Ermənistan Azərbaycanla sərhədin demarkasiyasında Putindən kömək istəyir

Ermənistan prezidenti Armen Sarkisyan dekabrın 8-də Rusiya prezidenti Vladimir Putinə məktub göndərib.

AzadlıqRadiosunun Erməni xidməti yazır ki, Ermənistan prezidenti bu məktubda Putindən Azərbaycan və Ermənsitan arasında sərhədin demarkasiyasında köməklik göstərməsini istəyib.

Sarkisyan vurğulayır ki, demarkasiya ətrafında mübahisələr tərəflər arasında yeni qarşıdurma təhlükəsi yaradır.

Prezident administrasiyasından bu məktub barədə məlumat verilib:

“Bu məsələnin müstəsna mühümlüyü və aktuallığını nəzərə alan prezident Sarkisyan bundan sonra yarana biləcək gərginliyin və hadisələrin neqativ inkişafının qarşısının alınması məqsədilə Ermənistan və Azərbaycan arasında demarkasiya prosesinin yekunlaşrılmasında kömək etməsi üçün Rusiya prezidentinə müraciət edib”.

Nikol Paşinyan demişdi ki…

Ermənistan baş naziri Nikol Paşinyan noyabrın 27-də xalqa müraciətində Kəlbəcər rayonu ərazisindəki Zod-Söyüdlü qızıl yatağı ətrafında yaranmış situasiyaya da toxunmuşdu.

O sərhədin GPS sistemləri vasitəsilə delimitasiya olunduğunu demişdi.

Bundan başqa Ermənistan Müdafiə Nazirliyinin məlumatında deyilirdi ki, Azərbaycan, Ermənistan, Rusiya Silahlı Qüvvələrinin nümayəndələri xüsusi vasitələrdən (GPS) istifadə edərək Kəlbəcər rayonu ərazisində Azərbaycan və Ermənistan dövlət sərhədində demarkasiya işlərinə başlayıblar.

Bu xəbərlə bağlı Azərbaycan tərəfindən hələki rəsmi açıqlama olmayıb.