
Hafiz Babalı
2012-ci ildən başlayaraq bugünədək Azərbaycanda 49 iri kənd təsərrüfatı müəsssəsi və aqropark yaradılıb. Məqsəd torpaq, su və digər təbii resurslardan istifadənin səmərəliliyini artırmaq, məhsul bolluğu yaratmaq yolu ilə daxili tələbatı ödəmək olub. İri təsərrüfatların yaradılması ideyasının hökumətdə olan tərəfdarları hesab edirdilər ki, idxalı əvəz edən məhsulların istehsalını artırmaqla, nəinki valyuta axınının qarşısını almaq mümkün olacaq, eləcə də kənd təsərrüfatı məhsullarının ixracı iqtisadiyyatın bu sektorunun davamlı inkişafına səbəb olacaq. Amma iri kənd təsərrüfatı müəsssələrinin və aqroparkların yaradılması təcrübəsinin araşdırılması göstərdi ki, Azərbaycan tamamilə fərqli yol keçib, kənd təsərrüfatında inhisarlaşma meylləri güclənib, sayı yüz minlərlə olan kiçik fermer təsərrüfatları zəifləyib və müflisləşib.
Dövlət dəstəyi ilə ilk iri taxılçılıq təsərrüfatlarının yaradılmasına 2012-ci ildə başlanılıb. Həmin il Ağcabədi və Beyləqan rayonlarında 4800 hektar dövlət ehtiyat fondu torpaqlarının təyinatı dəyişdirilib və əkin dövriyyəsinə daxil edilib. O zaman Nazirlər Kabinetinin sərəncamı ilə yerli icra hakimiyyəti orqanları torpaq müsabiqəsi təşkil etmişdilər. Müsabiqə nəticəsində həmin torpaq sahələri “Qarabağ Taxıl” ASC-yə (btoyler toyuğu istehsalçısı “Səba” ASC-nin törəmə müəssisəsi) 49 il müddətinə illik 60 min manat olmaqla icarəyə verilmişdi. Nazirlər Kabinetinin müəyyən etdiyi şərtlərdən biri də beləydi ki, yeni təsərrüfatların meliorativ vəziyyətinin yaxşılaşdırlıması üçün suvarma və elektrik enerjisi obyektlərinin tikintisinə çəkilən xərcləri torpağı icarəyə götürən şəxs 10 il müddətinə (2 il güzəşt müddəti olmaqla) geri qaytarsın. Lakin sonradan bu tələb açıqlanmayan səbəblərdən ləğv edildi. Elə kənd təsərrüfatında müsabiqə yolu ilə investor axtarışlarına da son qoyuldu.
“Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi Qaydaları”na görə, dövlət torpaqları üzərində icarə hüquqları müsabiqə yolu ilə əldə olunmalıdır. Torpaqların müsabiqələr vasitəsilə mülkiyyət və ya icarəyə verilməsi yerli icra hakimiyyəti orqanlarının qərarı ilə həyata keçirilir. Lakin iri təsərrüfatların yaradılması zamanı bu tələbə demək olar ki, əməl edilmir.
Dövlət torpaqlarının kateqoriyasının dəyişdirilməsində iştirak edən qurumlardan biri də Əmlak Məsələləri Dövlət Xidmətidir. Onun 2017-ci il üzrə hesabatında qeyd olunur ki, “101 min hektar torpaq sahəsinin kateqoriyasının və məqsədli təyinatının dəyişdirilməsi ilə bağlı 58 müraciət üzrə sənədlər qanunvericiliyə uyğun olaraq təsdiq üçün Nazirlər Kabinetinə göndərilib. Bundan 53 sərəncam layihəsi Nazirlər Kabineti tərəfindən təsdiq edilib. Kənd təsərrüfatı məqsədi ilə (əkinçilik və heyvandarlıq) torpaq sahələrinin hüquqi və fiziki şəxslərə icarəyə verilməsi barədə 595 müraciət üzrə 206 min ha yaxın torpaq sahəsinin icarəyə verilməsi müsbət rəy alıb”. Torpaqların kənd təsərrüfatı məqsədilə istifadə edilməsi üçün təyinatının dəyişdirillərək icarəyə verilməsi praktikası növbəti illərdə də davam etdirilib.
2013-cü ildən etibarən hökumət kənd təsərrüfatı istehsalında aqropark modelinə üstünlük verməyə başlayıb. Şəmkirdə və Xaçmaz rayonunun Yalama kəndində ilk aqroparkların əsası qoyulub. O zaman aqropark konsepti istehsal, emal, saxlanma və dəstək xidmətlərinin (laboratoriya, logistika və s.) göstərilməsinə əsaslanırdı. Prioritetlərdən biri yerli fermerlərlə əməkdaşlığa söykənən biznes modelinin qurulması idi. Lakin praktikada aqroparklar bu məqsəddən uzaqlaşdı və daha çox vahid təsərrüfat prinsipi ilə qurulmağa başladı. Daha geniş torpaqlar – aqropark modelinin əsas sütünuna çevrildi. Hazırda aqroparkların böyük əksəriyyəti ətraf təsərrüfatlardan təcrid olunmuş şəkildə fəaliyyət göstərir.
Ölkəmizdə istifadə olunan aqropark modeli daha yüksək səviyyədə mərkəzləşmiş və geniş miqyasda fəaliyyət göstərən emal mərkəzlərinin yaradılmasına xidmət edərək klaster (qruplaşdırma) yanaşması əsasında qurulur. Bu yanaşma 2016-cı ilin dekabrında qəbul olunmuş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə müəyyən edib.
Strateji Yol Xəritəsinə görə, əvvəlcə aqroparkın optimal yeri və sahəsi müəyyən olunmalı idi. Bundan sonra təklif edilmiş müxtəlif dəyər zəncirləri üzrə istehsal və bazar imkanlarının təhlili əsasında sənaye sahələrinin məqsədi, istehsal səviyyələri üzrə hədəfləri, aqroparkın növü və fəaliyyət istiqamətləri, aqropark üçün dəstək xidmətləri üzrə dövlət (məsələn, elmi araşdırma işlərinin aparılması) və özəl sektorun iştirak (məsələn, maliyyə xidmətlərinin göstərilməsi) imkanları müəyyənləşdirilməli, növbəti mərhələdə dövlət investisiyasına olan ehtiyac müəyyən edilməli və həmin investisiyaların iqtisadiyyata göstərəcəyi mümkün təsirlərin qiymətləndirilməsi həyata keçirilməli idi.
Yol Xəritəsinə görə, prosesin sonunda aqropark şəbəkəsi üçün investisiya təşviqi sənədi hazırlanmalı, prioritet təşkil edən sənaye sahələrində fəal iştirak edən şirkətlərin siyahısı tutulmalıydı. İnvestisiya təşviqi sənədi investorların bu siyahı əsasında dəvət edilməsinə, investisiya qoyulmasına və investorlarla əməkdaşlığın dərinləşdirilməsinə şərait yaradacaqdı. Amma aqroparkların yaradılmasında iştirak edən iş adamları ilə söhbətlərdən məlum olur ki, bu tələblər kağız üzərində qalıb.
Yeni tip kənd təsərrüfatı müəssisələri iki cür qruplaşdırılır: 500 hektardan aşağı torpaq sahəsi olan təsərrüfatlar “iri kənd təsərrüfatı müəssisəsi” kimi, daha böyük ərazilərdə yaradılan təsərrüfatlar isə “aqropark” kimi təsnif olunur. Bu, qeyri-rəsmi təsnifat olsa da, praktikada keçərlidir. İri təsərrüfatlardan fərqli olaraq, aqroparklar İqtisadiyyyat Nazirliyinin xüsusi reyestrinə daxil edilib.
Mikayıl Cabbarov 2019-cu ildə iqtisadiyyat naziri təyin olunduqdan sonra “aqroparkların fəaliyyətini vahid mərkəzdən idarə etmək” vəzifəsi qeyri-rəsmi Sumqayıt Kimya Sənaye Parkına (SKSP) həvalə edilib. İqtisadiyyat Nazirliyinin məqsədi aqrar sektorun kompleks təhlilində aqroparkların fəaliyyətinin nəzərə almaqdır. Ona görə də SKSP-nin təşkilatçılığı ilə aqroparkların monitorinqi aparılır. Monitorinq gedişində investisiya fəaliyyətinin nəticələri, dövlət investisiyalarının icra vəziyyəti öyrənilir və ehtiyaclar qiymətləndirilir. Lakin ekspertlər hesab edirlər ki, SKSP-in sənaye parklarının idarə olunması sahəsində iş yükü ağır olduğundan o, qarşıya qoyulan vəzifələrin öhdəsindən gələ bilmir. Aqrar sahənin spesefik xüsusiyyətləri nəzərə alınarsa, qurumun kadr heyəti də buna imkan vermir.
Bu ilin yanvar ayının 22-də bu qeyri-müəyyənliyə son qoyulub. Prezident İlham Əliyevin “Sənaye parklarının, sənaye məhəllələrinin və aqroparkların idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” fərmanı ilə SKSP MMC-nin əsasında İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyi yaradılıb. Yeni quruma aqroparkların fəaliyyətinin təşkili, idarə olunması və inkişafı ilə bağlı tədbirlərdə iştirak etmək səlahiyyəti verilib.
Aqroparkların maliyyə-təsəffürat fəaliyyətinə digər nəzarət rıçaqları onlara güzəştli kredit ayıran maliyyə institutlarıdır. Bunlar İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığa Yardım Fondu və Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyidir. Hər iki maliyyə təşkilatı aqroparkları müvəkkil kredit təşkilatları vasitəsilə kreditləşdirir.
Sahəvi dövlət təsərrüfat qurumları (“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC, “Azərişıq”, SOCAR-ın “Azəriqaz” İB və s.) aqroparkların kənar infrastruktur təminatına olan investisiya ehtiyaclarını qiymətləndirmək məqsədilə layihə-texniki sənədləri hazırlayır və maliyyələşdirmənin təmin edilməsi üçün İqtisadiyyat Nazirliyinə təqdim edirlər. Nazirlər Kabineti hər bir layihə üzrə dövlət büdcəsindən maliyyələşdirmənin təmin edlməsi üçün sərəncam verir və onun icrası Maliyyə Nazirliyinə tapşırılır.
Bəzən praktikada digər maliyyələşdirmə yollarından da istifadə olunur. Məsələn, “Şəmkir Aqropark”ının ərazisində lazımi infrastrukturun yaradılması üçün Nazirlər Kabinetinin 2016-cı il 10 oktyabr tarixli və Prezidentin 13 yanvar 2017-ci il tarixli sərəncamlarına əsasən dövlət büdcəsindən toplam 3,2 milyon manat vəsait ayrılıb. Aqroparklar da digər kənd təsərrüfatı müəssisləri kimi dövlətdən əkin, məhsul və ya heyvandarlıq subsidiyası alır, kənd təsərrüfatı texnikası, gübrə və cins heyvanların alışına görə güzəştlərdən istifadə edirlər.
Nazirlər Kabineti qəbul etdiyi sərəncamların əksəriyyətini ictimaiyyətə açıqlamır. İndiyədək yaradılmış iri taxılçılıq təsərrüfatlarına və aqroparklara dövlət fonduna daxil olan torpaqların ayrılması üçün qəbul etdiyi sərəncamlar da istisna deyil.
İqtisadiyyat Nazirliyi informasiya sorğumuza cavabında yeni yaradılan aqroparkların tam siyahısını təqdim etməkdən yayınıb: “32 rayon üzrə 242 min hektar ərazidə 49 aqropark və iri təsərüfatların yaradılması ilə bağlı işlər davam etdirilir. 183 min hektar ərazidə 41 aqropark və iri təsərrüfat fəaliyyətə başlayıb. Bunlardan 20-də bitkiçilik, 7-də bitkiçilik və bağçılıq, 7-də bitkiçilik və heyvandarlıq, 4-də bağçılıq və 3-də bitkiçilik, bağçılıq və heyvandarlıq fəaliyyəti mövcuddur.”
2019-cu ilin oktyabrında İqtisadiyyat Nazirliyi ümumi dəyəri 764 mln. manat olan 27 aqropark və iri taxılçılıq də heyvandarlıq təsərrüfatının yaradılmasına 192 milyon manat məbləğində güzəştli kredit vəsaitlərinin (illik 5 faiz, 10 il müddətinə) ayrıldığını açıqlayıb.
İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov 21 aqroparkın yaradılmasına Sahibkarlığın İnkişafı Fondu (SİF) tərəfindən bu ili oktyabr ayınadək 169,7 milyon manat güzəştli kredit verildiyini də bildirib.
Nazir müavini “heç bir aqroparka və iri fermer təsərrüfatına birbaşa olaraq dövlət əsaslı vəsait qoyuluşu xərclərindən maliyyə vəsaitinin ayrılmadığını” vurğulayır. Lakin bu, həqiqəti əks etdirmir. Hələ iki il bundan öncə, 2018-ci ilin iyununda Goranboy rayonunda “Region Agro” MMC-yə məxsus aqroparkın açılışında Prezidentə məlumat verilmişdi ki, dövlət dəstəyi hesabına aqroparkların yaradılması üçün ümumilikdə 311,8 milyon manat, o cümlədən su, qaz, elektrik və yol çəkilişi, meliorativ tədbirlər və digər infrastruktur işlərinə 204,2 milyon manat dövlət əsaslı investisiya qoyulub. Dövlət büdcəsindən investisiya qoyuluşları növbəti illərdə də davam etdirilib. 2020-ci ilin fevralında Kürdəmirdə “Global Aqro” MMC-nin aqroparkıın açılışında aqropark və iri fermer təsərrüfatlarına dövlət dəstəyi tədbirləri çərçivəsində 535 milyon manat, o cümlədən zəruri infrastruktur işlərinə 339 milyon manat dövlət əsaslı vəsaiti qoyulduğu elan edilib.
Seçilmiş ərazilərdə sahəsi bəzən on min hektarlarla ölçülən iri aqrobiznes müəssisələri indi bir neçə sot əkin sahəsi olan mikro təsərrüfatlarla rəqabət mühitində işləyir. Əmlak Məsələləri Dövlət Xidməti yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinin fəaliyyət istiqamətlərindən biri inzibati ərazi vahidi daxilində xüsusi mülkiyyətçilərin torpaq inhisarçısına çevrilməsinə yol verilməməsi üçün tədbirlər görməkdən ibarətdir. Lakin qurum bu sahədə risklərin mövcud olmasına baxmayaraq, indiyədək qabaqlayıcı tədbirlər görməyib.
Ölkəmizdə örüş, meşa fondu və digər dövlət mülkiyyətində olan torpaqların bir hissəsinin aqrar sektorda rəqabətə zərbə vurmaq təhlükəsi yaradan qeyri-şəffaf şəkildə bölüşdürülməsi təcrübəsi var. Hökumət faktiki olaraq aqrar Yol Xəritəsindən kənara çıxıb və aqroparklar əsasən maliyyə və biznes oliqarxiyasında təmsil olunan şəxslərə məxsus şirkətlərinin nəzarətinə keçib. İri torpaq sahələri onlara qeyri-qanuni yollarla uzunmüddətli icarəyə verilib.
Jurnalist araşdırması gedişində rəsmən elan edilən 49 iri taxilçılıq təsərrüfatı və aqroparkdan 38-ni identifikasiya etmək mümkün oldu.
Hazırda Azərbaycanın ən iri aqropark şəbəkəsinə müxtəlif törəmə və əlaqəli şirkətlər (“Agro Dairy” MMC, “Şəmkir Aqropark” MMC, “Yalama Aqropark” MMC, “Azərşəkər” MMC, “Grand Agro” MMC, “CPC” MMC, “Azbadam” MMC, “Foodcity Agropark” MMC və “Agrarco” MMC) vasitəsilə “PAŞA Holding” MMC nəzarət edir. Bu holdinq Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin qızları Leyla və Arzu Əliyevalara məxsusdur. Aşağıda ölkəmizdə olan ən məşhur aqroparklarla bağlı zəruri məlumatlı təqdim edirik.
“Agro Dairy” MMC Samuxda dövlət ehtiyat fondundan 5 min hektar, Tovuz rayonunun Ceyrançöl ərazisində isə 12 min hektar ərazini uzunmüddətli icarəyə götürüb. Hacıqabul rayonunda 30 min hektar torpaq sahəsinin təyinatı otlaq kateqoriyasından əkin kateqoriyasına keçirilib, həmin ərazidə iri taxılçılıq və yemçilik təsərrüfatı yaradılıb.
“Yalama Aqropark” Azərbaycanın ilk aqroparkıdır. Nazirlər Kabinetinin 12 sentyabr 2013-cü il tarixli, 254s nömrəli Sərəncamına əsasən Xaçmaz rayonunun Yalama kəndi ərazisində 523 hektar torpaq sahəsində heyvandarlıq təsərrüfatı yaradılıb. Hazırda aqroparkın torpaqları Yalama kəndi və İstisu qəsəbəsindəkı əkin sahələri hesabına 1479 hektara çatdırılıb.
“Şəmkir Aqropark” MMC-nin ümumi ərazisi 604 hektardır. Aqropark təkcə öz mülkiyyətçisinə deyil, həm də laboratoriya, soyuducu anbarlar, logistika, ekspertiza, gömrük rəsmiləşdirilməsi və beynəlxalq yükdaşıma xidmətləri üzrə Şəmkir rayonunun kiçik aqrar təsərrüfatlarına da xidmət göstərir.
Buğda, arpa, qarğıdalı, soya və şəkər çuğunduru əkini ilə məşğul olan ən iri təsərrüfatlardan biri də “Azərşəkər” MMC-dir. 2017-ci ildə fəaliyyətə başlayan şirkətin aqroparkları Şəmkirdə (700 ha), Ağcabədidə (2500 ha), Füzulidə (1200 ha), Yevlaxda və Goranboyda (toplam 2956 ha) yerləşir.
“Agrarco” MMC əsasən Qusar rayonu ərazisində fındıq, alma və başqa meyvələrin istehsalı ilə məşğul olur. Hazırda 1300 ha fındıq bağına sahib olan şirkət əlavə 2500 hektar torpaq sahəsini 49 il müddətinə icarəyə götürüb.
Oğuz rayonunda qarğıdalı emalı ilə məşğul olan “CPC” MMC Qax rayonunda aqropark yaradan şirkətlərdəndir. 2019-cu ildə şirkətə rayon ərazisindəki Sarıca çölündə 1100 hektar torpaq ayrılıb. Bu həmin torpaqlardır ki, Qax fermerləri ondan örüş kimi istifadə edirdilər.
Azərbaycanda zeytunçuluq və badam istehsalı sahəsində lider olan “Grand-Agro” MMC 2017-ci ildə təsis olunub. Qala, Şüvəlan, Türkan, Hövsan, Zirə və Ramanada 2500 hektara yaxın ərazidə zeytun və badam bağları salıb.
“Azbadam” MMC keçmiş 3 nömrəli Qala zeytunçuluq sovxozu, Bilgəh zəfəran sovxozunun ərazisində müvafiq olaraq 268 ha və 212 ha-da intensiv badam bağları salıb.
Holdinqin bir başqa aqropark layihəsi Azərbaycandan Rusiyaya kənd təsərrüfatı məhsullarının qablaşdırılması və emal yolu ilə ixracını nəzərdə tutan “Foodcity Agropark” Bakıda 13 hektar ərazidə 45 min kvadratmetrlik qapalı tikililər (anbarlar) inşa edib. Burada 15 min ton məhsul saxlamaq imkanı var.
Azərbaycanda aqroparklara sahib olan şəxslərdən biri də hakim ailənin digər üzvü – Səməd Qurbanovdur. 2017-ci ildə o, Bakıda, Zirə qəsəbəsində 10 hektar sahədə istixana kompleksi inşa edib. “Baku Agropark” MMC-nin bu layihəsinin icrasına 21,7 milyon manat sərmayə qoyulub. Vəsaitin 10 milyonu dövlətin ayırdığı güzəştli kreditdir. İstixananı elektrik enerjisi ilə təmin etməkdən ötrü “Azərişıq” ASC xətti ilə dövlətin 5,5 milyon manat məbləğində vəsaitindən istifadə olunub.
Səməd Qurbanovun digər aqroparkı Şabran rayonunun Udulu kəndində taxıl istehsalı ilə məşğuldur. Ümumi dəyəri 14 milyon manat olan “Şabran Aqrokompleks” MMC aqroparkının yaradılmasına dövlət 10 milyon manat güzəştli kreditverib.
Gənclər və idman naziri Azad Rəhimova məxsus “İD-Agropark” MMC 2016-cı ildə yaradılıb. Nazirlər Kabinetinin sərəncamına əsasən, Saatlı rayonunun Azadkənd kəndi ərazisində, “Moskva” su kanalının yaxınlığında 7000 hektar qış otlaqlarının təyinatı dəyişdirilib. Sahibkarlığın İnkişafı Fondu “İD-Aqropark” MMC-yə 10 milyon manat güzəştli kredit ayırıb.
Nazir Azad Rəhimovun ikinci aqroparkı Kürdəmir rayonunun Şilyan massivindədir. Burada “SM Agro” MMC-yə 6150 hektar kənd təsərrüfatı təyinatlı torpaq ayrılıb. Bu şirkət də 2016-cı ildə yaradılıb Bu torpaqlarda taxıl və pambıq becərilir.
Biləsuvar rayonu ərazisində qurulan 3 aqroparkdan biri keçmiş mədəniyyət naziri Əbülfəs Qarayevin kürəkəni, İran əsilli iş adamı Şəhriyar Malekiyə məxsusdur. “Green Farms Azerbaijan” MMC 2016-cı ildə yaradılıb. Rayonda 5000 hektar sahəsi olan aqropark bu şirkətə təhkim olunub. Aqroparkda arpa, buğda və qarşıdalı becərilir.
Goranboy və Samux rayonları ərazisində qurulan “Region Agro” aqroparkı Prezidentin köməkçisi Zeynal Nağdəliyevin kiçik oğlu Hikmət Nağdəliyevə məxsusdur. Nazirlər Kabinetinin sərəncamları ilə Goranboy rayonunda 3500 ha, Samux rayonunda isə 1200 ha qış otlaq sahələrinin təyinatı dəyişdirilib və yeni yaradılanaqroparkın istifadəsinə verilib. Bu iri taxılçılıq təsərrüfatının yaradılmasına dövlət 35 milyon manat vəsait ayırıb. “Azərişıq” ASC bu özəl təsərrüfata dövlət vesaiti hesabına 2,9 milyon manat sərmayə qoyub. Nağdəliyevlərin aqroparkı üçün dövlət büdcəsi hesabına12 km-lik qaz xətti inşa olunub, əraziyə 9,4 km uzunluğunda asfalt yol salınıb.
Qax rayonundakı “Ulu Aqro” MMC-yə məxsus aqropark “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri Əhməd Əhmədzadənin oğlu Cuma Əhmədzadənindir. Aqropark Ağyazı qışlağının ərazisində 2094 hektarda yaradılıb. Meliorativ tədbirlərə 9 milyon manat, elektrik təminatına 4,7 milyon manat dövlət vəsaiti sərf olunub. Büdcə vəsaiti hesabına 4,6 kilometr uzunluğunda su xətti çəkililib, tutumu 50 min kubmetr olan beton su hovuzu tikilib, 15 kilometr uzunluğunda 10 kV-luq elektrik xətti qurulub, transformatorlar alınıb. Bundan başqa, Əhmədzadələrin aqroparkına aparan Qax-Qıpçaq-Ağyazı avtomobil yolu da əsaslı təmir edilib. Aqroparka 2 milyon manat dövlət güzəştli krediti verilib.
“Binə Aqro” QSC-nin istixana kompleksi 2015-ci ildə 6 ha torpaqda qurulub. Bu gün təsərrüfatın sahəsi 140 hektara çatıb, bunun 75 hektarı istixana altındadır. Kompleksin dayanıqlı elektrik enerjisi ilə təminatı üçün 5 milyon manata yaxın dövlət vəsaiti qoyulub. Şirkətin Müşahidə Şurasının sədri Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Əli Nağıyevin oğlu İlham Nağıyevdir.
Astna.biz