Kəlbəcər rayonun təhvil verilməsi noyabrın 25-nə qaldı

Kəlbəcər rayonun tam boşaldılaraq, Azərbaycana təhvil verilməsi noyabrın 25-nə qaldı.

Bu barədə bu gün, noyabrın 15-də keçirdiyi brifinqdə prezidentin köməkçisi Hikmət Hacıyev danışıb. Onun sözlərinə görə, bununla bağlı dünən, noyabrın 14-də Rusiya prezidenti Azərbaycan prezidenti ilə telefon danışığında Ermənistan tərəfinin müraciətini çatdırıb.

Halbuki, noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından yayılan atəşkəs bəyanatına görə, Kəlbəcər rayonu noyabrın 15-nə, Ağdam rayonu 20-nə, Laçın rayonu isə dekabrın 1-nə kimi boşaldılmalı idi.

Hikmət Hacıyevin sözlərinə görə, bu məsələdə razılıq əldə edilib və o bunu humanizimlə izah elədi:

“Azərbaycan bunu nəzərə alaraq, humanistlik nümayiş etdirib və Kəlbəcərdə yerləşdirilmiş mülki əhalinin noyabrın 25-dək çıxarılmasına razılıq verib. Öhdəliklər qüvvədə qalır, vaxtın uzadılması ilə bağlı xüsusi bəyanat imzalanmasına ehtiyac yoxdur”.

Onun vurğulamasına görə, Ağdam və Laçın rayonu ilə bağlı qarafik dəyişmir.