Əli Kərimli: “Məqsəd Azərbaycanda real müxalifəti sıradan çıxarmaqdır”

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli sualımızın cavabında karantin dövründə bu partiyanın fəallarına qarşı təzyiqlərdən danışıb.

Əli bəy, sizin mühafizəçiniz Niyaməddin Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Ona qarşı irəli sürülmüş ittihamları necə qiymətləndirirsiniz? Ümumiyyətlə partiyaya edilən təzyiqlər nədən qaynaqlanır?

Niyaməddin Əhmədov artıq 10 aydır həbsdədir. Onun həbsi birmənalı olaraq siyasi həbsdir. Niyaməddin Əhmədov hara, terroru maliyyələşdirmək hara. Adam kirayələrdə çətlinliklə yaşayan bir insandır. Ona görə də Niyaməddin Əhmədovun həbs olunması birbaşa mənə, AXCP-yə təzyiq məqsədilə quraşdırılmış saxta bir işdir. Niyaməddin Əhmədovun 9 ay həbs zamanı tamamilə kommunikasiyasız, hətta ailəsi ilə də əlaqəsinə imkan verilməməsi bir daha sübut edir ki, bu, qərəzli işdir. Ona qarşı hal-hazırda üç maddə ilə ittiham irəli sürülüb. Hədəf AXCP-dir. Hədəf şəxsən mənəm. Bundan əvvəl də mənim mühafizəçilərim həbs olunublar. İndi hal-hazırda digər mühafizəçimin, Ruslan Əmirovun da məhkəməsi gedir. Köməkçim Faiq Əmirov dəfələrlə həbs olunub. Sürücüm Paşa Umudov siyasi məhbusdur. Bütün müavinlərim, müşavirlərim, partiyanın rəhbərliyi, siyasi məhbus həyatı yaşayıb. Bu, Azərbaycandakı repressiyadır. AXCP-yə, Milli Şuraya qarşı məqsədyönlü dövlət səviyyəsində həyata keçirilən repressiyadır. Niyaməddin Əhmədovun işi quramadır. O heç bir cinayət törətməyib. Məqsəd Azərbaycanda real müxalifəti sıradan çıxarmaqdır. Amma təbii ki, allahın köməkliyi ilə, xalqımızın dəstəyi ilə bu heç zaman mümkün olmayacaq. Mən bütün insanları, bütün gerçək demokratik insanları siyasi məhbusların müdafiəsinə səsləyirəm.

Amerikanın Səsi