Qərb dəyərlərindən imtina etmək olmaz

Mustafa Kamal Atatürk az qala bütün Avropa dövlətləri ilə müharibə apardı. Amma o mütərəqqi Qərb dəyərlərindən imtina etmədi, əksinə.
Azərbaycan xalqının birinci və axırıncı dəfə seçdiyi prezident Əbülfəz Elçibəyə qərbin aparıcı dövləti ABŞ embarqo tətbiq etdi, hakimiyyətinin devirilməsində də ən azı hərəkətsizlik nümayiş etdirdi. Lakin, Elçibəy buna görə anti-qərb ritorikası seçmədi, əksinə.
Bunları niyə yazıram. Baxıram, müharibənin nəticələrini bəzi yoldaşlar anti-qərb istiqamətli baxışlarını sazlamaq üçün istifadə edir. Hətta demokrat görünənlərin bəzisində bu halı müşahidə etmək olur. Səhv yanaşmadır. Əlbəttə ki, məzlum xalqımız, xüsusən demokratik düşərgə Qərbdən istədiklərini, umduqlarını ala bilməyib. Lakin, bizi əks cinahda guya nə gözləyir ki?
Azərbaycana bu müharibədə dəstək verən dövlətlər- Türkiyə, Pakistan, İsrail aşağı-yuxarı Qərb dəsti-xətti seçənlər deyilmi?
Əks cəbhədə duranları da siz tanıyırsınız, dərinə getməyə ehtiyac yoxdur.
Qərb dedikdə mən hər hansı qərb ölkəsinin boyunduruğunu, ona itaəti, kor-koranə təqlidi nəzərdə tutmuram. Qərb bir modeldir. Bu model bir gündə ortaya çıxmayıb. Bəşəriyyətin 2500 ildir idarəetmə, birgəyaşayış, təhlükəsizlik, ləyaqətli həyat konsepsiyasını bu gün Qərb özündə mücəssəmə etdirir. Yəni, bu həm də bizim isrimizdir. O mirasın flaqmanı, avanqardı indi Qərbdir. O müəllimdir, öyrənilməlidir. Sabah bəlkə Afrika, bəlkə uzaq Şərq qabaqcıl ideyaların məskəni olacaq. Onda da oranı seçmək lazımdır. Bu flügerlik deyil, normal, rasional yanaşmadır.
Bugün Qərbin ziddinə gedən dövlətlərə, daha da konkretləşdirsək, Rusiyanın nəzarətində olan ölkələrə baxın. Ciddi-ciddi, hansısa təbliğata uymadan özünüzə sual verin: seçim imkanınız olsa Rusiyanın qanadı altında yaşayan ölkələri seçərsiniz, yoxsa, hələ dizləri bərkiməmiş hansısa Qərb ölkəsini?
“Bizim öz yolumuz var, müstəqil dövlət, siyasət” sözləri qulağa xoş gəlir. Reallıq isə belədir ki, heç fövqəldövlət olan ABŞ özü tam müstəqil deyil. Onun iqtisadiyyatı başqa ölkələrdən asılıdır. Təhülkəsiziliyi də. Qloballaşan dünyada özünə qapılıb qalmaq mümkün deyil, belə qalmaqla inkişaf etmək heç mümkün deyil. Biz kimlərləsə, haraylasa əməkdaşlıq etməliyik, hansı istiqamətisə əsas seçməliyik. Bu da mənə görə Qərbdir.
Qərb həm də keçilmiş, təcrübə olunmuş yaxşı nümunədir. Nə qədər alimlər, mütəxəssislər çalışıb, əmək xərcləyib həyatın müxtəlif sahələri ilə bağlı standartlar, qanunlar hazırlayıblar. Eybi yox, qoşulma Avropa Birliyinə, NATO-ya, barı götür onların standartlarını yavaş-yavaş tətbiq et. Məsələn, bundan başla: insanlara öz fikirlərini sərbəst ifadə etməyə imkan ver, başqa cür düşündüyünə görə insanları şərləmə, əzab vermə, insanların seçiminə hörmət qoy.
Vəssalamu aleykum.