Şəxsiyyəti və yaradıcılığı ilə dəyər olan bir şair

AXCP Rəyasət Heyətinin üzvü Fuad Qəhrəmanlı

Şəxsiyyəti və yaradıcılığı ilə dəyər olan bir xanımın doğum günüdür bu gün. Onu yaxından tanımaqla, uzaqdan tanımaq arasında elə bir fərq yoxdur. Çünki şəxsiyyəti bütöv, prinsipləri aydın, düşüncələri və hissləri şeirlərində pərvazlanan bu xanım, göründüyü kimi olan, olduğu kimi görünən bir kimliyə sahibdir. Ona görə də yaxından da, uzaqdan da tanıyan hər kəs ona dərin bir ehtiram duyur.
Saadet Cahangir haqqında dəfələrlə şeirlərinə münasibət bildirərkən böyük şair ifadəsi işlətmişəm. Şairin böyüklüyü sözlərə yüklədiyi məna və dəyərdə, insanın çəkilməz, dözülməz sandğı acıları, dərdləri, bəzən də dolmuş gözlərdən süzülən damlalar kimi kövrək duyğuları sözlərə çevirməkdə, insanın ruhunun tablosunu ifadələrlə çəkməsindədir. Ona görə də şairə Saadətin sözləri nə qədər azaddırsa, bir o qədər də bitib tükənməyən həsrətə, ümidsiz bir nisgilə, insan ürəyinin, ruhunun çəkdiyi cəfaların yükünü daşımağa məhkumdurlar.
Onun şeirləri dərdlərin, bitməyən həsrətin, xəyal kimi əlçatmazlığa çevrilən nakam arzuların, öz əzablarında çarmıxa çəkilmiş nakam sevgilərin, despotların azğınlığında həbsə məhkum edilmiş azadlıq ümidlərinin sözlərlə yüksələn səsi, susmayan harayıdır.
Saadətin şeiriyyətində bir dərvişin öz tərki dünya məqamında cahanı seyr etməsi, insanlığın bitib tükənməyən qovğalarına, mənsəb, sərvət uğrundakı savaşlarına, puç olan dünyanın puçluğuna əlini yelləyib gedən sufi abidin müdrikliyi var.
“Şəhidlərin qanı qurumayıb, mənə doğum günü təbrikləri əvəzinə, şəhidlərdən yazın” deyən mütəvazi bir qəlbə sahib şairlə yol yoldaşı olmaq, onu tanıyan və sevən hər kəs üçün qürur vericidir.
Doğum günün mübarək, abla.