Onların yeri Nürnberq məhkəməsidir

Milli Şuranın sədri Cəmil Həsənli

Xocalı qatili və Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan dünən Ermənistan Milli Məclisinin spikeri Ararat Mirzoyana bir məktub göndərib. O, yazır ki, cənab Mirzoyan biz parlamentli hökumət dövlətiyik, Siz isə parlamentin başçısı, ixtisas etibari ilə tarixçisiniz. Ermənistan Respublikası Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın sözlərinə görə bugün Sünikdə bizim dövlət sərhədlərimiz Sovet İttifaqının sərhəd demarkasiyası üzrə müəyyən edilir. Mənim sualım yaranır:

1) Siz 30 il mövcud olmayan Sovet İttifaqının sərhədlərin qəbul edirsinizmi? Belə düşünürəm ki, Erməni Artsaxının 1921-ci ildə Stalinin göstərişi ilə Sovet Azərbaycanına birləşdirildiyi tarixdən sizə məlumdur. 2) Əgər siz Sovet İttifaqının sərhədlərin qəbul edirsinizsə, Artsaxın da Azərbaycanın bir hissəsi olduğunu qəbul edirsinizmi? Və nəhayət 3-cü sualda Xocalı qatili Mirzoyanı sorğulayır ki, siz bu hərəkətlərinzlə erməni xalqının 32 il əvvəl başladığı azadlıq mübarizəsinin, Artsaxın mövcud olmaq uğrunda mübarizəsinin “boş yerə” olduğunu təsdiqləməklə bütövlükdə yeni müstəqil Ermənistanın tarixinin dağıdılmasının iştirakçısına çevrildiyinizin fərqindəsinizmi?

Görün bunlar yalana özlərin necə inandırıblarsa, indi də uydurduqları yalanların əsirinə çevriliblər. Adamdan soruşarlar Ermənistanın son 30 ildə Gürcüstanla, Türkiyə ilə, İranla sərhədləri hansı demarkasiya ilə müəyyən edilir? Ermənistan hansı sərhədlər daxilində BMT və ATƏT-ə üzv olub? Bu bədbəxtlər 100 il sonra da başa düşmək istəmirlər ki, Stalin Dağlıq Qarabağı Azərbaycandan alıb Ermənistana verməyib. Stalinin səs hüququ olmayan Qafqaz Bürosu Qarabağın Dağlıq hissəsini Azərbaycanın tərkibində saxlamağa, məhz saxlamağa qərar verib, əlavə olaraq Ohanyankimilərin gələcəkdə cinayət əməlinə qurşanması üçün külli Qarabağın altına muxatariyyat minası qoyub.

Adam hələ də anlamır ki, onun birbaşa iştirakçisi olduğu cinayət əməli son 30 ildə 30 mindən çox insanın həyatına son qoyub. Ohanyankimilərin avantürəsi yalnız Dağlıq Qarabağ oyuncaq rejiminin deyil, Ermənistanın da iflasına gətirib çıxarıb. Nəticədə isə keçmiş vilayətin hüdudlarına daxil olan ərazilərin də bir hissəsini itiriblər. 1915-ci ildə də bunlar rus siyasətinin alətinə çevrilib vətəndaşı olduqları Osmanlı imperatorluğuna arxadan zərbə vurub cəlayı “vətən” oldular, ötən əsrin 90-cı illərində də Rusiyanın birbaşa iştirakı, açıq və gizli qatqısı ilə Azərbaycan torpaqlarında ikinci erməni dövləti yaratmaq xəyalına düşdülər. Daha bilmədilər ki, özgə atına minən tez düşər. Öz xalqına, qonşu xalqlara qarşı ağır cinayət əməli törətmiş Ohanyan, Koçaryan, Sarqsyan kimil canilərin yeri “Nurnberqdir”!