
Milli Şuranın sədri Cəmil Həsənli
Sovet dövründə Dağlıq Qarabağ Muxtar Vilayətində baş verən azğınlıq və pozuculuq işləri bilavasitə Yerevanın millətçi erməni ünsürlərindən qaynaqlanırdı. 1967-ci ilin iyul ayının 3-də Stepanakertdə keçirilən məhkəmə prosesindən sonra mühakimə edilən 3 azərbaycanlı (birinə bəraət verilmişdi) məhkəmənin hökmündən sonra nəzarətçilərin əlindən alınıb həbsxana maşını ilə birlikdə yandırılmışdı. Həmin hadisələrin əsas təşkilatçıları Yerəvandan, vaxtı ilə repatriasya dalğasında 40-50-ci illərdə Livandan və Suriyadan gələn ermənilər idi. Bu görünməmiş vəhşilikdən sonra vilayətin azərbaycanlı əhalisi qorxu içində idi. Hadisədən iki gün sonra Martuni rayonunda yaşayan azərbaycanlılar respublika Kommunist Partiyasının birinci katibi Vəli Axundova yazırdılar ki, “biz Martuni rayonunda günahkar əsir kimi yaşayırıq. Çox xahiş edirik: ya erməniləri köçürün öz vətənlərinə, ya bizi köçürün məsləhət bildiyiniz yerlərə. Əgər vəziyyət belə qalarsa, bu, iki millət arasında yaxşı nəticələnməyəcək. Millət bir-birini qıracaq. Çox xahiş edirik bizim üçün komissiya göndərəsiniz, burada nələr baş verdiyini görsünlər. Hər şeyi yaza bilmirik, çünki nahaqdan bizi damlayırlar.” Birinci katibə ünvanlanmış kollektiv məktubda deyilirdi ki, “biz Martuni rayonunda günahkar kimi yaşayırıq, burada bizə iş vermirlər, ancaq öz millətlərini təmin edirlər, səsimizi çıxaran kimi deyirlər siz Yerevanın əleyhinəsiniz, özləri müxtəlif bəhanələrlə dava salır, həm döyülən biz oluruq, həm də türməyə düşən də biz oluruq. Xahiş edirik bir çarə qılın, bizi ermənilərdən ayırın.” (Martuni rayonunda yaşayan azərbaycanlıların Vəli Axundova məktubu. 5 iyul 1967-ci il, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivi, fond 1, siyahı 54, iş 228, vərəq 34-36)
Stepanakert hadisələrindən sonra yalnız azərbaycanlılar deyil, vilayətin erməni əhalisinin nümayəndələri də respublika rəhbərliyinə anonim məktublar yazıb Yerevandan gələn pozucu dairələrin, terrorçuların vilayətin erməni əhalisini qorxu altında saxladıqlarını yazırdılar. Onlar açıqca bildirirdilər ki, “biz qorxudan adımızı yaza bilmirik. Bu hadisələri törədən, bu vəziyyəti yaradan vaxtilə Sovet Kommunist Partiyasına, Moskvaya Qarabağın Ermənistana verilməsi haqqında məktub yazan millətçilər Baqrat Ulubabyan (Azərbaycan Yazıçılar İttifaqı Dağlıq Qarabağ bölməsinin məsul katibi), Boqdan Canyan (“Sovetakan Karabax” vilayət qəzetinin əməkdaşı), Baqdasaryan (Stepanakert şəhər partiya komitəsinin üçüncü katibi) və digərləridir. Canyan və Baqdasaryan hadisələr baş verən vaxt bütün günü orada olublar. Onlar gəncləri bu qanunsuz işlərə vadar edirlər və bizim rəhbərlər bu quldur dəstəsindən qorxur, çünki hər yerdə onların adamları var. Biz ailəmizin, uşaqlarımızın taleyinə görə narahatlıq keçiririk. Nə qədər ki, bu adamlar bizim şəhərdədir, nə qədər ki, bu adamlar cəzasız qalacaq – burada dava-dalaş olacaq, qan töküləcək, sakitlik olmayacaq.” (Dağlıq Qarabağın 272 nəfər erməni sakininin Azərbaycan KP MK-ya məktubu, 26 iyul 1967-ci il, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivi, fond 1, siyahı 54, iş 228, vərəq 42-44)