“Azərbaycan heç zaman insan haqları ilə bağlı bu qədər gündəmdə olmamışdı”

Frank Şvabe: “Almaniyada hər kəs Azərbaycanı tanıyır və orada insan haqlarının tapdalandığını, həmçinin korrupsiya əməllərlərinin kütləvi şəkildə aparıldığını bilir”

Müsahibimiz AŞPA-nın Sosialistlər, Demokratlar və Yaşıllar qrupunun sədri, Almaniya parlamentinin deputatı Frank Şvabedir.

  • Cənab Şvabe, öncə bizə vaxt ayırdığınız üçün Sizə təşəkkür edirik. Siz son zamanlar Azərbaycan hakimiyyətinin avropalı, xüsusi ilə almaniyalı siyasətçiləri ələ alması ilə bağlı ciddi kampaniya aparmısınız, sərt çıxışlar etmisiniz. Biz bütün bunları demokratiyanin müdafiəsi kimi qiymətləndiririk. Buna görə Sizə minnətdarlığımızı bildiririk. İstərdik ki, bizim tamaşaçılara bəzi məqamları açıqlayardınız. Baş verənlər Azərbaycan ictimaiyyəti üçün gözlənilməz oldu. Onlar heç zaman avropalı siyasətçilərin bu cür addım atacağını düşünməzdi. Necə oldu ki, bu xoşagəlməz hadisə baş verdi?
  • Necə oldu ki, baş verdi? Belə baş verdi ki, artıq Azərbaycan hakimiyyəti uzun illərdir,dəqiq tarixini deyə bilmərəm, amma hardasa ən azı 15 ildir ki, açıq şəkildə ölkənin və hakimiyyətin reklamı ilə məşğuldur. Bu, çox böyük maliyyə vəsaiti hesabına başa gəlir. Bu siyasət çox açıq şəkildə aparılır. Buna misal olaraq İspaniya liqindəki bir komanda ( Atletiko Madrid – red) ilə razılaşmanı göstərə bilərik. Bunu hamı aydın gördü. Bundan başqa Azərbaycan hakimiyyəti avropalı deputatları satın almaqla ölkə haqqında reallıqla səsləşməyən görüntü yaradılmasını, onların ölkə haqqında yaxşı danışmalarını təmin edir.
  • Almaniyanın kansleri Angela Merkel ötən gün (20.04.2021 -red.) alman deputatların Azərbaycan hakimiyyətilə əlaqələrinə dair qalmaqala münasibətində bəyan edib ki, bu məsələ Bundestaqda araşdırılıb. Bu, çox xoşagəlməz hadisədir və ətraflı araşdırma tələb edir. Hazırda bu korrupsiya əməli ilə bağlı son durum nə yerdədir?
  • Almaniya Bundestaqında müxtüəlif araşdırma mərhələləri var. Hüquqi araşdırma və prokurorluq. Münhen Baş Prokurorluğu xanım Ştrentslə bağlı prosesi aparır. Bildiyiniz kimi xanım Ştrenz artıq rəhmətə gedib. Buna görə də bu işlə bağlı araşdırma yəqin ki, bu yaxınlarda dayandırılacaq. Amma Lintnerlə bağlı iş hələ də davam edir. Bir də hazırda aktual olan hələ də deputat fəaliyyətini davam etdirən Aksel Fişerlə əlaqəli araşdırmadır. Onunla bağlı hüquqi yoxlama aparılır. Bu o deməkdir ki, yeni hüquqi araşdırma aparılacaq. Amma söhbət eyni zamanda ondan gedir ki, biz Bundestaqda da bununla bağlı bir nəticəyə gəlməliyik. Çunki məhz bu yol ilə deputatlar siyasi məsuliyyət daşımış olur. Elə deputatlar da var ki, Avropa Şurası ilə əlaqələri yoxdur. Amma bu işdə adları hallanır. Bu deputatlar artıq mandatlarını təhvil veriblər. Onlar deputatlar Hauptman və Löbeldir.
  • Azərbaycanda son dönəmlərdə siyasi məhbuslarla bağlı vəziyyət daha da pisləşib. Yüzdən artıq siyasi məhbus var həbsxanalarda. İnsan hüquq və azadlıqları kobud şəkildə pozulur. Amma baş verənlərin fonunda Avropa təşkilatlarının Azərbaycana diqqətinin müəyyən dərəcədə azaldığını müşahidə edirik. Gələcəkdə bu diqqətin artacağını, Azərbaycan hakimiyyətinin insan hüquq və azadlıqlarının kobud şəkildə pozmasının qarşısının alınacağını müşahidə edilə bilərikmi?
  • Mən deyərdim ki, Avropa Şurası bu istiqamətdə davamlı fəaliyyət göstərir. Qurum korrupsionerlərin son illər söylədikləri bəzədilmiş hesabatları deyil, hazırda olanı və real situsiyanı müzakirə edir. Siyasi məhbuslarla bağlı biz bir müddət əvvəl ciddi müzakirələr keçirmişik. Amma hazırda Koronavirusla əlaqədar olaraq insan haqlarına diqqət bir qədər çətinləşib. Mən yalnız onu deyə bilərəm ki, Almaniyada bu istiqamətdə diqqət böyükdür. Ölkəniz heç vaxt indiki qədər məşhur olmamışdı.”Avropa Şurası” mövzusu da həmçinin. Bu, elə də yaxşı idealarla bağlı olmasa da, deyərdim ki, lobbiçilik və korrupsiya mövzuları kifayət qədər geridə qalıb. Almaniyada hər kəs və yaxud da təxminən hər kəs Azərbaycanı tanıyır və orada insan haqlarının tapdalandığını, həmçinin korrupsiya əməllərlərinin kütləvi şəkildə aparıldığını bilir. O da məlumdur ki, bütün bunların təşkilatçıları gözlədiklərinin əksi olan nəticələrlə üzləşəcəklər.
  • Azərbaycan hakimiyyətinə dəstək verənlərdən biri də Pedro Aqramunt olub.Luka Volonte İtaliyada cəza alsa da, İspaniyada Aqramuntun cəza alması haqqında məlumat yoxdur.Bu barədə nə deyə bilərsiniz?
  • Əlbəttə ki, bu, sual doğurur. Biz artıq bu məsələni Avropa Şurasında aydınlaşdırmışıq. Bütün detalları üzə çıxarmağa nail ola bilməsək də, bu problemi qabarda bildik. Müstəqil Ekspert Komissiyasının təqdim etdiyi məruzə sayəsində bu problemlə bağlı mənzərə əvvəlkindən daha aydın oldu. Nəticədə biz Avropa Komissiyası, eyni zamanda Avropa səviyyəsində nəticə çıxara bildik. Bilməliyik ki, artıq burada əvvəllər bu işdə adları hallanan mərkəzi aktyorlar iştirak etmirlər. Onlar işdən kənarlaşdırılıblar. Biz digər dövlətlərdən də tələb etdik ki, onlar da bu məsələyə nəzarət etsinlər. İtaliyada cənab Volontenin işi müstəqil şəkildə aparılıb. O, birinci instansiyada 4 il müddətinə məhkum edilib. Biz bütün ölkələrdən bu istiqamətdə olan bütün hallara yenidən baxmalarını xahiş etdik. Sözün düzü, onlardan yalnız Almaniya məsələnin ciddiyyətinə varıb, işə əsaslı yanaşdı. Əlbəttə, hələlik bu edilənlər kifayət deyil, ancaq inanıram ki, yaxın zamanlarda əvvəlki diqqət yenidən geri qayıdacaq. Almaniyada bu mövzuda debatlar keçirməyə davam edəcəyik. Bizim müzakirələrin nəticələrini Avropa Şurasına təqdim edəcək və digər ölkələrlə bağlı da müzakirələr aparacağıq. Bilirəm ki, həm Almaniyada, həm də İtaliyada bu mövzuda mənimlə danışmaq istəyən başqa informasiya agentlikləri də var. Digər məqamlarla bağlı mən böyük zəmanət verməyə meyilli deyiləm.

Çox güman ki, gələcəkdə də Avropa Şurasında yoxlamalar aparılacaq, o zaman hər şey əlaqəli şəkildə aşkara çıxacaq. Masa üzərinə yeni adlar, yeni faktlar, informasiyalar qoyulacaq ki, bu da milli səviyyədə hərəkətə keçməyə zəmin yaradacaq.

  • Nə etmək olar ki, repressiv rejimlər Avropa siyasətçilərindən istifadə edə bilməsinlər?
  • Bu barədə açıq danışmaq lazımdır. Hamı bu haqda bilməlidir. Bəziləri bu istiqamətdə artıq çox uzağa gediblər. Əlbəttə, bu, onların bağışlanmasına əsas verməsə də, etiraf etmək lazımdır ki, həmin şəxslər yeni və müəyyənləşdirilmiş üsullarla qarşılaşmağa hazır deyildilər. Bu, onlar üçün gözlənilməz idi. Biz korrupsiyanın profilaktikası üçün əlimizdən gələni etməliyik. Biz bunu Avropa səviyyəsində müzakirə edirik. Düşünürük ki, bu istiqamətdə hansı yeni mexanizmlər hazırlamaq, müəyyən şeyləri necə şəffaf etmək, korrupsiyanın qarşısını necə almaq və ona qalib gəlmək olar. Və əlbəttə ki, Avropa və Avropa Şurası səviyyəsində. Digər məsələlərdə isə biz müsbətyönümlü müzakirə və dialoqlar mərhələsindəyik. Lakin mən deyərdim ki, Azərbaycan hökumətinə hazırda öz işinə məsul olan deputatları əməllərinə cəlb etmək on və ya on beş il əvvələ nisbətən daha çətindir.
  • Xəyal Babayev, Almaniya