Aqil müharibəyə həsxanadan getmək istəyib

AXCP sədri Əli Kərimli

2-ci Qarabağ savaşı günlərində dostlar mənə məlumat verdi ki, dostumuz Aqil Məhərrəmli savaşa könüllü qatılmaq üçün həbsxanadan müraciət edib. Aqil bəyi savaşa aparmadılar. Ancaq Aqil bəy ona yaraşan seçimini etmişdi. Ölkəmiz üçün sınaq günlərində Vətən uğrunda döyüşmək istədiyini bildirməklə, əsil vətənpərvər olduğunu nümayiş etdirmişdi. Bu onun ilk belə seçimi deyildi. Aqil bəyin ailəsi Rusiyada yaşayır. O da ailəsilə bərabər Rusiyada rahat həyatını davam etdirə bilərdi. Ancaq Azərbaycan sevgisi onu Vətənə qaytardı. Vətənə gələn kimi də azadlıq və ədalət uğrunda mübarizənin ön cəbhəsində, AXCP-də öz yerini tutdu. Aqil bəy çox gənc olmasına baxmayaraq, ardıcıl və prinspial mübarizəsi, təşkilatçılıq bacarığı ilə partiyadaşlarının etimadını qazanıb AXCP Rəyasət Heyətinə üzv seçildi. Aqil bəy Bakı Dövlət universitetinin tarix fakultəsinin məzunudur. Çox savadlı gəncdir. Geniş mütaliəli, açıq fikirli, daim üzərində işləyən parlaq bir gəncdir. Təbii ki, belə gənc siyasətçi hakimiyyət dairələrinin də diqqətini cəlb etmişdi. Əvvəlcə Aqil bəyə çox ciddi şirnikləndirici təkliflər verdilər. Həm də dəfələrlə. Nəticə olmadıqda başladılar hədələməyə. O da nəticə vermədi, təkrar hədələdilər. Həbs edəcəklərini, hətta neçə il müddətinə həbs edəcəklərini də əvvəlcədən demişdilər Aqil bəyə. Bütün hədələrə baxmayaraq Aqil bəy azadlıq və ədalət uğrunda mübarizəsindən bir addım da geri çəkilmədi. Həbsdə olan əqidə dostlarını bir gün də diqqətsiz qoymadı. Nəhayət, 2 il yarım bundan əvvəl öncədən anons etdikləri hədəni gerçəkləşdirdilər. Onun siyasi məhbuslar üçün Saleh Rüstəmlinin göndərdiyi yardımları ünvanlarına çatdırması qondarma cinayət işi üçün bəhanə sayıldı. Sifarişli məhkəmə bu işıqlı, savadlı, mübariz gənci heç bir əsas olmadan 4 il müddətinə azadlıqdan məhrum etdi.
Aqil bəy həbs olunanda əkiz qızları yenicə doğulmuşdu. Bu günlərdə bu gözəl balaların 3 yaşı olacaq. Onlar faktiki atasız böyüyürlər. Aqil bəy də çox sevdiyi körpələrindən ayrı salındı, onların hər gün necə böyüdüyünü, necə yeriməyə, danişmağa başladığını görə bilmədi. Yalnız ona görə ki, bu ölkədə hamının azad, qorxusuz yaşamasını istəyir, tək öz övladlarını yox, xalqın övladlarını düşünərək, hüququn aliliyi, sosial rifahın hamıya əlçatan olması üçün mübarizə aparır.
Siz deyin, həbsxanalarda belə oğullarmı məhv edilməlidir, yoxsa gerçək cinayətkarlar haqq etdikləri cəzaları çəkməlidir? Səsinizi ucaldın, etiraz edin ki, bu ölkənin vətənpərvər, ədalətpərəst, əqidəli insanları siyasi məhbus kimi həbsxanalarda məhv edilməsin!