Vyanada “terror hücumu”nda azı 4 nəfər öldürülüb

Avstriyanın paytaxtında şübhəli terror hücumunda azı nəfər öldürülüb, xeyli yaralı var.

Kansler Sebastyan Kruz noyabrın 2-də Vyananın mərkəzində törədilmiş “mənfur terror hücumu”nu pisləyib.

Polis axşam saatlarında şəhərin altı fərqli məkanında hücumlar həyata keçirmiş şübhəlini axtarır.

Yerli media azı 4 nəfərin öldürüldüyünü, 15 nəfərin yaralandığını xəbər verir.

Polis bir şübhəlinin güllələnərək öldürüldüyünü bildirir.

Daxili İşlər naziri Karl Nehammer deyib ki, xüsusi təyinatlılar azı bir “möhkəm silahlanmış və təhlükəli” şübhəlinin axtarışına cəlb olunub.

Polis əhalini ərazidəki ictimai məkanlara getməməyə, ictimai nəqliyyatdan istifadə etməməyə çağırıb.

Şübhəlilər, yaxud hücumun mümkün motivi haqda informasiya yoxdur.

Vyanadakı yəhudi icmasının başçısı Oskar Döyç deyib ki, atışmalardan biri şəhərin əsas sinaqoqunun yerləşdiyi küçədə baş verib.

O, sinaqoqun hədəfə alınıb-alınmadığının bəlli olmadığını deyib. “Kurier” qəzetinə bildirməsinə görə, yəhudi icması arasında qurban yoxdur.

Azadlıq radiosu