Paşinyan Azərbaycana “İskander” raketlərinin atıldığını etiraf etdi

Paşinyan Azərbaycana “İskander” raketi atıldığını ilk dəfə etiraf edib, bəzi istiqamətlərdə avtobuslar hərəkət sxemi üzrə tam hərəkət edə bilmir, Bakı Nəqliyyat Agentliyi açıqlayıb. Tbilisi prospektində yerləşən yataqxana binasının dam örtüyü yanıb, ölkə ərazisində qarlı hava sabah səngiyəcək – bu və digər xəbərlər icmalımızda.

Iskander

Ermənistan Baş naziri Nikol Paşinyan ölkənin keçmiş Prezidenti Serj Sarkisyanın “İskander” Rusiya raket kompleksinin 44 günlük Qarabağ müharibəsi zamanı istifadə edilmədiyinə dair eyhamına cavab verib.

Ötən həftə ArmNews televiziya kanalına müsahibəsində Serj Sarkisyan demişdi ki, müharibənin 3-cü-4-cü günü Ermənistanın “İskander” raket kompleksindən nə üçün istifadə etmədiyini anlamır.

“1in.am” portalın müxbirinin: Sarkisyanın bu eyhamı baş nazirə mi ünvanlanıbmış? – sualını cavablandıran Paşinyan deyib: “Bu eyham mənə ünvanlanmış ola bilər, lakin mən düşünürəm ki, rədd edilmiş [Searj Sarkisyan nəzərdə tutulur] gərək bir çox sualların cavabına bələd olsun və cavabları ona məlum olan sual verməsin. Qoy soruşsun ki, niyə “İskander”-dən buraxılan raket partlamayıb? Yaxud niyə, məsələn, 10 faizi partlayıb?”.

İkinci Qarabağ Müharibəsinin son gecəsində – 2020-ci il noyabrın 10-da Bakı yaxınlığına raketin düşməsi barədə məlumatlar yayılsa da, Azərbaycanda hakimiyyət bu məsələ barədə indiyə qədər şərh verməyib. Bəzi məlumatlarda, Ermənistanın Bakı yaxınlığına “İskander” raketi atdığı və Azərbaycanın havadan müdafiə sistemlərinin onun qarşısını aldığı deyilirdi.

Ermənistan Baş naziri ilk dəfədir ki, bu barədə danışıb və raketin atıldığını etiraf etsə də, onun tam olaraq partlamadığını blidirib.

Ermənistanda Rusiyameylli media və siyasətçilər Paşinyanın bu sözlərini tənqid edib və Rusiya istehsalı olan “İskander” raketlərinin yararsız olmasına işarə vurmasını Ermənistan-Rusiya münasibətləri üçün faydalı olmadığını bildirib.

İlk dəfə Qarabağ müharibəsi zamanı “İskander” kompleksinin istifadə olunması barədə Ermənistan Silahlı Qüvvələrinin keçmiş baş qərargah rəisi Movses Hakobyan danışıb.

O, ötən ilin noyabrında jurnalistlərlə görüşü zaman müharibənin son günləri “İskander”- lərdən istifadə edildiyini bildirmişdi. Sabiq prezident Sarkisyan isə öz son müsahibəsində raketlərin Şuşaya yönəldildiyini demişdi.

Lakin bu günədək Ermənistanın siyasi və hərbi rəhbərliyi bu raket kompleksindən istifadə edildiyi haqqında məlumatları heç vaxt təsdiqləməmişdi.

Etirazlar

Ermənistan hərbi hissələrindən birində bir qrup müddətli həqiqi hərbi xidmət keçən əsgərin məzuniyyətdən sonra hərbi hissəyə qayıtmaq istəməyib.

Ermənistan Müdafiə Nazirliyi mətbuat xidmətinin məlumatına görə, fevralın 23-də bir qrup hərbçi və onların qohumları əsgərlərin qulluq etdikləri hərbi hissəyə qayıtmasına maneə olmağa çalışıblar. Nəticədə hərbi hissənin ərazisində iğtişaş baş verib, bəzi əsgərlər isə, fürsətdən istifadə edərək hərbi hissənin ərazisini tərk edib.

Hərbi hissənin rəhbərliyi hadisə ilə bağlı xidməti araşdırma başlyıb, hərbi polis fərarilik etmiş əsgərləri axtarır, onların barəsində cinayət işləri qaldırıllıb.

Ermənistan Müdafiə Nazirliyi hadisəni müzakirə etdiyi və vətəndaşları silahlı qüvvələrin döyüş qabiliyyətini şübhələyən və müharibədən sonrakı dövrdə döyüş tapşırıqların yerinə yetirilməsini əngəlləyən bu kimi hərəkətlərdən çəkinməyə çağırır.

Ermənistanda etirazçılar universitet binasına daxil olublar

Yerevanda müxalifət tərəfdarları yeni etiraz taktikasını tətbiq etməyə başlayıb. Onlar təşkil etdikləri itaətsizlik tədbirlərinin keçirilməsinin vaxtı və yeri barədə məlumat verməmək qərarına gəliblər.

Çərşənbə günü onlarla müxalifət nümayəndəsi Yerevan Dövlət Universitetinin binasına daxil olub, tələbə və müəllim heyətini vətəndaş itaətsizlik aksiyalarına qatılmağa çağırıblar.

Onlar “Müəllimlər, birləşin”, “Tələbələr, birləşin”, “Nikolsuz Ermənistan”, “Torpaqları təhvil verən, rədd ol” şüarları səsləndirərək auditoriyalara daxil olublar.

Fevralın 23-də müxalif “Vətənin xilası hərəkatı” növbəti mitinqi zamanı bəyan edib ki, paytaxt Yerevanın müxtəlif yerlərində kütləvi aksiyalar keçirməyə başlayacaqlar.

Cümə axşamı, fevralın 25-də isə hərəkat tərəfdarları baş nazir Paşinyanın istefası tələbilə Ermənistan rayonlarına avtomobil yürüşü təşkil etməyə hazırlaşır.

BBC News Azərbaycancan