
Qənimət Zahid
Siyasi dəyərini itirmiş sabiq məmurların maliyyə imkalarından məhrum edilməsi…
Deputatlardan biri belə ərz edib ki, ölkədə, sən demə dövlət çevrilişi fikrinə düşən sabiq məmurlar var imiş və indiki «çistka» da həmin planı önləmək üçün aparılırmış. Biz istənilən deputatdan ən düşük açıqlamaları eşitməyə adətkərdəyik, amma…
Ölkədə heç bir dövlət çevrilişi- filan təhlükəsi yoxdur və bu barədə düşük açıqlama verənlər ictimai- siyasi mühiti « hərbiləşdirmək » niyyətlərinin başına noxta salmaqdır. Başqa hiyləgərlik də var. İndiki sabiqlərin tutulmasının yalnız bircə səbəbi var, o da pul toplamaqdır. Dolayı büdcə oğurluğudur. Deyə bilərsiz ki, bu büdcə oğurluğu söhbəti hardan çıxdı ?
Büdcə məhduddur, görülməli olan işlər isə çoxdur, lap çoxdur. Belə natarazlığın müqabilində büdcədən oğurlamaq imkanı məhduddur. Hər halda, axı hansısa işlər görülməlidir. Azad edilmiş ərazilərin bərpası üçün büdcədən ayrılan vəsait də o qədər məhduddur ki, ondan çırpışdırmaq, faktiki olaraq, mümkün olmayacaq. Amma axı, hardansa nəsə qazanmaq da lazımdır. Bu yerdə həmin sabiqlər yada düşür. Onların sərəncamında babat pullar var, özləri isə siyasi əhəmiyyətini itiriblər, yəni onların varlı olması daha heç kimə gərək deyil. Kimin nə qədər pulunun – sərvətinin olduğu Əliyevə bəllidir: indikilərin də, sabiqlərin də talan əməliyyatında iştirakı onun öz sanksiyaları ilə baş verib.
Siyasi əhəmiyyətini itirmiş bir sürü sabiq məmur var, amma onların sərəncamında çoxlu oğurluq pullar var. İndi oğurluq pulların, korrupsiya pullarının yalnız bir ünvanı müəyyənləşdirilib, bu da prezidentin özünə məxsus olan ünvandır. Ölkədə böyük pullar yalnız onda olmalıdır. Buna görə də ikinci qarət prosesi davam edir, həm də indi deyil. Bu proses təqribən 2014- cü ildən başlayıb və davam edir. Sadəcə olaraq, oğurluğun- qarətin həcmi o qədər böyükdür, siyahı o qədər nəhəngdir ki, onu 7 ildir yığıb- yığışdırmaq olmur. Müharibə zamanı proses bir qədər səngidi, həssas zaman idi. İndi qaldığı yerdən davam edir.
Korrupsiya mərkəzləşdirilir, ölkədə yalnız bir oliqarxın üstünlüyü tanınır. Bütün bu prosesin tək səbəbi budur.
Yox bir, «dövlət çevrilişi» ! Həm də necə : «dövlətin və prezidentin əleyhinə çıxmaq » kimi təqdim edilən siyasi baxımdan düşük, hüquqi baxımdan mənasız mülahizə !