Çin hökumətinin vəhşiliklərinin şahidi danışır

Çinin uyğur türklərini məcburi saxlayıb adına maarifləndirmə, deradikallaşdırma və s. adı verdiyi düşərgələrdən birində 9 ay saxlanmış Tursunay Ziavudun orda başına gələnlər barəsində BBC-yə müsahibə verib. O, düşərgədən buraxıldıqdan sonra Sintzyandan qaçaraq ABŞ-a sığınıb və indi orda yaşayır.

Tursunay hər gecə maskalı və xüsusi uniformalı kişilərin qadınları hücrələrindən müşahidə kameralarının olmadığı “Qara otağa” apardıqlarını və qadınların bir və ya eyni zamanda bir neçə kişi tərəfindən təcavüzlərə məruz qalması barəsində dəhşətli açıqlamalar verib.

O, özünün 3 dəfə həmin otağa aparılaraq zorakılığa məruz qaldığını və hər dəfəsində 2 ya da 3 kişi tərəfindən təcavüzə uğradığını bildirib.

Çinin fövqəladə məxfiliyindən dolayı qadının iddialarının həqiqiliyini təsbit etmək mümkün deyil. Ancaq BBC bildirir ki, onun agentliyə təqdim etdiyi səfər sənədlərilə özünün hekayəsi haqqında danışarkən verdiyi zamanlar üst-üstə düşür. Eyni zamanda qaldığı düşərgəni təsviri ilə oranın peykdən əldə edilən görüntüləri də eynidir. Üstəlik, orada ikən saxlanma şəraitləri və rejimləri haqqında verdiyi məlumatlar bundan əvvəl oradan qaçmış və müsahibəyə razılıq vermiş uyğurların dedikləri ilə çox yaxındır.

BBC, həmçinin, Sintzyandakı düşərgələrdən birində 18 ay tutulmuş bir kazak qadından da müsahibə götürüb. Gülzira adlı bu qadın vəzifəsinin zorlamadan əvvəl uyğur qadınları soyundurub əllərini arxadan qandallamaq olduğunu söyləyib: “Mənim işim onların paltarlarını çıxarmaq və əllərini başlarının arxasında çarpazlayaraq qandallamaq idi. Bundan sonra otağı tərk edirdim və çinli kişi gəlirdi – çöldən kimsə və ya hansısa polis. Qapının yanında sakitcə dayanırdım, kişi çıxıb gedəndən sonra qadını yuyunmağa aparırdım. Çinli kişilər əgər qadınlar arasından ən gözəllərini seçmək istəyirdilərsə, onda ödəniş etməli idilər”.

Gülzirə iki seçim arasında olduğunu bildirir: ya onlara kömək etməli, ya da cəzalandırılmalı idi və o, qarşı gəlmək və ya prosesə müdaxilə etmək üçün çox zəif olduğunu dilə gətirir. O, həmin düşərgədə təşkilati təcavüz sisteminin mövcudluğunu vurğulayıb.

Tursunayın sözlərinə görə, həmin qara otağa aparılan qadınlardan bəziləri heç vaxt geri dönmədilər. Geri dönənlər üçün isə digərlərinə orda nə baş verdiyini demək qadağan idi: “Siz heç kimə nə baş verdiyini deyə bilməzdiniz, edə bildiyimiz tək şey sakitcə uzanmaq idi. Sanki hamımızın ruhunu məhv etməyi planlamışdılar”.

Tursunay sonradan düşərgədəki ən yaxın dostlarından olan yaşlı bir qadının başına gələnləri belə xatırlayır: “Ora gətirilərkən bütün zinət əşyalarımız əlimizdən alındı. Sırğamı vəhşicəsinə çəkib götürdülər və nəticədə qulağım qanamağa başladı. Bundan sonra qadınların olduğu bir otağa aparıldıq. Aralarında yaşlı bir qadın vardı. Düşərgə mühafizəçiləri onun baş örtüsünü dartıb aldılar və uzun geyim geyindiyinə görə üzərinə qışqırdılar. Onlar qadının əynində nə vardısa, hamısını çıxardılar və o sadəcə alt paltarı ilə qaldı. Elə utanmışdı ki… Əl-qolları ilə bədənini örtməyə çalışırdı. Onu belə görəndə çox ağladım. Elə o da… Göz yaşları yağış kimi damlayırdı”.

Foto BBC-yə məxsusdur. Fotodakı Tursunay Ziavudundur.

Yazı İqnoramus adlı fb səhifəsindən götürülüb