Nə işlə məşğul olması bilinməyən şirkətə böyük iş verilir

Iqtisadçı ekspert Samir Əliyev

Nazirər Kabinetinin qərarı ilə 2021-ci il 1 yanvar tarixindən etibarən ölkə daxilində təbii qazın qaz istehsalçılarından satın
alınması, onun nəqlinin, ölkədaxili paylayıcı və istehlakçılara
satışının təşkil olunması “Azərkontrakt” Açıq Səhmdar Cəmiyyətinə
həvalə edilir. Vebsaytı işləməyən, facebook sosial şəbəkəsində isə paylaşımları ancaq təbriklərdən ibarət olan “Azərkontrakt” ASC-nin bu vaxta qədər nə işlə məşğul olması da məlum deyil. Hətta işçilərinin maaşlarının artırılması ilə bağlı paylaşımları da yaxşı mənada təəccüblü gəlir. e-qanun saytında isə demək olar ki heç nə tapa bilmədim. Hələlik şirkətin fəaliyyətini qoyuram kənara.

Bu qərarda sual doğuran məqamlar var. Məsələn, belə çıxır ki, “Azərkontrakt” SOCAR-dan qazı alıb “Azəriqaz”a satacaq. Yəni şirkətdən (SOCAR) qazı alıb yenidən həmin şirkətə (Azəriqaz) satacaq. Burda fayda nədir? Məşhur lətifədə olduğu kimi hər şey olduğu kimi qalır, sadəcə kağız-kuğuz işi artır. Belə çıxır ki, “Azərkontrakt” vasitəçilik edəcək və təbii olaraq qazanc götürəcək. Olmazdımı Azəriqazı SOCAR-dan ayırıb müstəqil şirkətə keçirtsinlər? Bu halda qarşılııqlı nəzarət də olacaq. Biz dövlət xidmətlərində özəl sektorun iştirakını gözlədiyimiz halda daha bir dövlət şirkəti həlqəyə daxil edilir. Əmin deyiləm ancaq belə təəssürat yaranır ki, sabah analoji addım elektrik enerjisi sektoruna da tətbiq edilə bilər. “Azərenerji” elektrik enerjisini “Azərkontrakt”a satacaq, o da faizini götürüb “Azərişığa”. Hər halda suallar çoxdur. Ümid edək qərar qəbul edənlər ictimayyətə geniş izahat təqdim edəcəklər