
Milli Şuranın sədri, professor Cəmil Həsənli
Ölkə və xarici jurnalistlər üçün iki gün əvvəl keçirdiyi mətbuat konfransında Əliyev deyir ki, “mənim tapşırığımla, artıq keçmiş köçkünlər arasında sorğuya başlanıb ki, biz kimin oraya getməyə hazırlaşdığını dəqiq bilək. Bilirsinizmi, mən də əminəm ki, Allahın izni ilə hamı getmək istəyir, amma ola bilsin, kimsə getmək istəməyəcək. Əgər o getməyəcəksə və ya oraya həftəsonu gedəcək, özü isə Bakıda və ya Sumqayıtda yaşayacaqsa, nə üçün xərc çəkməliyik. Məgər bu, vəziyyətdən çıxış yoludurmu? Xeyr. Biz o yerlərdə kim yaşayacaqsa onları yerləşdirməliyik. Bax, buna görə biz sorğu keçirməliyik, özü də elə-belə, soruşmaq və unutmaq üçün yox. Xeyr. İmza etsin ki, mən filankəs filan rayonun filan kəndinə köçüb getməyə və orada yaşamağa hazırlaşıram”.
Tamamilə mənasız və ziyanlı yanaşmadır. Vaxtı ilə öz doğma dədə-baba yurdundan didərgin düşmüş insanların azad olunmuş ərazilərə qayıtması ilə bağlı onların arasında sorğu keçirmək, hansısa sənədə imza atdırmaq yox, bu insanların öz torpaqlara dönüşün təşviq etmək, onlar üçün əlavə sosial-iqtisadi güzəşt və imtiyazlar proqramı hazırlamaq lazımdır. Yurduna dönən ailələr üçün faizsiz kənd təsərrüfatı kreditləri, uzun müddətə vergidən azad olunma güzəştləri, iş yerlərinin açılması, aqrar sənaye obyektlərinin inşası və sair tədbirlər həyata keçirilməlidir. Ermənistanla sərhəd rayonlarında, hələ ki, işğal altında qalan ərazilərin ətrafında azərbaycanlı əhalinin məskunlaşması stimullaşdırılmalıdır. Sorğu və imza ilə məhdudiyyətlər qoymaq bu əraziləri boş qoymaq siyasətidir.
İkincisi, işğaldan azad edilmiş torpaq sahələrinin böyük bir hissəsi həmin ərazilərdən qovulmuş insanların pay torpaqları, torpaq mülkiyyətidir. Ölkədə torpaq islahatı həmin insanlar yurdundan didərgin düşdükdən sonra keçirilib və haqqında söhbət gedən qaçqın əhali ayrı bir yerdə pay torpaqları almayıb. Torpaq islahatı haqqında qanun da ləğv edilməyib. İndi necə bu adamların qanunla bölüşdürülmüş pay torpağı almaq hüququndan, torpaq üzərində mülkiyət hüququndan məhrum etmək olar. Bu sorğu və imza “kampaniyası” kənd yerlərindən qaçqın düşmüş insanları hamı kimi pay torpaqları almaq hüququndan məhrum etmək, müxtəlif üsullarla onlara verilməli olan torpaqları ələ keçirmək üçün bir tələdir. Mövcud qanunlar üzrə vətəndaşlar geçikmiş mülkiyyət hüququndan məhrum edilə bilməz. Hətta, onlar Bakı və Sumqayıtda yaşamaq istəsə belə.
Üçüncüsü, Sovet dövründəki məhdudiyyətlər aradan götürüldükdən sonra kənd rayonlarında yaşayan adamların xeyli hissəsinin Bakı, Gəncə, Sumqayıt və sair şəhərlərdə evləri var. Naxçıvanda yaşayan əhalinin böyük bir hissəsinin Bakıda evləri var. Niyə bu məhdudiyyət məhz Qarabağ qaçqınlarına qoyulmalıdır? Əgər adamlar qaçqın düşdüyü müddətdə öz pulu ilə qeyd edilən şəhərlərdə ev alıbsa, niyə bu mənzil-mülkiyyət onu pay torpağı almaq hüqundan məhrum etməlidir? Bu sorğuları kim keçirəcək, bu imzaları kim
toplayacaq? Haradandır əminlik ki, müxtəlif hoqqabazlıqla sadəlöhv insanlar min bir əziyyətlə əldə etdiyi mənzilini itirmək təhdidi altında kəndinə dönüşdən imtina etdirilməyəcək? Köçkün düşənə qədər azad olunmuş kəndlərin qeydiyyatında olmuş hər bir kənd sakini pay torpağı almalıdır. Bunu qaçqınlardan kiminsə Bakıda və ya Sumqayıtda evinin olması ilə şərtləndirmək olmaz.
Şübhəsiz ki, bu “sorğu və imza” hoqqabazlığının arxasında yenə də Əliyevlərin geniş münbit torpaqları ələ keçirməkdən ibarət olan tükənməz tamahı dayanır. Harada görünüb ki, qaçqın və köçkün öz yurdunu sorğu ilə, imza təhdidi altında qaytarılsın? Əslində, bu imza və sorğu hoqqabazlığı köçkünlərin öz yurduna qayıtmaını əngəlləmək, daha az adamın qayıtmasını şərtləndirmək üçün bir hiylədir. Artıq Əliyev çıxışların birində məlumat verdi ki, işğaldan azad olunmuş torpaqlardan 7 min hektarı əkilib. Kim əkib özünə məxsus olmayan torpaqları?
Əgər bir az dərindən analiz edilsə, ya Paşabəla şirkətləri, ya da Əliyev ailəsinə məxsus digər işbazlar insanların pay torpaqlarında əkin işlərinə başlayıblar. Əks təqdirdə, niyə əhalinin qayıtması üçün yaşayış məntəqələri deyil, əkin üçün nəzərdə tutulan 7 min hektar torpaq sahəsi minalardan təmizlənib? Ona görə də, bütün sorğu və imza oyunbazlığı geniş torpaq sahələrini ələ keçirməkdən ibarət olan ailə maraqlarına xidmət edir.