
İlham Hüseyn
Avropa İttifaqının ölkəmizdəki nümayəndəsi Kestudis Yankauskas Xarici İşlər Nazirliyinə dəvət edilib. Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın bu il aprelin 14-də Ermənistana səfəri çərçivəsində qondarma rejimin nümayəndəsi David Babayan ilə görüşməsi ilə bağlı K.Yankauskasa etiraz bildirilib.
Çox gözəl, alqışladıq. Amma ortaya yekə suallar çıxır. Necə olur ki, Azərbaycanın ərazisindən Ermənistana Rusiya qazı gedə bilir, ermənilərin nəzarətində olan Xankəndinə elektrik enerjisi verilir? Necə olur ki, Azərbaycanın nümayəndə heyəti gorbagor olmuş Arayiklə görüşür?
Necə olur ki, Rusiyanın qondarma rejimi dirçəltməsinə göz yumulur, qondarma dövlətdə rus dilinin kinci dövlət dili olmasına səssiz qalınır, “İsgəndər” raketinə görə Rusiya səfirliyi XİN-ə dəvət olunmur? Niyə Rusiyanın 50 mindən artıq ermənini Qarabağa yerləşdirməsinə, Rusiya nümayəndələrinin Dağlıq Qarabağı su yoluna çevirməsinə etiraz edilmir? Bu necə qətiyyətdir, necə dövlət təəssübü çəkməkdi?
“Sülhməramlı”ların işğalçı məramına “hə” dedikdən sonra, Aİ-nin nümayəndəsinin Balayanla görüşünə necə “yox” demək olar?
Bir tərəfdən işğalçıya atalıq edənə təzim göstərib, o biri tərəfdən kimlərəsə xəbərdarlıq etmək absurd görünmürmü?
Arzu edirik ki, hökumətimiz Yankauskasa bildirdiyi etirazın 5 faizini Lovrova-Şoquya da göstərsin.
Cənablar, ərazibütövlüyünü imitasiya ilə təmin etmirlər. Avropaya qıcanıb, Rusiyaya hırıldamaqla vətən bütöv olmur.