəccüblü görünsə də Əli Kərimlini tanımağıma, daha sonra Xalq Cəbhəsini seçməyimdə Aztv həlledici rol oynamışdır.
1996-ci ilin dekabrı idi. O zaman ATƏT-in Lissabon sammitində Qarabağla bağlı qətnamə qəbul olunmuşdu. Rəsmi təbliğat bu qətnaməni toy-bayram, tarixi qələbə, diplomatiyamızın və Heydər Əliyev dühasının təcəssümü kimi təqdim edirdi. Belə bir günün birində -bazar günü Aztv-nin nümayiş etdirdiyi “Parlament həftəsi” proqramına baxırdım. Orda cavan bir deputat-adını ilk dəfə eşitdiyim, Lissabon sammitinin nəticələrini sərrast formada “yıxıb-sürüdü”. Ondan sonrakı bütün çıxışlar iki ada xitab etməklə davam elədi: Əli Kərimli, Heydər Əliyev. Məlum məsələdir, bu çıxışlarda Əli Kərimli pislənir, Heydər Əliyev tərifə tutulurdu. Adı yadımda saxladım. Görəsən kimdir bu adam, niyə onun üstünə düşüblər-sualları məni axtarışa çıxardı və səhəri “Azadlıq” qəzetini alıb çıxışın mətnini tapıb oxudum və dedim, bu mənim adamımdır!
Əli bəy barədə illərdir davam edən namərdcəsinə qarayaxma kampaniyalarını görən bütün vicdanlı insanlar kimi bəndəniz də pis olur, lakin, mənə həmişə yuxarıda nəql etdiyim hadisə rahatlıq verir. Bilirəm ki, rəsmi təbliğatda “pis adam” kimi göstərilən Kərimlini kəşf etmək fikrinə düşən dərrakəli insana onun əslində necə biri olduğunu müəyyən etmək çətin olmayacaq.
Əli Kərimli yaşadığımız tarixdə ölkəmizin həqiqət carçısıdır. Bütün axmaq rejimlərdə olduğu kimi bizim ölkədə bu işin sahibi, ardıcılı olmaq qəhrəmanlı, fədakarlıq istəyir. Düz sözü demək, yalanı ifşa etmək bizdə təqib, təhqir, məhrumiyyətlərlə mükafatlandırılır. Lakin, buna çətin risklərə baxmayaraq, onu ruhdan salmaq, təkləmək istəyənlər məyusluğa düşürlər. Çünki, həqiqətin belə bir gücü var, insanları özünə cəzb edir. Nəyin bahasına olur-olsun. Buna görədir ki, dayanmayan repressiyalar, təqiblər ildən-ildə Əli Kərimlinin obrazını gücləndirir, sözünü daha da mötəbər edir, ətrafına yeni-yeni insanların qoşulmasını şərtləndirir.
Bizim ölkəmizdə nədəndirsə pessimizm modda olan şeydir. “Əşi heç nə düzəlməyəcək”, “Onsuz da xeyri yoxdur” kimi təslimçi cümlələrə bürünənlərə elə gəlir ki, onlar nəsə qeyri-adi bir kəşfə imza atıb. Belə sıravi insanlarla işimiz yoxdur, nəzərdə tutduqlarım ictimai-siyasi iddiası olanlardır. Siyasətdə pessimistlərin yeri yoxdur. Siyasətin təbiətinə bu şey yaddır. Xüsusən bizim kimi zalım rejimlərdə yaşayan insanların əl-qolunu bağlayan bədbin ovqat yaradanlar hansı məqsədlə özlərini siyasətə aid edir baş açmıram. Bizdə siyasətçilik, mübarizə adamı olmaq “öləcəyini, puç olacağını bilə-bilə müqavimət göstərmək, üsyan etmək, boğucu mühitdə ümid işığı saçmaq tələb edir. Əli Kərimli belələrindəndir və bu onu fərqləndirir. Əlbəttə ki, biz yalançı ümiddən, ucuz populizmdən, əsaslandırılmamış “hər şey yaxşı olacaq” alternativindən danışmırıq. Əli bəyin çıxışlarını diqqətlə izləyən hər kəs bilir ki, o humanitar sahənin insanı olsa da, fikirlərini riyazi dəqiqliklə qurur, səfsəfə etmir.
Yeri gəlmişkən, onun çoxları tərəfindən müzakirəsiz təsdiq edilən natiqlik qabiliyyəti var. Lakin, mən heç zaman Əli bəyi kimsə təqdim yaxud, tərif edəndə bu amilə yük salmıram. Hərçənd, hər bir siyasətçi üçün arzulanandır ki rəvan, sərrast nitqi olsun. Ancaq necə ki ağ-qara televizorda göstərilən sanballı filmi, rəngli televizorun göstərdiyi mənasız filmdən üstün tuturuq, çıxışlara da belə yanaşıram. Gözəl nitq qabiliyyəti həqiqəti, bizim dərdimizi ifadə etmirsə, yalanı, alçaqlığı mədh edirsə nəyimizə lazımdır?
Əli bəyin natiqliyini bizə doğma edən onun ifadə etdiyi mənalardır. Necə ki deyiblər, avazın yaxşı gəlir, oxuduğun Quran olsa!
Bəzən partiyadan kənar dostlarla söhbətimiz olur. Onlar soruşurlar: Əli Kərimli əvəzedilməzdir?
Deyirəm xeyr, bunu kim sizə deyib ki? Nə onun belə iddiası var, nə də bizim belə düşüncəmiz. Əksinə, Əli Kərimlinin Azərbaycan siyasətində əvəzləməyin çox aydın düsturu var, kim istəsə götürüb tətbiq eləsin. Bu ardıcıllıq, prinsipiallıqdır, dözməkdir, ən yaxın dostlarının bəzən xəncərini kürəyində hiss etməkdir, diqqətlilikdir-həm ətrafındakılara, həm proseslərə, yorulmamaq, tənəffüsə çıxmadan çalışmaqdır, inam saçmaqdır, təslim olmamaqdır.
Əli bəyi təkcə müstəbid rejim üçün deyil, həm də mübarizəsini satanlar, yolunu dəyişənlər üçün narahatlıq mənbəyidir. Çünki, o hər gün sübut edir ki, Şərin ağnayıb, toz duman qaldırdığı bir şəraitdə də ləyaqətini qoruyaraq, sınmadan yaşamaq da olur, mübarizə aparmaq da.
Dəyərli bəyimizi, xalqımızın ziyalı və vətənpərvər oğlunu səmimi qəlbdən təbrik edir, ona çıxdığı yolda daim belə inam və qətiyyətlə hədəflərinə yetməyi diləyirəm!