Sərvət bölgüsündə bərabərsizlik milli təhlükəsizliyə təhdiddir

Iqtisadçı ekspert Rövşən Ağayev

Bu gün maliyyə sərvətlərinin təmərküzləşməsinin timsalında bir status paylaşmışdım – banklardakı əmanətlərin bütün əmanətçilər arasında 99/1 nisbətində necə bölündüyünü göstərirdi.
Əslində bu mənzərə 2005-ci ildən sonra ölkəyə axan nəhəng həcmdə gəlirlərin (əsasən də resurs gəlirlərinin) qeyri-şəffaf istifadəsinin, ictimai nəzarətin yoxluğunun, büdcə üzərində effektiv parlament nəzarətinin və təkmil satınalma mexanizmlərinin olmamasının məntiqi nəticəsidir.
2005-ci ildən bəri təkcə Neft Fondu vasitəsilə 110 mlrd. dollardan çox vəsait xərcləndi. Bunun üzərinə alınan xarici kreditləri, dövlət şirkətlərinin öz gəlir mənbələrindən formalaşan maliyyə vəsaitlərinin xərclənməsini də gəlin, mənzərə tam olsun.
Sərvətlərdən gen-bol istifadənin, bir ovuc insanın nəhəng zənginə çevrilməsinin, sərvət bərabərsizliyinin ağlasığmaz həddə çatmasının 1-ci mərhələsi 2015-ci ildə əsasən başa çatdı. Ortada bir pauza yaranmışdı.
İndi ərazilərin bərpası yenə də nəhəng vəsaitlərdən istifadəni qaçılmaz edir. Bu mərhələdə 2005-2015-ci ildəki institusional boşluqların hamısı aradan qaldırılmalı, sonra böyük investisiya layihələrinə start verilməlidir.
İlk növbədə, parlamentin büdcə nəzarət səlahiyyətləri genişləndiriliməli, hətta mümkün olsa çox qısa müddətdə daha peşəkar parlamentin formalaşdırılması baş verməlidir.
İctimai nəzarət üçün vətəndaş cəmiyyətinin daha sərbəst fəaliyyətinə, maneəsiz monitorinq imkanlarına şərait yaradılmalıdır.
Medianın sərbəst və bərabər imkanlar çərçivəsində fəaliyyət üçün hər cür şərait olmalıdır.
İctimai şəxslərin gəlir və sərvətinə dair hər il açıqlanan bəyannamələr cəmiyyət üçün əlçatan olmalıdır.
Satınalma qanunverciliyi ən yaxşı dünya təcrübələri əsasında yenidən hazırlanmalı, müstəqil parlament qarşısnda birbaşa hesabatlı olan avtonom Satınalma Agentliyi yaradılmalıdır.
Əks halda ölkədə sərvət bərabərsizliyinə rəvac verən 2-ci mərhələ başlanacaq.
Unutmayaq: istənilən ölkəni uzunmüddətli dövrdə inkişafdan saxlayan ən ciddi əngəllərdən biri sərvət bölgüsündə nəhəng bərabərsizliyin yaranmasıdır. Bu bərabərsizlik həm də ölkənin milli təhlükəsizliyi üçün daimi təhdiddir