Hakimiyyət ən qısa müddətdə bu acınacaqlı durumu aradan qaldırmalıdır

Azərbaycanda COVİD-19 pandemiyası ilə bağlı acınacaqlı vəziyyətə dair Milli Şuranın bəyanatı

COVİD-19 virusunun yenidən geniş yayılması, bir ilə yaxın müddətdə davam edən pandemiya şəraiti bütün dünya üçün mürəkkəb bir çağırışdır. Dünya ölkələri öz imkanları, iqtisadi resursları çərçivəsində bu çağırışı qəbul edir və öz vətəndaşlarına, sahibkarlığa, iqtisadiyyata ciddi tibbi, maddi, mənəvi, texniki və logistik dəstək verməklə yaranmış təbii çətinliklərin öhdəsindən birlikdə gəlməyə çalışırlar.
Təəssüf hissilə bildiririk ki, Azərbaycan dövləti böyük maliyyə imkanlarının mövcudluğuna baxmayaraq bu ağır sınaq günlərində böyük maddi, mənəvi sıxıntılar yaşayan Azərbaycan xalqının yanında ola, ağır xəstəlik və onun doğurduğu fəsadlarla mübarizədə vətəndaşlarımıza gərəkən dəstəyi verə bilmədi.

  1. Azərbaycan vətəndaşları saatlarla, bəzən saatlarla, günlərlə Təcili Tibbi Yardım Xidmətinə ulaşa, çağırış sifariş edə bilmir. Nəticədə, heç bir tibbi yardım ala bilməyən COVİD-19 xəstələrinin durumu ağırlaşır və sonradan edilən tibbi müdaxilənin isə bir çox hallarda faydası olmur.
  2. Bütün dünyada demək olar ki, pulsuz edilən virus testləri ölkəmizdə hətta COVİD-19 xəstələrinin ailə üzvləri üçün pulludur və testlərin qiyməti ağır maddi məhrumiyyətlər yaşayan əhalinin imkanları ilə ziddiyyət təşkil edir. Bu səbəbdən hətta ağır COVİD-19 xəstələrinin ailə üzvləri, onlarla gündəlik təmasda olan insanlar belə testləri icra etməyə vəsait tapa bilmirlər, bu isə xəstəliyin daha sürətlə yayılmasına gətirib çıxarır.
  3. Bir çox hallarda dövlət tibb müəssisələrinə müraciət edən xəstə yaxınlarını COVİD-19 testlərini yüksək qiymətə icra edən özəl klinikalara yönləndirirlər. Bu klinikarlar istisnasız olar ölkənin siyasi rəhbərliyinə və onun yaxın çevrəsinə məxsusdur. Nəticədə, siyasi hakimiyyət nəinki COVİD-19-la mübarizədə vəzifə borcunun icrasından yayınır, hətta millətin faciəsindən milyonlar qazanır.
  4. Ölkədə həyata keçirilən COVİD-19 testlərinin keyfiyyəti aşağı səviyyədədir. Xəstə insanlara sağlam və əksinə diaqnozların qoyulması ilə bağlı çoxsaylı nümunələr var. Müxtəlif ölkələrdə bir neçə saatdan bir neçə günədək xəstəliyin tam diaqnostikası həyata keçirildiyi halda, Azərbaycanda testlərin cavabını bəzən həftələrlə gözləmək lazım gəlir. Proses o qədər uzun sürür ki, bir çox xəstələr müalicə üçün qiymətli vaxtı itirir və testin cavabı acıqlananda artıq həyatda olmur.
  5. Ölkədə COVİD-19-la mübarizə məqsədilə yaradılan xəstəxanaların və xəstə çarpayılarının sayında ciddi çatışmamazlıq var. Bəzən çağırışa gələnTəcili Tibbi Yardım Xidməti xəstələri tibb müəssisələrinə yerləşdirə bilmir və evinə qaytarır. Bir çox xəstə yaxınları öz doğmalarını xəstəxanalara yerləşdirmək üçün rüşvət verdiklərini bildirirlər. Xəstəxanalara yerləşdirmə bir çox hallarda “yuxarıların tapşırığı” əsasında həyata keçirilir, sadə vətəndaşlar sosial diskriminasiyaya məruz qalırlar.
  6. İxtisaslaşdırılmış xəstəxanaların çatışmamazlığı nəticəsində xəstəxanaya yerləşə bilməyən bir çox COVİD-19 xəstəsi evdə, öz şəxsi vəsaiti hesabına müalicə olunmaq məcburiyyətində qalır. Bu zaman dövlət onlara heç bir maddi yardım göstərmir, xəstələrin qeydiyyatda olduğu poliklinikalar bu xəstələri nə dərmanlarla, nə həkim və tibb bacısı xidməti ilə təmin edir.
  7. Dövlətdən heç bir maddi dəstək almayan xəstələr məcburiyyətdən dolayı yüksək ödəniş qarşılığında özəl fəaliyyət göstərən həkim və tibb bacılarının xidmətindən istifadə etməli olurlar. Xəstə yaxınları müalicə üçün zəruri olan dərmanları yenə də istisnasız olaraq Azərbaycan rəhbərliyinə aid aptek şəbəkələrindən almaq zorundadırlar. Həmin apteklərdə satılan dərmanların dövlət qiymətəri belə 250 manat minimum əməkhaqqı alan Azərbaycan vətəndaşının maddi imkanları ilə ziddiyyət təşkil edir. Ancaq zəruri dərmanların bir hissəsinin apteklərdə tapılmaması, süni qıtlıq yaradılması nəticəsində əhali həmin dərmanları dövlət qiymətlərindən 5-10 dəfə baha qiymətə, bəzən 500-700 manata dərman möhtəkirlərindən almaq məcburiyyətində qalır. Azərbaycana əzcaçılıq məhsullarının yalnız hakim ailə tərəfindən idxal olunduğunu və bütün apteklər şəbəkəsinin yalnız hakim ailəyəyə məxsus olduğunu nəzərə alsaq COVİD-19-la bağlı dərman möhtəkirliyindən qazanılar milyonların kimlərin cibinə axması da sirr deyil.
  8. Ümumilikdə, bir COVİD-19 xəstəsinin sağalması xəstə yaxınlarına 1500-2000 manata başa gəlir. İşləyən əhalinin, əsasən, 250-500 manat əməkhaqqı aldığı, ölkə əhalisinin böyük əksəriyyətinin isə, ümumiyyətlə, işləmədiyi və karantin nəticəsində hətta günəmuzd əsasda qazandığı qəpik-quruşdan da məhrum olduğu şəraitdə bunun nə demək olduğunu təsəvvür etmək belə ağırdır. Xəstəliyin yoluxucu olduğunu və bir çox hallarda bütün ailə üzvlərinin yoluxduğunu nəzərə alsaq bir ailənin bu dəhşətli bəladan qurtuluşunun maddi ifadəsi 6-10 min manat civarındadır. “Azərbaycanda nə qədər ailənin bu məbləğdə ehtiyat vəsaiti var?” sualının cavabı aydın olduğundan o da aydındır ki, xəstə vətəndaşlarımızın bir çoxu məhz maddi imkansızlıq nəticəsində həyatla vidalaşmalı olur.
  9. Hətta dövlət müalicə müəssisələrinə yerləşdirilən şanslı xəstələrin bir çoxu da orada müalicə üçün zəruri dərmanlarla təmin edilmədiklərindən, bir çox hallarda evdən göndərilən dərmanların ümidinə qaldıqlarından şikayət edirlər. COVİD-19-la mübarizə məqdəsilə hər bir xəstəyə dövlət büdcəsindən təxminən 11 min manat vəsait ayrıldığını nəzərə alsaq bu vəsaitin hara xərclənməsi ciddi suallar doğurmaya bilməz.
  10. Bu günlərdə Fövqəladə Hallar Nazirliyinin Zığda yerləşən modul tipli xəstəxanasında oksigen təminatı blokunda partlayışın bağ verməsi, xəstələrin bir müddət oksigensiz qalması nəticəsində onlarla vətəndaşımızın vəfat etməsilə bağlı həyacanlı və narahatedici xəbərlər yayılmaqdadır. Rəsmi dövət strukturları bu xəbəri təkzib etsələr də, həmin müəssisədə vəfat edən xəstələrin yaxınları, eləcə də orada tibbi personala yardım edən gənc tibb işçiləri faktı təsdiqləyərək FHN-nin modul tipli xəstəxanasında qəza nəticəsində ağır faciə yaşandığını bildirirlər. Dövlət orqanlarının çoxsaylı insan tələfatına səbəb olan bu faciəyə münasibətdə susqunluğu isə cəmiyyət tərəfindən haqlı hiddət doğurmaqdadır.
  11. Xəstəliyin effektli və güvənli müalicə yolları hələlik elmə bəlli olmadığından COVİD-19 pandemiyasının qarşısının alınmasınn ən optimal və səmərəli yolu artıq bir çox ölkələrdə tətbiq edilən vaksinasiyadır. ABŞ, Böyük Britaniya, Almaniya və Çində atrıq dünya tibb eiminin etimadını qazanmış peyvəndlərin kütləvi istehsalına və əhalinin kütləvi vaksinasiyalaşdırılması proqramına başlanılıb. Təəssüf ki, xəstəliyin geniş vüsət almasına baxmayaraq ölkəmiz bu sahədə də geridədir. Hələlik Azərbaycanda COVİD-19-a qarşı vaksinasiya həyata keçirilmir.
  12. COVİD-19 virusundan qorunmaq məqsədilə istifadə edilən maskalar və dezinfeksiya vasitələri bir çox ölkələrdə əhaliyə, xüsusilə də, onun aztəminatlı hissəsinə pulsuz paylansa da, Azərbaycanda nəinki bu halın şahidi olmadıq, əksinə, vətəndaşlarımız pandemiyadan öncə Çin Xalq Respublikasından idxal edirlərək 8-10 qəpiyə satılan tibbi maskaların əvəzinə yerli istehsal olmasına, dəfələrlə ucuz başa gəlməsinə baxmayaraq 30 qəpiyə maska almaq məcburiyyətində qaldı. Maska biznesindən qazananlar isə yenə də xalqın sııxıntılarında əl qızdıran eyni çevrədir. Çörək almaq qayğısı ilə yaşayan aztəminatlı soydaşlarımızın bir hissəsi, maddi imkansızlıqdan yeniləyə bilmədiyi tibbi maskalardan, təəssüf ki, virusdan qorunma yox, polisdən qorunma vasitəsi kimi istifadə edir ki, bu da COVİD-19-a yoluxma hallarının artmasına səbəb olur.
  13. Azərbaycanın bölgələrində, Gəncə və digər şəhərlərdə xəstəliyin yayılması və müalicəsi acınacaqlı vəziyyətdədir. Bölgələrlə xəstəliyin diaqnostikası sahəsində olan yarıtmaz durum, testlərin azlığı, bahalığı və test nəticələrinin gec bəlli olması nəticəsində yoluxma hallarının artması xüsusilə aktualdır.
  14. Qorxunc virusla mübarizə sahəsində böyük fədakarlıq göstərən həkimlərin və tibb personalının zəruri qoruyucu vasitələrlə, xüsusi geyimlərlə təmin olunmaması, xəstəliklə mübarizənin ön cəbhəsində olmalarına baxmayaraq yetərli maddi və texniki dəstəkdən məhrum qalması yolverilməz haldır. Bu dözülməz münasibətin nəticəsində biz onlarla qiymətli insanı, peşəkarları itirmişik. Tibb işçilərinin təminatı və qorunması sahəsində mövcud olan nöqsanlar təcili qaydada aradan götürülməlidir.
  15. Korona virusuna yoluxmanın qarşısınında ən ciddi maneə güclü insan immunitetidir. Onsuz da əksəriyyəti maddi imkansızlıq səbəbindən yaxşı qidalanmayan Azərbaycan əhalisinin maddi durumu son bir ildə faciəvi şəkildə ağırlaşmışdır.
    5 milyon nəfərdən çox əmək qabiliyyətli əhalinin yalnız 1,6 milyon nəfəri daimi iş yeri ilə təmin olunub. Ölkədə faktiki olaraq 3 milyon nəfərdən çox işsiz olmasına baxmayaraq dövlət səviyyəsində həyata keçirilən 190 manatlıq yardım proqramı yalnız 600 min nəfəri əhatə edir. 190 manat maddi yardımın bütün üzvləri aztəminatlı olan ailənin yalnız bir üzvünə verildiyini və ölkə üzrə istehlak mallarının, ərzaq və qida məhsullarının, kommunal xidmətlərin qiymətini nəzərə alsaq bu vəsaitlə 4-5 nəfərdən ibarət olan bir ailənin bir həftə ərzində belə öz ehtiyaclarını ödəməsi problematikdir. Karantin səbəbilə bir ilə yaxındır işləməyən və bütün maddi resursları tükənən milyonlarla vətəndaşımızın sosial durumunun dözülməz həddədək ağırlaşması, insanların çörəklə sınağa çəkilməsi fonunda zəngin maliyyə resursları, 50 milyard dollardan çox ehtiyat vəsaiti olan dövlət hakimiyyətinin bu vəziyyəti görməzdən gəlməyə mənəvi haqqı yoxdur və bu yanaşma dözülməzdir.

Yuxarıda qeyd olunanları, xüsusilə, son aylar ərzində əhalinin sosial durumunun dözülməz həddədək ağırlaşdığını və COVİD-19-la mübarizə sahəsində vəziyyətin acınacaqlı olduğunu nəzərə alaraq Demokratik Qüvvələrin Milli Şurası Azərbaycan hökümətindən aşağıdakı zəruri addımların atılmasını tələb edir.

  1. COVİD-19-la mübarizə məqsədilə təcili qaydada ən azı bir neçə modul tipli xəstəxana yaradılmalı, mövcud tibb müəssisələrində xəstə çarpayılarının sayı artırılmalı və xəstəliyi ağır şəkildə keçirən hər bir vətəndaş dərhal ixtisaslaşdırılmış xəstəxanalara yerləşdirilməlidir. Bu sahədə baş verən idarəetmə nöqsanları aradan qaldırılmalı, korrupsiya hallarının qarşısı qətiyyətlə alınmalı, ölkə vətəndaşları sosial durumuna, maddi vəziyyətinə görə ayrı-seçkiliyə, diskriminasiyaya məruz qalmamalıdır.
  2. Covid-19 diaqnozu təsdiqlənmiş xəstəni xəstəxanaya yerləşdirmək mümkün deyilsə, o, dövlət tərəfindən bütün zəruri dərmanlarla və tibbi yardımla təmin edilməli və ya hər bir xəstəyə dövlət tərəfindən müalicə məqsədilə ən azı 1500 manat maddi yardım edilməlidir. Azərbaycan kimi zəngin bir ölkənin vətəndaşlarının maddi imkansızlıqdan dərman ala bilməməsi, müalicə oluna bilməməsi səbəbilə həyatla vidalaşması dövlət hakimiyyətinin üzərində qalan böyük suç və məsuliyyətdir.
  3. Bir çox ölkələrdə vaksinasiya işinin başladığını nəzərə alaraq Azərbaycan hökuməti təcili qaydada ölkə əhalisinin peyvəndləşdirilməsi proqramına start verməli, bu məqsədlə yalnız dünyanın qabağcıl ölkələrinin güvənli və sağlamlıq üçün təhlükəsiz vaksinlərindən istifadə edilməlidir.
  4. Əhalinin maddi durumunun acınacaqlı həddədək pisləşdiyini, artan istehlak qiymətlərini, keyfiyyətli və sağlam qidalanmaya pandemiya şəraitində həmişəkindən daha çox ehtiyac olduğunu nəzərə almaqla karantin davam etdiyi müddətdə işləməyən hər bir Azərbaycan vətəndaşına hər ay 300 manat məbləğındə maddi yardım edilməlidir.
  5. FHN-nin Zığda yerləşən Modul Tipli Xəstəxanasında baş verən hadisə ciddi şəkildə araşdırılmalı, səbəbkarlar məsuliyyətə cəlb edilməli və cəzalandırılmalı və bu barədə ölkə ictimaiyyətinə dolğun və etibarlı məlumat verilməlidir.
  6. Digər bölgə dövlətlərindən, hətta daha kasıb qonşularımızdan fərqli olaraq ölkəmizdə icbari tibbi sığorta sisteminin hələ də tətbiq edilməməsi utancvetici haldır. Azərbaycan hakimiyyəti ən qısa müddətdə bu acınacaqlı durumu aradan qaldırmalı, ölkə vətəndaşlarını keyfiyyətli və əl çatan tibbi xidmətlə təmin etməlidir.