
AXCP-nin İqtisadi Siyasət Komitəsinin sədri Nemət Əliyev
May ayında 5,2 milyard manat təşkil edən gəlirlər noyabrda 1 milyarddan çox azalaraq 4,1 milyarda enib. Gəlirlərin adambaşına düşən məbləği isə 526 manatdan 412 manata düşüb.
Noyabrdakı qiymətlərin səviyyəsini may ayı ilə müqayisəyə çəkən Dövlət Statistika Komitəsi həm də hesablama ortaya çıxarıb ki, heç demə, ötən 6 ayda bahalaşma-filan olmayıb. Guya son 6 ayda qiymətlər yerində sayıb. Di gəl inan, görüm necə inanırsan?..
Dövlət Komitəsinin hamını təəccübləndirən bu hesablaması ilə gəlirlərin səviyyəsində qeydə alınan geriləmə faizini müqayisə etsək, ölkədə həyat səviyyəsinin 21% pisləşməsi ortaya çıxar (100-121=-21%).
Ciddi zərbədir əhaliyə. Həyat səviyyəsinin beşdə birindən məhrum olmaq böyük geriləmədir… Bəs hökumətin 3,5 milyard manatlıq sosial paketi nədən bu dərəcədə dişsiz olub? Axı bu yardım paketi pandemiyanın neqativ təsirləri şəraitində 2020-ci ildə makroiqtisadi sabitliyi qorumalı, zərər çəkmiş sahibkarlıq subyektlərinə dövlət dəstəyini hiss etdirməli, ölkədə yarana biləcək məşğulluq problemlərini və sosial problemləri həll etməliydi. Bəs nə üçün qoruya, hiss etdirə, həll edə bilmədi? Bu sualları cavablandırmaq hökumətin boynunun borcudur. Bu öz yerində! Amma əhalini mənzillərə qapadıb iş yerlərini bağlayanda, işsiz qalanların da çox az bir hissəsini 190 manatın ümidinə buraxanda, bu dərəcədə acınacaqlı nəticələrin ortaya çıxacağı qabaqcadan proqnozlaşdırılan idi.
Qazaxıstan da Azərbaycan kimi pandemiya dövrünü yaşayır. Bu ölkə də yardım paketi qəbul edib həyata keçirir. Lakin orada əhalinin nominal gəlirləri vur-tut 2% azalıb (mayda 111344 tenge, oktyabrda 109177 tenge). O, Qazaxıstan, bu da biz! Gəlirlər orada 2% azalıb, burada 21%! Heç bizdəki qədər sərt karantin rejimi də tətbiq etməyib Qazaxıstan. Əhalini bizdəki qədər mənzillərə qapatmayıblar da! Bildiyim qədər SMS-icazə sistemini, ümumiyyətlə, yaxın buraxmayıblar. Amma hər 100 min nəfərə düşən ölüm sayı nisbətən yumşaq karantin rejimi ilə ötüşən Qazaxıstanda 15,1 nəfər, bizdə isə 23,5 nəfər olub (22 dekabr 2020-ci il tarixinə olan vəziyyət). Yəni, ölüm sayı bizdə 56 faiz çox olub. COVİD-19 virusuna yoluxma sayının azlığına görə də Qazaxıstan bizdən irəlidədir. Özbəkistan, Belarus ilə müqayisələr də oxşar nəticələr üzə çıxarır…
Müqayisələr göstərir ki, sərt karantin rejiminin tətbiq olunduğu Azərbaycanda həm həyat səviyyəsi kəskin şəkildə pisləşib, həm virusa yoluxma sayı yüksəkdir, həm də insan tələfatı çoxdur. Odur ki, burada hökumətin məsuliyyətini istisna etmək əsla mümkün deyil. İndi də gec deyil. Buraxılan səhvlər dərhal yoluna qoyulmalıdır. “600 min nəfərə 190 manat” siyasətinin iflas etməsini etiraf etməlidir hökumət. İşsizlər ordusunun çevrəsi dəqiq müəyyən olunmalı, onun hər bir sıra üzvünə normal həcmdə aylıq ödənişlər həyata keçirilməlidir. Nəzərə almaq vacibdir ki, 1 milyona yaxın fərdi sahibkar ordusunu, habelə kiçik sahibkarları maliyyə yardımından kənarda saxlamaq qəti şəkildə yolverilməzdir.