
İqtisadçı ekspert, AXCP iqtisadi siyasət komissiyasının sədri Nemət Əliyev:
Rusiya Dağlıq Qarabağa artıq 46 min erməni toplayıb. Bir müddət sonra Qarabağda daha çox erməni ilə üz-üzə qalacağıq. Odur ki, Qarabağda yaşananlara seyrçi qalmağa haqqımız yoxdur! Erməni əhalisinin demoqrafik strukturunda baş vermiş dəyişikliklər 2-ci Qarabağ savaşının başlandığı günədək Dağlıq Qarabağda 46 min erməninin qala biləcəyini inandırıcı etmir.
Rəsmi statistikaya görə 1992-ci ildə 3,6 milyon nəfər, 2020-ci ildə isə 2,9 milyon nəfər əhalisi olub Ermənistanın. Deməli ki, 1992-2020-ci illərdə Ermənistan əhalisi 700 min nəfər və ya 19,4% azalıb. Son 28 ildə Ermənistanın yaşadığı bu demoqrafik tənəzzül həm Xankəndində, həm Ağdərədə, həm də Dağlıq Qarabağın bəzi kəndlərində yaşamış ermənilər üçün də keçərlidir. Çünki həm orada, həm də burada yaşayan ermənilər eyni bioloji materialdandırlar, döl vermə qabiliyyətləri də eynidir. Çox bənzər məişətə sahib olub, çox oxşar sosial-iqtisadi şərait yaşayıblar… Belə hesab etsək ki, 90-cı illərin əvvəllərində Dağlıq Qarabağda 50 min erməni yaşayıb, o zaman onların sayı bu gün ən yaxşı halda 40 min nəfər ola bilər [50-(50×19,4%)=40,3 min nəfər]. Dağlıq Qarabağa ermənilər köçürülərkən bu tendensiya diqqətdən yayındırılmamalıdır.
1992-2020-ci illərdə Azərbaycanda əhali sayının 2,8 milyon nəfər və ya 38,4% artaraq 10,1 milyon nəfərədək yüksəlməsini də nəzərə almaq çox vacibdir. Azərbaycan əhalisinin sayında diqqət çəkən bu trend kənara atıla bilməz və mütləq Dağlıq Qarabağda yaşamış azərbaycanlıların bu günkü sayı müəyyən edilərkən göz önündə tutulmalıdır. 28 il əvvəl Dağlıq Qarabağda 60 min azərbaycanlı yaşayıbsa, bu gün onların sayının 80 mindən az olmaması heç bir tərəddüdə yol vermədən istənilən danışıqlar masasında bayraq edilməlidir [60+(60×38,4%)=83 min nəfər].
30 ilə yaxın bir dövrdə həm ermənilərin, həm də azərbaycanlıların demoqrafiyasında yaşanan dəyişikliklər mütləq Kremlin nəzərinə çatdırılmalı və bu gün Dağlıq Qarabağda yaşananlar durdurulmalıdır. Dağlıq Qarabağın tək sahibi olmağımızı unutmamalı, haqqımızın keşiyində möhkəm dayanmağı bacarmalıyıq. Azərbaycan siyasi hakimiyyəti döyüş meydanlarında əsgərlərimizin nümayiş etdirdiyi cəsarəti siyasət meydanında davam etdirməlidir.