
Nemət Əliyev, iqtisadçı ekspert, AXCP İqtisadi Siyasət Komissiyasının sədri
Dizelin və benzinin bahalaşması haqqında qərar sosial və iqtisadi sifariş olmadan qəbul edilib. Dizelin 33,3%, benzinin 11,1% bahalaşdırılması hazırkı şəraitdə işgüzar fəaliyyətə zərbədir və əhalinin sosial vəziyyəti ilə ziddiyyət təşkil edir.
Benzin və dizelin pərakəndə satış qiymətlərinin qaldırılmasına təşəbbüs SOCAR-dan gəlib. Qiymətlərin bahalaşdırılmasını əsaslandırmağa çalışan SOCAR izahat verib ki, bu bahalaşma qərarı 2022-ci ilin iyun ayınadək dizel yanacağının, 2023-cü ilin iyun ayınadək Aİ-92 markalı avtomobil benzininin keyfiyyətini AVRO-5 standartına uyğunlaşdırmağa və bu bunun üçün tələb olunan modernləşmə və yenidənqurma işlərini həyata keçirməyə imkan verəcək… Çox gülüncdür, ona görə ki, izahatdan da məlum olduğu kimi keyfiyyət yaxşılaşmadan qiymət qalxıb. Keyfiyyəti isə SOCAR söz verib ki, iki il yarımdan sonra qaldıracaq… Ağlı başında olan istənilən ölkədə belə yanaşma və münasibətə görə dünyanı dar edərdilər SOCAR-a. Çünki əvvəl keyfiyyət, sonra bahalaşma olmalıdır. Keyfiyyət artmayıbsa, istənilən bahalaşma süni hesab olunur. Neft-qaz yataqları üzərinə çökən şirkətin modernləşmə və yenidənqurma işlərini pərakəndə satış qiymətlərinin artırılmasından əldə edilən pulla həyata keçirmək istəyini bəyan etməsi əhalini ələ salmaqdan başqa bir şey deyil və çox absurddur. Ona görə ki, bu məqsədlər üçün tamam fərqli maliyyə mənbələri mövcuddur.
İndi isə Tarif Şurasının qərarla bağlı əsaslandırmasına diqqət edək. Tarif Şurası Azərbaycana gətiriən avtomobillərin sayının çoxalmasına dair Dövlət Gömrük Komitəsinin açıqladığı məlumatlara söykənərək belə qənaətə gəlib ki, guya ölkədə benzinə və dizelə təlabat artıb. Halbuki benzin və dizelə təlabatı müəyyən etmək üçün “sərnişin dövriyyəsi” və ya “yük dövriyyəsi” kimi birbaşa göstəricilərə istinad etmək gərək idi.
DSK-nın açşıqladığı rəsmi məlumatlar göstərir ki, ölkədə yükdaşımaların 60 faizi, sərnişindaşımaların isə 93 faizi avtomobil nəqliyyatı ilə həyata keçirilir və cari ilin yanvar-noyabr aylarında (öiedn) avtomobil nəqliyyatı ilə yük dövriyyəsi 50,4%, sərnişin dövriyyəsi isə 32% azalıb. Bu göstəricilər ölkədə benzinə və dizelə olan təlabatın əhəmiyyətli dərəcədə aşağı düşməsini birmənalı şəkildə təsdiq edir. Tarif Şurasının bu real vəziyyətlə tanış olmaq imkanı yoxuydusa, diqqətini benzin və dizelin ticarətindən daxilolmaların azalmasına yönəldə bilərdi. Bunu da bacarmayıbsa, heç olmasa, karantin səbəbi ilə bir ilə yaxın dövrdə əhalinin kütləvi şəkildə evlərə qapadılmasından, küçələrdə şütüyən avtomobillərin gözlə görüləcək dərəcədə azalmasından xəbər tutmalıydı. Lakin anlaşılan bu ki, son 7 ildə dünya bazarlarında neftin kəskin ucuzlaşması da Tarif Şurasını duyuq sala bilməyib (Sonuncu tənzimləmə qərarı dizel yanacağı üzrə 02.12.2013-cü il tarixində, Aİ-92 markalı benzin üzrə 14.07.2017-ci il tarixlə verilib).
Hər bir halda, təlabatın kəskin şəkildə azalması günümüzün reallığıdır, ortadadır və bunu inkar etmək əsla mümkün deyil. Belə vəziyyətdə bahalaşmaya getmək olmaz. Ona görə ki, bu şərtlər altında istənilən ölçüdə bahalaşma qərarı onsuz da ağır vəziyyəti daha da ağırlaşdıra bilər. Belə şəraitdə İqtisadi İnkişaf Nazirliyi bahalaşma məsələlərini deyil, nəqliyyat sektorunda işgüzar fəalillığı təşviq edən və bununla da sahibkarlara gerçək dəstək verən qərar layihələrini masa üzərinə gətirməli idi.
Tarif Şurası öz absurd qərarını əsaslandırmaq üçün bu dəfə də Rusiyaya, Belarusa, bir sıra başqa ölkələrə üz tutub və həmin ölkələrdən yanacağın baha olmasına dair çox uğursuz nümunələr gətirib. Belə yola baş vuran Tarif Şurası gərək nümunə gətirdiyi ölkələrdə gəlirlərin səviyyəsinin yüksək olması haqqında məlumatları da ictimai fikrə daşıyaydı və göstərəydi ki, orta aylıq əməkhaqqı Azərbaycanla müqayisədə Rusiyada 55% və ya 229 dollar, Belarusda isə 22% və ya 93 dollar çoxdur. Lakin buna lüzum bilməyib Tarif Şurası.
Bahalaşma qərarı qəbul edilərkən əhalinin ağır sosial vəziyyəti də diqqətdən yayındırılıb. Son 7 ayda əhali gəlirlərinin adambaşına düşən həcminin 114 manatdan çox və ya 22% azalması ölkədə həyat səviyyəsinin əhəmiyyətli dərəcədə pisləşməsini təsdiq edən hal kimi hökumətin diqqətini cəlb etməli və onu bahalaşma niyyətindən daşındırmalı idi. Heç olmasa, orta aylıq əmək haqqı məbləğinin 40 manat həcmində azalması gözə çarpmalı idi. Amma bu da gözardı edilib.
Aparılan təhlillər belə nəticə çıxarmağa əsas verir ki, ölkədə dizel və benzinin bahalaşmasını şərtləndirən nə sosial sifariş, nə də iqtisadi sifariş olub. Yanacağın bahalaşdırılması qərarı, heç şübhəsiz, nəqliyyat sektorunda çalışan sahibkarların, müəssisələrin xərclərinin artmasına, gediş-gəliş və daşıma tariflərinin yüksəlməsinə, nəqliyyat xərcləri şəklində malların, iş və xidmətlərin maya dəyərinin şişməsinə və ən nəhayət bahalaşmaya səbəb olmaqla iqtisadi fəallığa zəiflədici təsir göstərəcək. Əkin-becərmə-biçinlə əlaqədar xidmət haqlarının çoxluğundan və sərbəst maliyyə vəsaitlərinin azlığından onsuz da əziyyət çəkən fermerlərə də bu qərar öz mənfi təsirini göstərəcək.