
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi olmuş Niyaməddin Əhmədova partiya liderinin əleyhinə ifadə verməsi üçün ağlasığmaz işgəncələr verilib. Niyaməddin Əhmədov martın 10-da öz məhkəməsində bu haqda ətraflı danışıb.
O bildirib ki, terroru maliyyələşdirmə ittihamı saxtadır. Ona işgəncə verəndə də bu ittiham haqda heç nə demirdilər, yalnız Əli Kərimlinin əleyhinə ifadə vermək tələb olunurdu.
Niyaməddin Əhmədov deyir ki, 2020-ci il aprelin 15-də əvvəlcə onu karantin rejimi qaydalarını pozma və polisin qanuni tələbinə tabe olmama ittihamıyla 1 aylıq inzibati qaydada həbs ediblər. Onun sözlərinə görə, həmin vaxt o, SMS-icazə ilə çıxmışdı və heç bir qayda pozuntusundan, polisə müqavimətdən söhbət gedə bilməzdi. Yaşadığı evin yaxınlığında zibil atarkən mülki geyimli şəxslər onu saxlayaraq, zor tətbiq ediblər. Həm saxlandığı zaman, həm də sonradan aparıldığı Xətai rayonu, 34-cü polis bölməsində zorakılığa məruz qalıb. Daha sonra məhkəmə qarşısına çıxarılaraq, barəsində 1 aylıq inzibati həbs qərarı verilib. Binəqədidə yerləşən, inzibati qaydada həbs olunanların saxlandığı təcridxanada bu cəzanı çəkərkən onu başına keçirib, DTX-ya aparıblar. Orada ondan Əli Kərimlinin əleyhinə ifadə vermək tələb olunub. O deməliydi ki, Almaniyada yaşayan Qabil Məmmədovun göndərdiyi pulu götürüb, Əli Kərimliyə çatdırıb. Belə ifadə verməkdən intina etdiyinə görə də təzyiqlərə məruz qalıb:
“Məni xeyli döyəndən sonra dedilər ki, biz onsuz da hər şeyi yaxşı bilirik. Sən sadəcə, belə ifadə ver. Dedim ki, mən Əli Kərimlidən nə bir manat almışam, nə də vermişəm. Sadəcə, ictimai əsaslarla, ehtiyac olanda onun yanında olmuşam, gedib-gəlmişəm. Başladılar yenə vurmağa. Məni bir rezin kameraya apardılar. Orada yerə uzatdılar, ayaqlarımı dizdən yuxarı qatladılar, altına dubinka ilə vururdular. Hər dəfə 30-40 dəfə vurudular, görəndə ki, vəziyyətim dəyişir, onda dayanırdılar, sonra yenə davam edirdilər. Mən işgəncədən keçən adam kimi, dediklərimin məsuliyyətini dərk edirəm. Yaxşı bilirəm ki, yalan danışsam, bunları mənə təkrar tətbiq edərlər. Ona görə də nə varsa, onu danışıram. Kimsə deyə bilməz ki, belə şeylər olmayıb.
Dövlət ittihamçısı burada terrorizmdən danışır. Amma onda bu ittiham haqda heç nə demirdilər. Məqsəd ancaq Əli Kərimli əleyhinə ifadə almaq idi. Hər dəfə 30-40 dəfə olmaqla, üç dəfə döydülər. Hər dəfə də otaqdan çıxıb, sonra gəlirdilər.
Gördülər ki, razılaşmıram, buradakılardan üzr istəyirəım, arxası üstə yerə uzatdılar. Kişi xeylağına xüsusi ağrı verən hissədən elə basdılar ki, ağrıdan ürəyim gedirdi. Halım dəyişdi, dayandırdılar. Sonra yenə eyni şeyi eləyirdilər.
Bundan sonra məni qurşaqdan aşağı soyundurdular. Ən alçaq şeyləri tətbiq eləməklə hədələdilər. Alçaldıb, videoya çəkəcəklərini deyirdilər. Bildirdim ki, mənim üçün alçalmaq yalan danışıb, kiminsə üzünə durmaqdır. Mənim iradəm indi özümdə deyil, sizin əlinizdəyəm, nə istəsəniz, eləyə bilərsiniz. Düzü, dedikləri hədələri eləmədilər. Bu proses saat 11-dən 5-ə qədər davam elədi. Yenə başıma torpa keçirib, Binəqədi təcridxanasına gətirdilər.
Aprelin 29-da vəkilim yanıma gəlmişdi, başıma gələnlər haqda qismən məlumat verdim. Ertəsi gün yenə 10 günlük DTX-ya apardılar. Məndən İlkin Rəhimov adlı müstəntiq izahatlar götürürdü. Fərqli-fərqli davranırdılar. Gah xoş rəftar edirdilər, gah da güc tətbiq edirdilər. 10 gün sonra yenə Binəqədiyə qaytardılar. Amma təkadamlıq kamerada saxlayırdılar. Mayın 15-də axşam saat 10-a qalmış çıxmalıydım. Gündüz saat 4-də iki nəfər gəlib, məni qara “cip”də apardı. Baş Prokurorluğun İstintaq İdarəsinə gətirdilər. Orada məni bir otağa saldılar. Orada sonradan müstəntiqim olan Ramiq Babayev, bir də Orxan Babayev var idi. Orxan Babayev dedi ki, konspekt verəcəyik, orada yazılanları sən kameraya danışarsan, bundan sonra buraxılacaqsan. Dedilər ki, görürsən, indiyə qədər ifadələr də şahid kimi alınıb. Mən heç konspektdə yazılanları oxumadım. Dedim ki, kameraya da heç nə danışmayacam. Öz əxlaqlarına uyğun sözlər danışıb dedilər ki, deyəsən, sən başına gələnlərdən ağıllanmamısan. Sonra başqa otağa gətirdilər. Ramiq Babayev otağında Cinayət Məcəlləsinin 214-1 maddəsini göstərib dedi ki, 10 ildən 14 ilə qədərdir, sənin cavanlığın məhv olacaq. Dedim, ləyaqətsizlikdənsə, ləyaqətlə həbsdə qalmağı seçirəm.
Mən öz vəkilimi istədim, əhəmiyyət verilmədi. Bir vəkil gətirdilər. Başladılar mənə kağızlara qol çəkdirdilər. Üzdən baxırdım ki, Əli Kərimlinin adı varmı, birdən ona qarşı nəyəsə qol çəkdirərlər. Bir neçəsinə qol çəkdim, sonra heç çəkmədim. Saat gecə 12-nin yarısı-12 olardı, yenidən DTX-ya apardılar. Yenə bir otağa gətirdilər. İki mülki geyimli daxil oldu. Mehriban danışmağa başladılar. Ad günümü təbrik elədilər. Sonra əsas məsələyə keçdilər. Rafiq Manaflı və Eldəniz Quliyevin istefa statuslarını göstərdilər, dedilər ki, Milli Şura dağılır, AXCP dağılır, heç kim qalmır, özünü boşuna bədbəxt eləyirsən. Dedim, hər kəs özünə cavabdehdir. Mən kiminsə üzünə durub yalan danışa bilmərəm. Bir xeyli mənimlə söhbət elədilər. Dedim ki, razılaşa bilmərəm. Xoş danışırdılar. Dedilər ki, yaşayışın indikindən qat-qat yaxşı ola bilər, böyük adamlarla görüşə bilərsən, prokurorluqla sənə deyilənlərlə razılaş. Dedim ki, yox. Düzü, vurub-eləmək olmadı. Məni gətirdilər kameraya. Ertəsi gün yenə prokurorluğa gətirdilər, Əhməd adlı vəkil çağırdılar, Nəsimi rayon məhkəməsinə apardılar. Məhkəmədə dedim ki, bu vəkili istəmirəm, öz vəkilimi istəyirəm. Əhəmiyyət verilmədi. Hakim 4 aylıq sanksiya qərarı verdi.
Sonra Kürdəxanı təcridxanasına göndərdilər. Bir də gördüm kameradan çağırdılar, qandallayıb apardılar rəisin otağına. Bir polkovnik-leytenant da gəlmişdi. Orada sorğu-sual eləməyə başladılar. Rəis dubinkanı götürdü, əllərim qandallı vəziyyətdə, yerdə uzanıqlı idim. Dubinka ilə başıma vururdu. Mən bunu yalan demərəm heç vaxt. Çünki məhkəmədən sonra yenə ora qayıdacam.
Mənə deyirlər ki, gizlətdiyin şeylərin hamısını danış. Halbuki, tutulmamışdan 5 ay əvvəldən evim, telefonum dinlənilib, saçımı qırxdırdığım yerə qədər izləyiblər. Aidiyyəti olan-olmayan bütün adamların şəkilləri vardı onlarda. Hara getmişəm, hardan gəlmişəm, hamısı onlarda vardı.
İttihamı yazıblar, amma heç bir mənbə göstərməyiblər ki, terroru maliyyələşdirib, pulu kimə vermişəm? Elçini üzümə dayandırıblar ki, guya mənə pul verib. Elçinlə üzləşmədə ona dedim ki, səndən pul almışam? Əgər mən almışamsa, mən vicdansızam, sən yalan danışırsansa, sən vicdansızsan. Müstəntiqə deyir ki, məni söydü. Dedim, mən söymürəm, əgər düzünü deyirsənsə, niyə narahat olursan? Onu mənim üzümə qoyurdular.
Eynək haqda danışmaq istəyirəm. Aytənə demişdim ki, mənə qara eynək göndərərsən. Onu Elçin gətirib mənə verib. Yazıblar ki, istintaqa məlum olmayan mənbədən əldə olunub. Necə məlum deyil? Elçin verib mənə. Elçin pul məsələsində üzümə dayansın deyə, bunu onun adına yazmırlar.
Qabil kənddə tək mənə yox, kənddəki başqa qonşularımıza da borclu idi – Təvəkkül və başqalarına. Pul alıb qaytarmamışdı. Əlinə düşdükcə, göndərirdi. İndi o adamların hamısına terroru maliyyələşdirmə ittihamı verilsin?”
Bu ifadədən sonra hakim Siyavuş Hacıyev soruşub ki, işgəncələrlə əlaqədar müvafiq dövlət orqanlarına şikayət göndərilib, tibbi ekspertizadan keçirilib, yoxsa yox.
Vəkil bildirib ki, 4 müxtəlif vaxtlarda işgəncəyə məruz qalması haqda prokurorluğa şikayət göndərilib. O şikayətlərin aqbəti barədə müdafiə tərəfinə heç bir məlumat verilməyib. Yalnız birinci dəfə apreldə – inzibati həbs olunduğu gün döyülmə ilə bağlı göndərilmiş şikayətə dekabrın 23-də Xətai rayon Prokurorluğu cavab göndərib. Cavab məktubunda yazılıb ki, Əhmədov inzibati həbs olunanların saxlandığı təcridxanaya gətiriləndə onun bədənində xəsarət qeydə alınmayıb. Həmçinin onun 34-cü polis bölməsinə aparılmasına dair məlumat aşkarlanmayıb.
Tibbi ekspertizadan keçirilməsi barədə suala cavab verən Niyaməddin Əhmədov bildirib ki, onu heç vəkili ilə görüşməyə qoymurdular, nəinki tibbi ekspertizadan keçirmək.
Hakim soruşub ki, işgəncələrin izləri qalıbmı?
Niyaməddin Əhmədov suala belə cavab verib: “Üstündən 11 ay keçib, indiyə iz qalmaz axı…”
Məhkəmə prosesi martın 19-da davam edəcək.
Azadliq.info