Azərbaycanın dörd hərbi qulluqçusu həbs olunub

Azərbaycanın dörd hərbi qulluqçu həbs olunub. Bu barədə bu gün, dekabrın 14-də Azərbaycan Baş Prokurorluğu məlumat yayıb.

Qurum bildirir ki, Azərbaycanın bəzi hərbi qulluqçularının döyüş zamanı həlak olmuş erməni hərbçilərinin meyitləri üzərində təhqiredici hərəkətlər etmələri, habelə əsir götürülmüş erməni hərbçiləri ilə qeyri-insani rəftarı ilə bağlı videogörüntülər yayılıb. Məlumata görə, həmin videoları Baş Prokurorluq və Hərbi Prokurorluq araşdırıb, bəzi videoçarxların saxta olması müəyyən edilsə də, bəzilərinin doğru olmasına ciddi şübhələr yaranıb: “…Hərbi Prokurorluq tərəfindən Cinayət Məcəlləsinin 115.2 (işgəncə vermə, qəddar və ya qeyri-insani rəftar etmə) və 245-ci (qəbir və ya meyit üzərində təhqiredici hərəkət) maddələri ilə cinayət işləri başlanaraq iş üzrə intensiv istintaq-əməliyyat tədbirləri həyata keçirilib”.

Məlumata görə, kiçik gizir Rəşad Əliyev və Qardaşxan Abışovun Zəngilan rayonu ərazisində döyüş əməliyyatları zamanı öldürülmüş erməni hərbi qulluqçularının meyitlərinin üzərində təhqiredici hərəkətlərə yol vermələrinə, bunu mobil telefonla videoqeydə alıb digər şəxslərə göndərmələrinə əsaslı şübhələr yaranıb. Həmçinin, əsgərlər Arzu Hüseynov və Ümid Ağayev Xocavənd rayonunun Mədətli kəndi ərazisindəki qəbiristanlıqda ermənilərə məxsus qəbir daşlarını dağıtmaqda, üzərilərində təhqiredici hərəkətlərdə günahlandırılırlar: “R.Əliyev, Q.Abışov, A.Hüseynov və Ü.Ağayev Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barələrində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilmişdir. Hazırda sosial mediada yayılmış digər videogörüntülərlə bağlı zəruri araşdırmalar aparılır, nəticəsi barədə ictimaiyyətə ətraflı məlumatın verilməsi təmin ediləcək”.

Rəsmi məlumatda adları gedən hərbi qulluqçular və onların vəkillərinin, hələlik, ittihamlara münasibətini almaq mümkün olmayıb.

azadlıq radiosu