Rusiya qazı Ermənistana Azərbaycandan gedəcək

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Rusiya qazının Azərbaycan ərazisindən Ermənistana nəqlinə dair məlumatlara münasibət bildirib.

“Turan” agentliyinin xəbərinə görə, şirkətin İctimaiyyətlə əlaqələr departamentinin rəis müavini İbrahim Əhmədov deyib: “”Şimali Qafqaz – Zaqafqaziya” qaz kəmərində aparılan təmir işləri nəzərə alınaraq, Rusiya tərəfi Rusiya qazının Gürcüstan ərazisinə tranziti üçün Azərbaycana müraciət edib. Xahiş yerinə yetirilib və Rusiya qazı martın 17-dən başlayaraq müvafiq tranzit ödənişi ilə Azərbaycan ərazisindən Gürcüstan ərazisinə və oradan Ermənistana müvəqqəti olaraq çatdırılacaq”.

İ.Əhmədov qazın Gürcüstan istiqamətində getdiyini vurğulayaraq tranzit ödənişinin məbləğ və tədarük həcmi barədə fikir bildirməyib.

Bununla bağlı məlumatı “Interfax” “Qazprom eksport”a istinadən yaymışdı. “”Şimali Qafqaz – Zaqafqaziya” qaz kəmərində planlaşdırılmış profilaktik təmir işləri zamanı Rusiya qazı istehlakçılara Azərbaycan ərazisindən nəql ediləcək. “Qazprom eksport” MMC və Azərbaycan Dövlət Neft Şirkəti martın 16-da Rusiya qazının Azərbaycan ərazisindən nəqli haqqında qısamüddətli müqavilə imzalayıb”, xəbərdə yazılırdı.

Təmir işlərinin təxminən üç həftəyə qədər çəkə biləcəyi qeyd olunur.

Agentliyin xəbərinə görə, 2020-ci ildə “Qazprom” Ermənistana 2.209 milyard kubmetr qaz tədarük edib.

Azadlıq radiosu